Məhkəmə qərarları › İş №2(060)-5710/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5710/2023

03.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5710/2023 03.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Muradov Nahid Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 4, mənzil 7-yə BARMEK-in dövründə əsassız hesablanmış 1325 manat işıq borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2023-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Bu ünvana dair elektrik enerjisindən istifadəyə görə aylıq ödənişləri də yaşadığı müddətdən ödəyir. O, qaz, su ilə bağlı müqavilələri müvafiq idarələrlə bağlamışdır. "xxxx" ASC ilə də müvafiq abonent müqaviləsini bağlamaq istəsə də BARMEK dövründə mübahisəli mənzilə cavabdeh təşkilat tərəfindən əsassız borc hesablandığına görə müqavilə bağlanılması mümkün olmamışdır. O, cavabdeh tərəfindən hesablanmış borcla razılaşmır və tələb olunan məbləği əsassız hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək iddianı qəbul etmədiyini bildirdi. O, eyni zamanda qeyd etdi ki, abonentin "xxxx" ASC dövründə yaranmış 1325 manat borcu vardır. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, keçmişə doğru M-K sərfiyyatına görə hesablanmış 1325 manat borc mövcuddur və abonent kodu digər şəxsin adınadır. - xx.xx.2023-cü il tarixli dəyişmə müqaviləsinin surətindən görünür ki, X3 ona məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 4, mənzil 7 ünvanında yerləşən mənzili İddiaçı, sonuncu isə ünvan 2 ünvanında yerləşən mənzili X2 verərək dəyişmişlər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının yaşadığı Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 4, mənzil 7-yə 1325 manat dondurulmuş borc mövcuddur. Həmin məbləğ "xxxx" ASC dövründə yaranmış keçmişə doğru M-K sərfiyyatına görə hesablanmış borcdur. Abonent kodu digər şəxsin adınadır. İddiaçı mənzili xx.xx.2023-cü ildə əldə etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı mənzili xx.xx.2023-cü ildə əldə etdiyindən və həmin tarixdən sonra orada yaşadığından bu dövrədək elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun ondan tələb edilməsi əsassızdır. Belə ki, iddiaçı cavabdeh qarşısında istifadə etmədiyi elektrik enerjisinin dəyərini ödəmək öhdəliyini daşımır.Odur ki, iddia əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 4 saylı evin 7 saylı mənzili üzrə qeydiyyata alınmış **********00202 saylı abonent koduna hesablanmış 1325 manat borc silinməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 4 saylı evin 7 saylı mənzili üzrə qeydiyyata alınmış **********00202 saylı abonent koduna hesablanmış 1325 manat borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar