Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5699/2023 24.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, cavabehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 027524 saylı akta əsasən hesablanmış 1006,69 manat borcun **********01581 saylı abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, Qurd dərəsi massivində yerləşən fərdi yaşayış evimdə yaşayır. Həmin evdə elektrik enerjisindən yalnız işıqlandırma məqsədi ilə istifadə edir. Tərəfindən sərf edilmiş elektrik enerjisinin dəyərini vaxtlı- vaxtında ödəyir. Həmin ünvan xx.xx.2015-ci il tarixdə enerji təchizatçı müəssisəsi tərəfindən qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə cavadeh təşkilatın işçiləri tərəfindən yuxarda qeyd olunan iddiaçıya məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirirkən elektrik hesabat sayğacından kənar xətdən isdifadə olması deyilərək ona 027524 saylı akt tərtib edilərək həmin akta əsasən 1006,69 manat əlavə sərfiyyat hesablanmışdır. Həmin ərazidə həmin sayğaca cavabdeh təşkilatın nümayəndələri hər ay sayğaca baxış keçirərək iddiaçıya bildiriş təqdim edirlər və sayğacın qorunmasına iddiaçı hər hansı cavabdehlik daşmır. Sayğac çöl divarda yerləşir, sayğaca enerji təchizatçı nəzarət edir və cavadehlik daşıyır. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək öz etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum oldu ki, sayğac sxemindən kənar kənar xətdən istifadə olunur. Belə ki, sayğaca giriş xəttin faza və "0” xətlərinin izolyasiyasını zədələyərək 2x 2,25 mm-lik mis naqil vasitəsi ilə kənar xətt qoşulmuşdur. Axan yük tərəflərindən ölçüldü Psay=0 kvt(sıfır) Pkən=2,7 kvt (iki tam onda yeddi) olması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları”nm (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, AKT R№ 027524 saylı akt əsasında 1151,90 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazla oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, mənzildə sayğacdankənar xətt aşkar edilərkən fota və ya videoçəkiliş aparılmamışdır. Aktın tarixi köhnə olduğundan aktın tərtibində iştirak etmiş əməkdaşların məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1966-cı ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının mənzilinə quraşdılrılmış elektrik sayğacının yoxlanılmasının nəticəsində cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda göstərilmişdir ki, mənzilə quraşdırılan elektrik sayğacına baxış zamanı məlum oldu ki, sayğac sxemindən kənar xətdən istifadə olunur. Belə ki, sayğaca giriş xəttin faza və "0” xətlərinin izolyasiyasını zədələyərək 2x 2,25 mm-lik mis naqil vasitəsi ilə kənar xətt qoşulmuşdur. İddiaçıya məxsus mənzilin abunə məlumatında göstərilmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixində elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə bağlı 1006,69 manat borc hesablanmışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir (7.9.). İstismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır (7.10.). Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır (7.11.). İddiaçı onun mənzilinə elektrik akt əsasında hesablanmış 1006,69 manat borcun silinməsini xahiş edir. Cavabdeh isə həmin əsaslı olması ilə bağlı yetərli sübutlar təqdim edə bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına saxlanmış həmin borc əsassızdır. Ona görə də iddia təmin edilməli və iddiaçıya hesablanmış borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus evə xx.xx.2022-ci il tarixli, 027524 saylı akta əsasən hesablanmış 1006 (min altı) manat 69 (altmış doqquz) qəpik məbləğində borc **********01581 saylı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-5699/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5699/2023
24.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver