Məhkəmə qərarları › İş №2(060)-5669/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5669/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5669/2022 04.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-4482 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 378.83 manat gecikdirilmiş əsas, 460.76 manat gecikdirilmiş mükafat, 272.56 manat dəbbə pulu olmaqla, ümumilikdə 1112.15 manat borcun və ödənilmiş 31.53 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4482 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME324306 ban, ağ rəngli avtomobil 17.000 manat məbləğinə İddiaçı MMCnin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X4 illik 24.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447.15 manat, ümumilikdə isə 24.864 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24.864 manatın 17.000 manatı əsas məbləğ təşkil edir. xx.xx.2022-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-4482 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2021-ci il tarixli, MAS-4482 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə 500 manat məbləğində olmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Bundan başqa iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli, MAS-4482 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, İddiaçı MMC ilə X4 arasında müqavilə bağlanmış və müqaviləyə əsasən lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin əsas məbləğini 17.000 manat təşkil edir. Lizinq alan, bu müqavilə imzalandığı gün 3.400 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 3.400 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətinə illik 24.5% həcmində mükafat məbləği hesablanır. - xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilədə nəzərdə tutulan əmlak X3 təhvil verilmişdir. - MAS-4482 saylı daxili lizinq müqaviləsinə 3 saylı əlavəyə əsasən, X4 İddiaçı MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixində 3.400 manat, xx.xx.2021-xx.xx.2025-ci il tarixləri aralığında isə hər ay 447.15 manat ödəməyi öhdəsinə götürmüşdür. - X4, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS- 4482 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli, MAS-4482 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilədə nəzərdə tutulan əmlak Cavabdeh təhvil verilmişdir. -Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-yə məxsus olan “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Cavabdeh kredit borcunu ödəyə bilmədiyi üçün təhvil-təslim aparılmış, avtomobil şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. -xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli, MAS-4482 saylı “Daxili lizinq” müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə borcu 378.83 manat gecikdirilmiş əsas, 460.76 manat gecikdirilmiş mükafat, 272.56 manat dəbbə pulu olmaqla, cəmi 1112.5 manat təşkil edir. -Xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. -Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı MMC-nin adına xx.xx.2021-ci ildə “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qeydiyyata alınmışdır. - Cavabdehə məxsus hesabından çıxarışdan görünür ki, son kredit ödənişi xx.xx.2022-ci il tarixdə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə X4 arasında lizinq müqaviləsi bağlanmışdır. Lizinq obyekti qismində 17.000 manat dəyərində olan “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil çıxış etmişdir. Həmin müqaviləyə əsasən lizinq verən qismində çıxış edən iddiaçı lizinq obyektini X2 müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüş, lizinq alan qismində çıxış edən cavabdeh isə bunun müqabilində 48 ay müddətinə illik 24.5% olmaqla lizinq ödənişlərini cədvələ əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-4482 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2021-ci il tarixli, MAS-4482 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, cavabdeh lizinq müqaviləsinin şərtlərini pozaraq ödənişləri gecikdirmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə lizinq ödənişi borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəmə qaydasında lizinq müqaviləsinin ləğvi, lizinq predmetinin geri alınması və yaranmış borcun ödənilməsinin tələb ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. Bu Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bu Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-3.2-ci maddəsinə əsasən daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir. Bu Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Bu Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-4482 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2021-ci il tarixli, MAS- 4482 saylı daxili lizinq müqaviləsi üzrə əsas borcun və mükafatın cavabdehdən tutulması hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. xx.xx.2021-ci il tarixli, MAS-4482 saylı daxili lizinq müqaviləsinin 7.2-ci bəndinə görə gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, cavabdehdən xx.xx.2021-ci il tarixli, MAS-4482 saylı daxili lizinq müqaviləsinə əsasən 40 manat məbləğində cərimənin tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Odur ki, iddia cərimə hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, tutulmalı məbləğ 1000 manatdan aşağı olduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-4482 saylı daxili lizinq müqaviləsinə əsasən 378.83 manat gecikdirilmiş əsas, 460.76 manat gecikdirilmiş mükafat, 40 manat dəbbə pulu olmaqla, ümumilikdə 879.59 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən 378.83 manat gecikdirilmiş əsas, 460.76 manat gecikdirilmiş mükafat, 40 manat dəbbə pulu olmaqla, ümumilikdə 879.59 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar