Məhkəmə qərarları › İş №2(060)-5670/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5670/2021

13.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5670/2021 13.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 13 avqust 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona məxsus Sumqayıt şəhəri, ünvan 1 ünvanında əsassız olaraq hesablanmış 769,69 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, ona məxsus Sumqayıt şəhəri, ünvan 1-i mənzil 89-da yaşayan X5 Balay oğlundan 2012-ci il tarixdə almışdır. X5 Balay oğlu 89 saylı otaqda yaşayaraq su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. Məhərrəmov Tahir Balay oğlundan 88 saylı mənzili aldıqdan sonra 22 saylı Mənzil kommunal Sahəsindən aldığı arayışı Sumqayıt Sukanal İdarəsinə təqdim etmişdir. O, 4 nəfər ailə üzvləri ilə birlikdə 86 saylı mənzildə yaşayır və su təchizatı və kanalizasiya xidmətlərinə görə sayğac olmadığından normativ qaydada aparılmış, hesabata uyğun olaraq ödəniş etmişdir. O həmin otaqda sudan istifadəyə görə yaranmış borcunu mübahisələndirmir. Həmin borcu az-az ödəyəcəkdir. Lakin sonradan ona məlum olmuşdur ki, ona məxsus olan 88 saylı mənzildə yaşayış olmasa da, həmin mənzilə də 3 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılmış və 02.06.2021-ci il tarixə 769,69 manat borc hesablanmışdır. Hesablanmış borcun silinməsi ilə bağlı Sumqayıt Sukanal İdarəsinə müraciət etdikdə ona məhkəməyə müraciət etməyi bildirilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın ona məxsus mənzilə bugünkü tarixədək su təchizatı və kanalizasiya xidmətlərinə görə əsassız hesablanmış borcu tələb etmək hüququ yoxdur. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı Cavabdeh ASC-yə qarşı 769,69 manat məbləğində borcun silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, iddiaçı iddia ərizəsində hesablanmış məbləğin əsassız olduğunu qeyd etmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi rədd edilməlidir. Belə ki, Sumqayıt şəhəri, ünvan 1-də iddiaçının və onun ailə üzvlərinin yaşamamasına dair Cavabdeh ASC-yə hər hansı bir rəsmi sənəd təqdim edilməmişdir. Belə olan halda iddiaçıya məxsus olan Sumqayıt şəhəri, Bakı küçəsi, 41-cı məhəllə,yataqxana 7A, mənzil 88-də 3 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılmış və 769,69 manat borc hesablanmışdır. Nümayəndə göstərilənlərə əsasən iddianın təmin ediməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1962-ci il tarixdə Şabran rayonu, Şabran kəndində doğulmuş və Sumqayıt şəhəri yataqxana 7A, Bakı küçəsi, məhəllə 41-də qeydiyyatdadır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 22 saylı Mənzil Kommunal Sahəsinin 02.06.2021-ci il tarixli, 1480 nömrəli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, mənzil 86 və 88-də yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 22 saylı Mənzil Kommunal Sahəsinin 02.06.2021-ci il tarixli, 1479 nömrəli arayışından görünür ki, Məhərrəmov Tahir Balay oğlu Sumqayıt şəhəri yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, mənzil 89-da yaşayır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 22 saylı Mənzil Kommunal Sahəsinin 02.06.2021-ci il tarixli, 1479 nömrəli arayışından görünür ki, Məhərrəmov Tahir Balay oğlu Sumqayıt şəhəri, yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, mənzil 89-da yaşayır. İşdə olan 02.06.2021-ci il tarixli abonentin kartından görünür ki, Sumqayıt şəhəri yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, mənzil 86-da İddiaçı 4 nəfər ailə tərkibinə görə sudan istifadəyə görə 713,81 manat borc hesablanmışdır. İşdə olan 02.06.2021-ci il tarixli abonentin kartından görünür ki, Sumqayıt şəhəri yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, mənzil 88-də Məhərrəmov Tahir Balay oğluna 3 nəfər ailə tərkibinə görə sudan istifadəyə görə 769,69 manat borc hesablanmışdır. İşdə olan 02.06.2021-ci il tarixli abonentin kartından görünür ki, Sumqayıt şəhəri yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, mənzil 89-da Məhərrəmov Tahir Balay oğluna 1 nəfər ailə tərkibinə görə 629,72 manat borc hesablanmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 22 saylı Mənzil Kommunal Sahəsinin 04.08.2021-ci il tarixli, 1928 nömrəli arayışından görünür ki, Sumqayıt şəhəri yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, mənzil 88 2011-ci ilin yanvar ayından İddiaçı adınadır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 22 saylı Mənzil Kommunal Sahəsinin 04.08.2021-ci il tarixli, 1927 nömrəli arayışından görünür ki, İddiaçı 19.11.1985-ci ildən Sumqayıt şəhəri yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, otaq 86-da yaşayır. Həmçinin onun ailə üzvləri – X4, X2, İddiaçı Elnur oğlu da həmin mənzildə- Sumqayıt şəhəri yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, otaq 86-da yaşayır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və onun ailə üzvləri 1985-ci ildən Sumqayıt şəhəri, yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, 86 saylı otaqda yaşayır. Həmin otaqda sudan istifadəyə görə ona 4 nəfər ailə tərkibi ilə hesablaşma aparılır. Hazırda iddiaçının həmin otaqda sudan istifadəyə görə cavabdeh şirkətə 713.81 manat borcu var. İddiaçı həmin borcu mübahisələndirmir və hissə-hissə cavabdeh ASC-yə ödəyir. İddiaçı Sumqayıt şəhəri, yataqxana 7A, Bakı küçəsi, məhəllə 41, 88 saylı otağa yazılmış borcu mübahisələndirir. Belə ki, o 2011-ci ildə 88 saylı otağı Məhərrəmov Tahir Balay oğlundan almışdır. Sözügedən otaq həmin vaxtdan iddiaçının istifadəsində olsa da, cavabdehin məlumatlarında Məhərrəmov Tahir Balay oğlunun adında qalmışdır və həmin otaqda 3 nəfər ailə tərkibi ilə hesablaşma aparılmışdır. Halbuki, Məhərrəmov Tahir Balay oğlu həmin binada 89 saylı otaqda yaşayır və 1 nəfər ailə tərkibinə görə cavabdehə ödənişlər edir. Beləliklə İddiaçı yaşadığı 86 saylı otaqda 4 nəfər ailə tərkibi ilə sudan istifadəyə görə borc hesablansa da, əlavə olaraq 88 saylı otaqda da 3 nəfər ailə tərkibinə görə (eyni şəxslərə görə) cavabdeh tərəfindən borc hesablanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, ünvan 1 ünvanına 3 nəfər ailə tərkibinə görə hesablanmış 769,69 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, ünvan 2 ünvanına hesablanmış 769,69 (yeddi yüz altmış doqquz manat altmış doqquz qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar