Məhkəmə qərarları › İş №2(060)-571/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-571/2021

05.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-571/2021 05.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız olaraq hesablanmış 1146 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Cavabdeh ilə “Qaz paylayıcısı ilə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmışdır. Bundan sonra ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ 669b ünvanına qaz sayğacı quraşdırılmışdır. Qeyd edir ki, həmin ünvanda yerləşən bağ evində o, ümumiyyətlə yaşamır. Ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən ona 1146 manat məbləğdə borc hesablanmışdır. Halbuki həmin qaz onun tərəfindən istifadə edilməmişdir. Lakin cavabdeh təşkilat qaz sərfiyyatından istifadənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə dəymiş ziyana görə cərimə hesablamışdır. Hazırda cavabdeh orqana olan borcunun məbləği 1146 manat göstərilmişdir. Qeyd edir ki, bundan öncə dekabr ayında cavabdeh təşkilat tərəfindən ona əsassız olaraq borc hesablanmışdır. Sabunçu rayon Məhkəməsinin qətnaməsi ilə cavabdeh tərəfindən ona əsassız hesablanmış borc məbləğinin silinməsi qət edilmişdir. Sonradan cavabdeh təşkilat tərəfindən 2020-ci ilin aprel ayında ona bildirilmişdir ki, yenidən yanvar-aprel ayı üçün yenidən borc hesablanmışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ 669b ünvanına onların əməkdaşları tərəfindən baxış keçirilmiş və ev sahibi tərəfindən təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Əməkdaşları tərəfindən yerində aktlar tərtib edilmiş və həmin aktlarda sayğacda qeyd olunan nöqsan, “abonent sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etmişdir” qeyd edilmişdir. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilməlidir. Lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər”. Məhkəmənin nəzərinə çatdırır ki, əvvəllər də, iddiaçıya hesablanmış borc Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli qətnaməsi əsasında silinsə də, iddiaçı yenidən qaz şəbəkəsinə qanunsuz qoşulmuşdur. Qeyd edilənlərə əsasən iddianın əsassız hesab edərək, rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ******* saylı, 30.12.2019-cu il tarixli, ******* saylı, 29.11.2019-cu il tarixli, ******* saylı, 30.01.2020-ci il tarixli, ******* saylı,28.02.2020-ci il tarixli və ******* saylı, 30.03.2020-ci il tarixli aktların surətlərindən görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir. İşin araşdırılan hallarından müəyən edilmişdir ki, İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ 669b ünvanında qaz sayğacından kənar xətdən istifadə etmiş və nəticədə, Cavabdehnə qanunsuz qoşulma nəticəsində ziyan dəymişdir. İddiaçı iddia tələbində borcun əsassız olaraq hesablandığını bildirərək, həmin borcun silinməsini xahiş etmişdir. Halbuki, işdən görünür ki, həmin borc qanunsuz qoşulma nəticəsində müvafiq aktlar əsasında hesablanmışdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq olunmuş “X2”nın 6.5-ci bəndində göstərilmişdir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Beləliklə yüxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə» dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə» dair iddiası rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar