Məhkəmə qərarları › İş №2(060)-572/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-572/2022

25.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-572/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı məhkəməyə müraciət edərək, hesablanmış 1495.06 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 30/4a, mənzil 47-yə 1495.06 manat borc hesablanmışdır. Sözügedən mənzil 01.10.2000-ci il tarixdə abonent qeydiyyatına alınmış və cavabdeh tərəfindən mənzilə 2008-ci il tarixində elektrik hesabat sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən qanunsuz olaraq ondan əsası olmayan və 2000-2008-ci illərdə yaranmış borclar tələb olunur. İddiaçı cavabdeh tərəfindən tələb olunan məbləği əsassız hesab edir. Cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə etiraz daxil olmuşdur. Etirazda bildirilmişdir ki, iddiaçının mənzili 01.10.2000-ci il tarixdə abonent qeydiyyatın alınmışdır. 20.05.2008-ci il tarixdə abonentin mənzilinə elektrik hesabat sayğacı quraşdırılmışdır. İddiaçının mənzilində 20.05.2008-ci il tarixindən 07.12.2021-ci il tarixədək 2154.25 manat X1 olunmuşdur. Lakin abonent bu dövdə 612 manat və məcburi köçkün borcu kimi 142 manat məbləğində ödəniş etmiş və hal-hazırda iddiaçının 1400.25 manat borcu qalmışdır. İddiaçı isə ona məxsus mənzilə 1495.06 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona X1yə görə hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Abunə haqqında çıxarışdan da görünür ki, iddiaçı 20.05.2008-ci il tarixindən 07.12.2021-ci il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Abonent istifadə etdiyi enerjinin borclarını vaxtlı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Ona görə də iddianın rədd edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövət Reyestr Xidməti Sumqayıt Ərazi İdarəsinin daşınmaz əmlakın texniki pasportundan və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 30/4a saylı evin 47 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdur. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-Kommunal Səhəsinin 116 nömrəli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 30/4a saylı evin 47 saylı mənzilində 2007-ci ildən məcburi köçkün kimi məskunlaşmışdır. - Abunə haqqında çıxarışdan görünür ki, iddiaçının 1495.06 manat borcu vardır və həmin borc 2015-ci ilədək olan dövrü əhatə edir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 30/4a saylı evin 47 saylı mənzilinə aid abonent koduna 2015-ci ilədək 1495.06 manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Həmin qaydaların 8.4-cü bəndinə əsasən enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşmia dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq (orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablama məişət abonenti istisna olmaqla hesablanır) əsassız, orta sərfiyyatla qeyrimüəyyən hesablanmış 1495.06 manat borc silinməlidır. İddiaçının mənzilinə işlədicilərin gücünə görə orta sərfiyyat əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd, əsassız olaraq 1495.06 manat borc hesablanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun iddiaçıdan tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını müəyyən etdiyi hallara tətbiq edərək bildirir ki, istehlakçı tərəfindən istifadə edilən elektrik enerjisinin dəyərinin ödənilməsi vaxtaşırı edilən ödənişlər növünə aiddir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının 2015-ci il tarixdən əvvələ yaranmış X1yə görə edilməli olan ödənişlərin tələb etmə müddəti cavabdehin hərəkətsizliyi səbəbindən ötürülmüşdür. Odur ki, həmin hissədə iddiaçının öhdəliyinə xitam verilməlidir. «X1 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, "xxxx" ASC tərəfindən X1yə görə itirilmiş elektrik enerjisi bərpası üçün hesablanmış 1495.06 manat borcun ödənilməsinə iddiaçı məsuliyyət daşımır. Odur ki, iddia əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrəiddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 1495.06 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 34.95 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 30/4a saylı evin 47 saylı mənzil üzrə qeydiyyata alınmış **********01180 saylı abonent koduna hesablanmış 1495.06 manat borc silinməli və iddianın verilməsinə görə 34.95 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 30/4a saylı evin 47 saylı mənzil üzrə qeydiyyata alınmış **********01180 saylı abonent koduna hesablanmış 1495.06 manat borc silinsin. İddianın verilməsinə görə 34.95 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar