Məhkəmə qərarları › İş №2(060)-569/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-569/2023

03.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-569/2023 03.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 03 mart 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış sərfiyyat, onun əsasında tətbiq olunan 1036 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinə əlavə təqdim edərək sayğaca görə hesablanmış 185.73 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, 2-ci məhəllədə yerləşən 322 saylı evdə yaşayır. Cavabdeh təşkilat tərəfindən yaşadıqları evə quraşdırılmış qaz sayğacına kənardan müdaxilənin olması səbəbindən bu barədə ******* nömrəli xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və həmin akta əsasən 8640 kub metr sərfiyyat hesablanmaqla ona 1036 (bir min otuz altı) manat borc hesablanmışdır. Halbuki onun tərəfdən sayğaca hər hansı müdaxilə olunmamışdır, sayğac əsasında hesablanmış borcu vaxtı-vaxtında ödəmiş və onun yaşadığı evdə quraşdırılmış qaz xəttinə sayğacdan kənar müdaxilə olmamışdır. Sayğac yaşadığı evin çöl hissəsində yerləşir və əgər həmin sayğaca hər hansı bir müdaxilə olmuşsa belə, buna görə o, cavabdehlik daşımamalıdır. Belə ki, həmin ərazidən hər gün yüzlərlə insan keçir, kiminsə təqsiri üzündən və ya üzərinə düşən hər hansı bir cisimdən də bu halın baş verməsi qaçılmazdır, hər gün həmin sayğacın yanında dayanıb onu qorumaq onun vəzifəsi deyildir, əgər sayğac evinin həyətində olsaydı, onda o bu cavabdehliyə cəlb edilə bilərdi. Ona görə də cavabdehin bu müdaxilənin onun tərəfdən edilməsi barədə gəldiyi qənaət tam əsassızdır. Belə hesab edir ki, cavabdehin bu hərəkətləri tam qanunsuzdur, ona görə də cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt əsasında əsassız hesablanmış sərfiyyat, onun əsasında tətbiq olunan 1036 manat cərimə silinməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, 2-ci məhəllədə yerləşən 322 saylı fərdi evdə İddiaçı adına açılmış G-4 markalı, 1002AQ**********1 nömrəli sayğac Zenner tipli, G-4 markalı, **********541 nömrəli sayğacla əvəzlənmişdir. İş materiallarında olan «Azəriqaz» İB-in “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında məktubuna əsasən, Sumqayıt şəhəri,Yaşıl Dərə yaşayış massivi,2-ci məhəllədə yerləşən 322 saylı evdən çıxarılmış G-4 markalı, 1002AQ**********1 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və metrologiya Departamentinin verdiyi rəyə əsasən həmin ünvandan çıxarılmış sayğacın qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması, hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rənginin qoruyucu örtüyün rəngindən fərqli olması və xx.xx.2012-ci il tarixində Alarm-1 rejimi aşkar olduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri olan 185.73 manatın ödənilməsi abonentdən tələb edilmişdir. İşdə olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Yaşıl Dərə yaşayış massivi, 2-ci məhəllədə yerləşən 322 saylı evdəqaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 8640 m3 (bir kub 12 qəpikdən hesablanmaqla 1036,8 manat) müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, 2-ci məhəllədə yerləşən 322 saylı evdə İddiaçı adına açılmış G-4 markalı, 1002AQ**********1 nömrəli qaz sayğacının sayğacın qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması, hesablama mexanizminin qouyucu örtüyünün üzərinə vurulan plombların rənginin qouyucu örtüyünün rəngindən fərqli olması və xx.xx.2012-ci il tarixində Alarm-1 rejimi aşkar olunduğu qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MSK-29/1710-03044-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla “Azəriqaz” İB-nin SOCAR**********30991710x03044 saylı, xx.xx.2022-ci il tarixli telefonoqramına əsasən xx.xx.2022-ci il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, 2-ci məhəllədə yerləşən 322 saylı evin qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Cavabdeh «Azəriqaz» İB-nin əməkdaşları iddiaçıya məxsus qeyd edilən evə gələrək, sözügedən mənzilə quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, həmin ünvandan çıxarılan sayğacı dövlət yoxlamasına göndərmiş, sayğacda aşkar edilmiş nasazlıqla bağlı iddiaçıya borc hesablamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB Sumqayıt Qaz İstismar Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, 2-ci məhəllədə yerləşən 322 saylı evdə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından ona əsassız olaraq hesablanmış 1036 manat məbləğində cərimə borcu və sayğacın dəyərinə görə tələb edilən 185,73 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, 2-ci məhəllədə yerləşən 322 saylı evə (abonent kodu: **********13220) hesablanmış 1036 (bir min otuz altı) manat məbləğində borc və sayğacın dəyərinə görə tələb edilən 185,73 (bir yüz səksən beş manat yetmiş üç qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar