Məhkəmə qərarları › İş №2(060)-5725/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5725/2023

13.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5725/2023 13.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, məhəllə 41A, ev 2A, mənzil 32-yə hesablanmış 584,17 manat köhnə borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 iyun 2023-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə ünvan 1 ünvanda həyat yoldaşı övladları ilə birlikdə yaşayır. Qeyd etdiyi ünvana dair elektrik enerjisindən istifadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri də yaşadığı müddətdən ödəyir. İddiaçı qaz, su ilə bağlı müqavilələri müvafiq idarələrlə bağlamışdır. Cavabdeh ilə də müvafiq abonent müqaviləsini bağlamaq istəsə də, “BARMEK” dövründə mübahisəli mənzilə cavabdeh tərəfindən əsassız borc hesablandığına görə onunla müqavilə bağlanılması mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, silinməsi xahiş edilən borc məbləği cavabdeh tərəfindən tələb olunmur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, 565 manat məbləğində borc dondurulmuş borcdur. Həmin borc iddiaçıdan tələb olunmur. Qalan borc isə "xxxx" ASC-nin yaradılmasından sonrakı dövrə aid olan sayğac borcudur. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1980-ci ildə, Qazax rayonu, 1-Şıxlı kəndində anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, məhəllə 41A, ev 2A, mənzil 32 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. **********00252 saylı abunə hesabından görünür ki, iddiaçının sayğac oxunması əsasında 2054,28 manat, aktlar əsasında 238,32 manat borcu vardır. İddiaçı ümumilikdə 2292,35 manat ödəniş etmişdir. Bağlanan aktlar bölməsində iddiaçının köhnə (İnteqrasiya dövrü) borc kimi 584,17 manat borcu olduğu göstərilmişdir. Həmin borcdan 565 manatı "xxxx" ASC yaranmazdan əvvəlki dövrə, qalan hissəsi isə "xxxx" ASC-nin dövrünə aid borcdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). İddiaçı onun mənzilinə hesablanmış 584,17 manat əsassız borcun silinməsini xahiş edir. Lakin, həmin borcdan 584,17 manatı "xxxx" ASC yaranmazdan əvvəlki dövrə aiddir ki, həmin borcun hansı əsaslarla yaranması müəyyən edilmir. Qalan borc məbləği isə "xxxx" ASC-nin dövrünə aid sayğac əsasında yaranmış borcdur. Cavabdeh 565 manat borcun haradan yarandığını əsaslandıra bilməmiş və bununla bağlı yetərli sübutlar təqdim edə bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına saxlanmış həmin borc əsassızdır. Ona görə də iddia qismən təmin edilməli və iddiaçıya hesablanmış 565 manat borc silinməlidir. MPM-ə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus mənzilin **********00252 saylı abonent hesabında saxlanmış 565 (beş yüz altmış beş) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar