Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5721/2023 19.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, Corat qəsəbəsi, 33 saylı evdə istifadədə olan qaza görə quraşdırılmış qaz sayğacına tərtib edilmiş ******* №-li, xx.xx.2023-cü il tarixli akt əsasında qanunsuz hesablanmış 3059,48 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 33 saylı ev ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışına əsasən iddiaçının mülkiyyətində və istifadəsindədir. Həmin evə dair qaz sayğacının **********00330 nömrəli abonenet kodu iddiaçının adına qeydiyyata alınmışdır. Heç vaxt kommunal ödənişlərində bağlı heç bir problem yaranmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh İB -nin əməkdaşları yaşadığı evə gələrək ******* № li, xx.xx.2023-cü il tarixli akt tərtib etmişlər. Həmin seriyalı aktda cavabdeh təşkilatın əməkdaşları tərəfindən çıxarılmış G-4 markalı, 1805AZ**********99 nömrəli sayğaca baxış keçirilərkən hesablama mexanizminin bir ədəd dişli çarxının dişlərinin kəsildiyi, əsas bağlayıcı klapanı əlaqələndirən lentin aralı vəziyyətdə olması, həmçinin sayğac istismar müddətində ALARM-1 rejiminin aşkar olunmaması və sayğacın istismara yararsız olması qeyd edilmişdir. Bunun nəticəsi olaraq ki, həmin akt əsasında 3059, 48 manat borc yaranmışdır. Qeyd edir ki, yararsız olan sayğac ailə üzvlərinin iştirakı ilə digər ilə əvəzlənmişdir. Sayğac çıxarılarkən üzərində olan plomb cavabden təşkilatın əməkdaşları tərəfindən açılmışdır. Həmin plomb açılarkən onun qırılması kimi hal müşahidə olunmamışdır. Belə ki, qaz sayğacları qaz xətləri üzərində quraşdırılmışdır kipliyə yoxlanıldıqdan sonra xüsusi nömrəli plombla plomblanır. Plombun toxunulmazlığı barədə abonentin cavabdehliyi göstərilməklə müvafiq sənədlə rəsmiləşdirilir. Plomb onun şəbəkədən ayrılmasının və təbii qazdan qeyri-qanuni istifadə edilməsinin qarşısını alır. Plombun sayğacın üzərində olan mövcudluğu quraşdırılmış toxunulmazlığı deməkdir, o cümlədən sayğacın üzərinə vurulmuz zavod plombuna müdaxilə olunarsa, qaz sayğacı dərhal şəbəkədən çıxarılaraq aktlaşdırılır və dövlət yoxlamasına göndərilir. Göründüyü kimi sayğaca, həmçinin plomba iddiaçı tərəfindən heç bir müdaxilə olunmamışdır. Heç vaxt da aylıq ödənişlərimdə gecikmə etməmiş, ödənişləri vaxtı-vaxtında etmişdir. Bu səbəbdən də yaranmış həmin borcu qanunsuz və əsassız hesab edir. Belə ki, akt tərtib olunarkən belə iddiaçı aktda qeyd olunanlarla razılaşmayaraq akta imza etməkdən imtina etmişdir. Bundan başqa məhkəmə nəzərə almalıdır ki, sayğaca nəzarət cavabdeh təşkilatın əməkdaşlarının nəzarətində olan işdir. Bu müddət ərzində nəzarətçinin sayağaca nəzarət etməməsi və işinə səhlənkar yanaşması iddiaçının hüquqlarını pozur. Bu borc reallığı əks etdirmir. Nazirlər Kabinetinin “Qazdan istifadə qaydaları” haqqında 12 may 2011-ci il tarixli 80 saylı qərarının 6.5-ci bəndinə əsasən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsi qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb olunmalıdır. Lakin qanunsuz hal aşkarlanmamışdır. Hesab edir ki, Cavabdeh İB tərəfindən hesablanmış 3059,48 manat borc Nazirlər Kabinetinin “Qazdan istifadə qaydaları” haqqında 12 may 2011-ci il tarixli 80 saylı qərarının tələblərinə zidd olaraq hesablanmışdır. Yaranmış həmin borcu qanunsuz və əsassız hesab edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləşmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 25 iyun 2023-cü il tarixində AKT № MSK-14-2-2/3-5-6773/Q001/ saylı aktına əsasən 1805AZ**********99 nömrəli sayğaca baxış keçirilərkən hesablama mexanizminin bir ədəd dişli çarxının dişlərinin kəsildiyi, əsas bağlayıcı klapanı əlaqələndirən lentin aralı vəziyyətdə olması, həmçinin sayğac istismar müddətində ALARM-1 rejiminin aşkar olunmaması və sayğacın istismara yararsız olması qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına barədə tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın həcmi 25920 m3 müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sayğaca baxış keçirilərkən hesablama mexanizminin bir ədəd dişli çarxının dişlərinin kəsildiyi, əsas bağlayıcı klapanı əlaqələndirən lentin aralı vəziyyətdə olması, həmçinin sayğac istismar müddətində ALARM-1 rejiminin aşkar olunmaması və sayğacın istismara yararsız kimi qiymətləndirilmişdir. Bu əsasla ******* saylı xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akt əsasında 3110,4 manat cərimə hesablanmışdır. Akt əsasında hesablanmış cərimənin 3110,4 manat olmasına baxmayaraq iddiaçı 3059,48 manat borcun silinməsini tələb edir. Ona görə də cərimə kimi hesablanmış 3059,48 manat borc silinməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıya aid edilmiş vəzifədir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X2 Reyestrinə daxil edilməsidir. X1 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X2 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli 11 saylı qərarı X2 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı iddiaçı üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Ona görə də məhkəmə, sayğaca baxış keçirilərkən hesablama mexanizminin bir ədəd dişli çarxının dişlərinin kəsildiyi, əsas bağlayıcı klapanı əlaqələndirən lentin aralı vəziyyətdə olması, həmçinin sayğac istismar müddətində ALARM-1 rejiminin aşkar olunmamasına görə hesablanmış vəsaitin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan hyuxarı iddia qiymətinin 1 %-i həcmində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 3059,48 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 50,6 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00330) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akt əsasında hesablanmış 3059,48 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00330) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akt əsasında hesablanmış 3059,48 manat borc silinsin. İddianın verilməsinə görə 50,6 manat dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5721/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5721/2023
19.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver