Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5772/2020 26.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə qarşı “müddətin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə qarşı “müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2016-cı ildə vəfat etmiş mərhum atası X7 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən 38A saylı evin 62 saylı mənzilinə dair miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılaraq müddətin bərpa edilməsi və həmin mənzilə dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. X3 xx xxxxxx 2005-ci il tarixdə, atası X9 isə xx xxxxxx 2016-cı ildə vəfat etmişdir. Mərhum atasının mülkiyyətində Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən 38A saylı evin 62 saylı mənzil var. Mərhum atası və anasının ondan başqa 4 nəfər (1 bacısı və 3 qardaşı) qanun üzrə vərəsləri vardır. Hüquqi savadsızlıq və xəstə olması səbəbindən vaxtında atasının mülkiyyətində olan və ona çatası miras əmlakı qəbul etməmişdir. Həmin mənzildə o, 20 ildən artıqdır ki, yaşayır. Faktiki olaraq o, miras əmlakı qəbul etmişdir. Lakin, atasının vəfatından sonra həmin əmlaka dair miras əmlakın qəbulu haqqında şəhadətnamə almamışdır. Həmin miras əmlakı qəbul etməsinə digər vərəsələr etiraz etmirlər. İddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, miras əmlak faktiki olaraq onun tərəfindən qəbul edilmişdir və əmlaka o, sahiblik edir. Atası xx xxxxxx 2016-cı ildə ölmüşdür. Hüquqi savadı olmadığına görə miras əmlakın qəbul edilməsi ilə bağlı müraciət etməmişdir. Belə ki, bu barədə müraciət etməli olduğunu bilməmiş, bu səbəbdən müddəti ötürmüşdür. Eyni zamanda uzun müddət xəstə olmuşdur. Qeyd olunanların nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş edir. Cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinin notariusu A.S.Hacıyev ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11, X10 və X12 eyni məzmunlu ifadələr verərək hər biri ayrı-ayrılıqda göstərdilər ki, iddiaçı doğma qardaşlarıdır. Ataları xx xxxxxx 2016-cı il tarixdə ölmüşdür. Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən 38A saylı evin 62 saylı mənzil atalarına məxsus olmuş və miras qalmışdır. Həmin mənzil iddiaçının istifadəsi və sahibliyində olmaqla miras əmlak olan həmin mənzil iddiaçı tərəfindən faktiki olaraq mirasəmlak kimi qəbul edilmişdir. Lakin iddiaçı uzun müddət ürək xəstəliyindən əziyyət çəkdiyindən vərəsəlik şəhadətnaməsi almamışdır. Qanun üzrə vərəsə olaraq onların heç bir birinin həmin əmlaka heç bir iddiası yoxdur. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan : Azərbaycan Respublikası DƏDRX Hüquqlarin Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən 38A saylı evin 62 saylı mənzil X6 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisinin 3459 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı miras açıldığı gündən altı ay keçdikdən mirasın qəbuluna yol verilməməsi əsası ilə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. AZ seriyalı 169224 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası X9, anası X2r. AZ-İ seryalı 776129 saylı «Ölüm haqqında Şəhadətnamən»nin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 8 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2020-ci il tarixli 983 saylı məktubundan və ona əlavə olunmuş ərizədən görünür ki, həmin cəzaçəkmə müəssisəsində cəza çəkən X13 atasından qalan miras əmlaka heç bir iddiasının olmadığını, eləcə də həmin miras əmlakın qardaşı İddiaçı tərəfindən qəbul edilməsinə heç bir iddiası olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. İşin araşdırılan hallarından müəyyən olunur ki, miras qoyan X9 öldükdən sonra onun vərəsəsi İddiaçı miras əmlakı qəbul edərək faktiki sahiblik etsə də üzürlü səbəbdən vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməmişdir. Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsinə görə Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X1 miras qalmış Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən 38A saylı evin 62 saylı mənzilinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalı, miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 miras qalmış Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən 38A saylı evin 62 saylı mənzilinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın və miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5772/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5772/2020
26.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver