Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-57/2024 23.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı qeyri-qanuni tikintinin sökülməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsindən keçən "xxxx" ASC, "xxxx" MMC-nin balansında olan 110 kv-lıq 5-ci Sənaye Qovşağı HX-nin Ceyranbatan budağının 17-18 saylı dayaqlararası aşırımının tam altında Cavabdeh tərəfindən aparılan qeyri-qanuni tikintinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən heç bir qanuni sənəd olmadan özbaşına "xxxx" MMC-nin balansında olan 110 kv-lıq 5-ci Sənaye Qovşağı HXnin Ceyranbatan budağının 17-18 saylı dayaqlararası aşırımının tam altında qeyri-qanuni tikili (tövlə) tikmək məqsədilə tikinti işləri aparılmışdır. Sumqayıt şəhəri və şəhər təsərrüfatına daxil olan ətraf ərazilərdən keçən bir çox yüksək gərginlikli elektrik veriliş xətlərinin etibarlığını azaldan və təhlükəsizlik istismarını pozan hallar baş vermiş və verməkdədir. Bunlara xəttin mühafizə zolağının pozulması, onların altında yaşayış binalarının tikilməsi halları aiddir. Bütün bunlar xətlərin istismarını və təmirini çətinləşdirir. Xətlərdə naqillərin qırılması, dayaqların hər hansı bir səbəbdən yıxılması zamanı bədbəxt hadisələrə, insan tələfatına səbəb ola bilər. xx.xx.2022-ci il tarixində iddiaçı tərəfdən həmin əraziyə baxış keçirərkən tikinti işlərinin dayandırılması barədə şifahi xəbərdalıq edilməklə bərabər, yazılı xəbərdarlıq və akt tərtib edilmişdir. lakin buna baxmayaraq vətəndaş tikinti işlərini davam etdirmişdir. Cavabdehə Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən qeyriqanuni tikintinin dayandırılması barədə xəbərdarlıq edilmiş, həmçinin AR FHN-nin Tikintidə X2 agentliyinə, Sumqayıt şəhər Polis İdarəsinə müraciət etdikləri bildirilmişdir. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək ixtiyarı yoxdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi Nümayəndə2 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Sözügedən ərazidə çoxlu sayda özbaşına tikililər var. O, artıq həmin ərazidə tikintini başa çatdırmışdır. Tikinti işləri başlanan zaman ona sözügedən tikilinin inşası zamanı heç kim həmin ərazidən elektrik xəttinin keçməsi barədə məlumat verməmişdir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, tövləni 2022-2023-cü illərdə tikmiş və tikili yüksək gərginlikli elektrik xəttlərinin altında yerləşir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İş üzrə xx.xx.2023-cü il tarixli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 50 manat təşkil etdiyi göstərilmişdir. - xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh qanunsuz tikinti işləri aparması ilə əlaqədar AR FHN Tikintidə X2 Agentliyinə 16/01-20/698 №-li, Sumqayıt şəhər İcra Hakimiyyətinə 16/01-20/699 №-li, Sumqayıt şəhər Bələdiyyəsinə 16/01-20/701 №-li, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə 16/01-20/702 №-li, Sumqayıt Polis İdarəsinə 16/01-20/700 №-li yazılı müraciətlər edilmişdir. - Bildiriş məktubunun surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-nin balansında olan 110 kV-lıq 5-ci Sənaye Qovşağı ŞX-nin Ceyranbatan budağının 17-18 saylı dayaqlararası aşırımın tam altında inşa etdiyi tikilinin yüksək gərginlikli elektrik veriliş xəttinin mühafizə zonasına düşdüyü üçün xəbərdarlıq edilərək, bu barədə "xxxx" ASC-nin "xxxx" MMC-nin işçiləri tərəfindən akt tərtib edilmişdir. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin "xxxx" ASC "xxxx" MMC-nə ünvanlanan müraciətə xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları»nın 4-cü bəndinə əsasən ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etmək, habelə tikinti məqsədləri üçün ayrılmamış torpaq sahələrində özbaşına tikinti işlərinin aparılmasının, torpaq sahələrinin qanunsuz zəbt olunmasının qarşısını almaq məqsədilə müraciətdə qeyd olunmuş ərazidə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsindən keçən və "xxxx" MMC-nin balansında olan 110 kV-lıq 5-ci Sənaye Qovşağı ŞX-nin Ceyranbatan budağının 17-18 saylı dayaqlararası aşırımın tam altında, xəttin mühafizə zonasında Cavabdeh apardığı qeyri-qanuni tikinti işləri barədə öz səlahiyyətləri çərçivəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə və Sumqayıt şəhər Polis İdarəsinə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən 279 və 280 nömrəli, 07 iyul 2022-ci il tarixli məktubla yazılı müraciət olunmuşdur. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Memarlıq və Şəhərsalma idarəsinin əməkdaşları tərəfindən mütəmadi həyata keçirilən tədbirlər zamanı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, “BTZ” bağları adlanan ərazidə cavabdeh tərəfindən heç bir icazəverici sənədlər olmadan, yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında fərdi yaşayış evinin tikintisinin aparılmasının dayandırılması barədə cavabdehə xəbərdarlıq olunması qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında özbaşına olaraq yarımtikili inşa etmişdir, bu iddiaçının qanunla qorunan hüquqlarını məhdudlaşdırmaqla yanaşı, cavabdehin bilavasitə özünü, ailə üzvlərini potensial təhlükə altına qoyur və iddiaçı bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, "xxxx" MMC-nin balansında olan 110 kv-lıq 5-ci X3 Xəttinin təqdim olunmuş tövlə tikilisinin üzərindən keçdiyini nəzərə alaraq həmin tikilinin bütövlükdə yüksək gərginlikli elektrik xəttinin 20 metrlik mühafizə zolağına düşdüyün müəyyən olunur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bu Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bu Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 2-ci maddəsinin pozuntusunu təşkil edir; həmin maddənin müvafiq hissəsində deyilir: «Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa həyatdan məhrum edilə bilməz…». Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nda göstərilmişdir ki, 110 kv.-luq elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində 20 metr məsafədə müəyyən edilir (bənd 5 a). Beləliklə, məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sökülməsini tələb etdiyi tikili cavabdeh tərəfindən inşa edilmiş və özbaşına tikili olmaqla cavabdeh həmin tikili ilə bağlı heç bir hüquqmüəyyənedici sənədə malik deyildir. İş üzrə ekspert rəyi ilə müəyyən edilir ki, həmin tikili iddiaçının balansında olan 110 kv.-luq elektrik xəttinin mühafizə zonasında yerləşir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdeh tərəfindən iddiaçının balansında olan 110 kv.-luq elektrik xəttinin mühafizə zonasında inşa edilmiş tikili sökülməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 50 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsindən keçən "xxxx" ASC "xxxx" MMC-nin balansında olan 110 kv-lıq 5-ci Sənaye Qovşağı HX-nin Ceyranbatan budağının 17-18 saylı dayaqlararası aşırımının tam altında (xəttin mühafizə zonasında) Cavabdeh tərəfindən inşa edilmiş tikili (tövlə) sökülsün. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq Cavabdeh 50 manat tutularaq X1 müxbir hesabına köçürülsün.(Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi halda, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-57/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-57/2024
23.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver