Məhkəmə qərarları › İş №2(060)-5739/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5739/2022

19.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5739/2022 19.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair” ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edlmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəyə əlavə edilmiş sənədlər yoxlanılarkən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin olmadığı müəyyən edildi. Ərizəyə əlavə edilmiş “Əlillik haqqında” vəsiqəyə münasibətdə isə məhkəmə qeyd edir ki, sənəddən göründüyü kimi Ərizəçi ümumi əsaslarla ikinci qrup əlil olmaqla müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər kateqoriyasına daxil deyildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Bundan başqa, ərizənin məzmunundan görünür ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məsələ qaldırılan şəxs psixiatriya müəssisəsində müalicə alır. Bu halda qanunun tələbi baxımından şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin müəssisənin olduğu yerin məhkəməsinə verilməlidir. MPM-nin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şərh olunanlara əsasən hesab edirəm ki, ərizə ərizəçiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair” ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar