Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-571/2023 19.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (övladı xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh İlkin oğlu ilə birlikdə) 7500 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməklə ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh (övladı xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh İlkin oğlu ilə birlikdə) 10800 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməklə ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 17 saylı evin 66 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun oğlu, X2 oğlu isə onun nəvəsidir. Hazırda cavabdeh həmin mənzildə yaşayır. Onların birgə yaşamaqları qeyri-mümkün olduğuna görə cavabdehə uşağı ilə birlikdə kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlə bigə yaşamaq mümkün deyildir. Son 3 aydır ki, münasibətləri xüsusi ilə kəskinləşdiyindən öz evini tərk etməyə məcbur olmuşdur. 3 aydır ki, kirayədə yaşayır və 170 manat kirayə haqqı ödəyir. O, xəstədir, oğlu ona qulluq etmir, son bir ildə yaşadıqları mənzildə ona hörmət qoyulmur. Oğlu və onun ailə üzvləri onu saymır. İddiaçı qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddianı qəbul etmir. İddiaçının məqsədi evi digər övladlarına verməkdir. Bu səbəbdən o belə bir iddia qaldırmışdır. Heç bir övlad anasını evdən qovmaz, iddiaçıya kənar müdaxilələr və təsirlər olur, ona görə də o, evdən çıxmışdır. Hazırda anasının ona təklif etdiyi kompensasiya məbləği ilə -10800 manat ilə razı deyil. O, bacısı üçün cehiz, özünə məxsus maşını satıb qardaşına isə maşın almışdır. İndi isə anası və qardaş, bacısı evi onun əlindən almaq istəyirlər. O yalnız 35000 manat kompensasiya verildiyi təqdirdə evdən çıxa bilər. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh və X2 oğlu ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan MH seriyalı ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 84 nömrəli reyestr kitabının 140 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/23-155 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, 66 saylı mənzilin xx.xx.2023-cü il tarixə olan bazar dəyəri 72000 manat, likvid dəyəri 61000 manat, aylıq kirayə haqqı isə 300 manat təşkil edir. Qohumluq məlumatları barədə elektron sistemdən edilmiş çıxarışa əsasən xx.xx.2014cü il təvəllüdlü X2 oğlu Cavabdeh övladıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyana və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, yaşayış sahəsindən istifadəyə xitam verilməsi məsələsi məhz yaşayış sahəsindən istifadə qaydasına aid olunan məsələlərdən biridir… Eyni zamanda, ailə üzvləri yaşadığı halda, onlardan birində mənzilə mülkiyyət hüququ, digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır… Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Beləliklə, yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/23-155 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mübahisəli mənzilin kirayə haqqı 300 manat təşkil edir. Göründüyü kimi, iddiaçı tərəfindən təklif edilən 10800 manat məbləğində kompensasiyanın hesabına, cavabdeh hər ay orta hesabla 300 manat məbləğində kirayə haqqı ödəyərsə, davamlı surətdə, təxminən 3 il (10800 manat:300 manat:12 ay) müddətində başqa yerdə mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı əldə edə bilər. Beləliklə mənzildən istifadə hüququna xitam verilməsi əvəzində ödənilməli olan kompensasiyanın istifadə hüququna xitam verilmiş şəxsin ayrıca mənzillə təmin olunması məqsədi daşımadığını nəzərə alan məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün təklif edilən 10800 (on min səkkiz yüz) manat məbləğində kompensasiya ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, 66 saylı mənzilə olan istifadə hüququna ona 10800 (on min səkkiz yüz) manat məbləğində kompensasiya verilməklə xitam verilməli və o, həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh övladı xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh İlkin oğluna münasibətdə də təmin edilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh (övladı xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh İlkin oğlu ilə birlikdə) Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, 66 saylı mənzilə olan istifadə hüququna İddiaçı tərəfindən ona 10800 (on min səkkiz yüz) manat məbləğində kompensasiya verilməklə xitam verilsin və o, həmin mənzildən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-571/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-571/2023
19.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver