Məhkəmə qərarları › İş №2(060)-5772/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5772/2021

22.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5772/2021 22.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Behbudovanın sədrliyi, Nailə Xəlfəqulu qızı Novruzovanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, şəhadətnamənin ləğv olunması, birgə nikah dövründə əldə olunmuş əmlaka payın müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə, 07 aprel 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 04 fevral 2019-cu il təvəllüdlü X10 adlı bir övladları var. Birgə nikah dövründə yəni ki, 15 iyul 2020-ci il tarixdə “OPEL ASTRA” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobili almışlar və həmin avtomobil Cavabdeh1 adına AD819769 saylı şəhadətnamə ilə qeydiyyata alınmışdır. 21 may 2021-ci il tarixli Vəkil Sorğusuna əsasən aldıqları 01 iyun 2021-ci il tarixli 62059/221 saylı cavaba əlavə olunmuş kompyuter çıxarışından ona məlum olmuşdur ki, onun razılığı və məlumatı olmadan 12.02.2021-ci il tarixdə “OPEL ASTRA” markalı ** CP *** dövlət nömrə nişanlı avtomobil alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxarılmış və avtomobili alan şəxsin adına AC270188 nömrəli nəqliyyat vasitəsinə dair şəhadətnamə verilmişdir. Bildirir ki, “OPEL ASTRA” markalı ** CP *** dövlət nömrə nişanlı avtomobilə ½ hissədə pay hüququ var, lakin buna baxmayaraq əri Cavabdeh1 ilə digər şəxs arasında bağlanmış alqı-satqı müqaviləsi barədə məlumatı və razılığı olmamışdır. “OPEL ASTRA” markalı ** CP *** dövlət nömrə nişanlı avtomobillə bağlı alqı-satqı müqaviləsi bağlanarkən onun mülkiyyət hüquqları kobudcasına pozulmuş və nəticədə qanunsuz olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi birgə nikah dövründə əldə olunan nəqliyyat vasitəsinə dair onun məlumatı və razılığı olmadan alqı-satqı müqaviləsi bağlandığı üçün “OPEL ASTRA” markalı ** CP *** nömrə nişanlı nəqliyyat vasitəsinə 12.02.2021-ci il tarixdə Cavabdeh1 ilə digər şəxs arasında bağlanmış alqı-satqı müaviləsi etibarsız hesab olunmalı və bu müqavilə əsasında verilmiş AC270188 nömrəli nəqliyyat vsitəsinə dair şəhadətnamə ləğv olunmaqla “OPEL ASTRA” markalı ** CP *** nömrə nişanlı nəqliyyat vasitəsinə ½ hssədə pay hüququ tanınmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən “OPEL ASTRA” markalı ** CP *** nömrə nişanlı nəqliyyat vasitəsinə dair 12.02.2021-ci il tarixdə Cavabdeh1 ilə digər şəxs arasında bağlanımış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və bu müqavilə əsasında verilmiş AC270188 nömrəli nəqliyyat vasitəsinə dair şəhadətnamə ləğv olunmaqla “OPEL ASTRA” markalı ** CP *** nömrə nişanlı nəqliyyat vasitəsinə ½ hissədə pay hüququnun tanınması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xaiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, OPEL ASTRA” markalı ** CP *** nömrə nişanlı nəqliyyat vasitəsinə dair 12.02.2021-ci il tarixdə Cavabdeh1 ilə digər şəxs arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və bu müqavilə əsasında verilmiş AC270188 nömrəli nəqliyyat vasitəsinə dair şəhadətnamə ləğv olunmaqla “OPEL ASTRA” markalı ** CP *** nömrə nişanlı nəqliyyat vasitəsinə onun 2/3 hissədə payının müəyyən olunması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə etdiyini bildirərək iddia tələbinin həcminin artırılaraq avtomobilin qiymətləndirilməsi üçün ekspertiza mərkəzinə göndərilməsi və həmin dəyərin tərəflər arasında paylara uyğun şəkildə bölünməsini məhkəmədən xahiş etdi. 13.08.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə etiraz təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, tərəflər 07.04.2018-ci ildə nikaha daxil olublar. Nikah məhkəmə qətnaməsi əssında 02.07.2021-ci ildə pozulmuşdur. Cavabdeh nikahdan qabaq 2014-cü ildə VAZ-21705 markalı 9 HS 092 dövlət qeydiyyat nişanlı avtomobili 11400 manata almışdır. Bu avtomaşını aprel 2020-ci ildə etibarnamə əsasında X6 10000 manata satmışdır. Cavabdeh “Opel” markalı ** CP *** dövlət nömrə nişanlı avtomaşını iyul 2020-ci ildə 8300 manata almışdır. Bu avtomaşını 12.02.2021-ci il tarixdə 6300 manata satmışdır. Opelmarkalı avtomaşın nikah dövründə satılmasına baxmayaraq, nikah dövründə əldə edilmiş vəsait hesabına deyil, nikahdan əvvəl 2014-cü ildən Cavabdeh1 xüsusi mülkiyyətində olmuş VAZ-21705 markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin satışı nəticəsində əldə edilmiş pul vəsaiti hesabına almışdır. Qeyd olunanlarla yanaşı birgə nikah dövründə cavabeh ailə təsərrüfatında zəruri xərcləri ödəmək üçün 06.07.2018-ci il tarixdə Unibank KB-dan müqavilə əsasında 10000 manatadək kredit limiti və 26.11.2021-ci il tarixdə "xxxx" Bank ASC-dən 2000 manat kredit xətti əsasında pul vəsaiti götürmüşdür. İddiaçı psixi durumunda yaranmış problemlərin müalicəsi məqsədilə o, 2020-ci il tarixdə “Dobromed” xəstəxanasında müalicə olunmuşdur. Eyni zamanda iddiaçı 2021-ci ilin əvvəlində Sumqayıt şəhərində yerləşən 3 saylı xəstəxanada cərrahiyə əməliyyatı olunmuşdur. Cavabdeh bu xərcləri qarşılamaq üçün tanışlarından müxtəlif məbləğlərdə borc pul götürmək məcburiyyətində olmuşdur. “Opel” markalı avtomaşının satılması nəticəsində əldə olunan pul iddiaçının müalicəsi və cərrahiyyə əməliyyatı, borc alınmış pul vəsaitlərinin borcverənlərə qaytarılması, habelə birgə istifadə edilmiş kredit məbləğlərinin bağlanmasına yönədilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 göstərdi ki, maşını 6300 manata satmışdır.Odur ki, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AR DİN BDYPİ tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası fərdi qaydada fəaliyyət göstərən Vəkil2 ünvanlanmış 14.07.2021-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olmuş “OPEL ASTRA” markalı ** CP *** dövlət qeydiyyat nişanlı və VAZ-21705 markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobillərin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışları ona göndərilmişdir. Həmin çıxarışlara əsasən Cavabdeh1 tərəfindən VAZ-21705 markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil 23.07.2014-cü il tarixdə alınmış, 16.12.2020-ci ildə satılmış, “OPEL ASTRA” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomaşın isə 15.07.2020-ci ildə alınmış, 12.02.2021-ci il tarixdə satımışdır. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.11.2019cu il tarixli BBLK1655002A125 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 ödəniş kartı verilməsi, bərpa olunan kredit xətti açılmış, kredit xəttindən istifadə ilə bağlı yaranmış borclarını müqavilə ilə müəyyən edilmiş qaydada geri ödənilməsi qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 3526sSUM/18 saylı, 06.07.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC Cavabdeh1 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay xətti) 10000 manatadək məbləğdə kredit limiti ayırmış, ona bank hesabı açmış və ödəniş kartı təqdim etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2903/2021 saylı, 02.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair ilkin iddia ərizəsi üzrə, İddiaçı Cavabdeh1 qarşı aliment tələbi barədə qarşılıqlı iddia tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxılaraq Cavabdeh1 ilə Nəsibova (Allahverdi) Türkan Mehman qızı arasında Sumqayıt “ASAN-Xidmət” X3 07.04.2018-ci il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 803 nömrəsi ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahınlarından olan 04.02.2019-cu il təvəllüdlü X4 cavabdeh İddiaçı yanında qalması, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 25.05.2021-ci il tarixindən etibarən 04.02.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment, uşağın 3 yaşına çatanadək hər ay 70 (yetmiş) manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia üzrə cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 07.09.2021-ci il tarixli SM-19 saylı ”Spero Hospital” tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 13.08.2021-ci il tarixli 2(060)-5772/2021 saylı sorğusuna cavab olaraq göndərilən məktubdan görünür ki, 2020-ci ildə hazırki vaxtadək İddiaçı ”Spero Hospital”a (əvvəllər “X11”) müraciət etməmişdir. İş materiallarında olan 05.10.2021-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş avtomobilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh1 mülkiyyətində olmuş “OPEL ASTRA” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilin 05.10.2021-ci il tarixə olan bazar dəyəri 7000 manat, likvid dəyəri 6000 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər 07.04.2018-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 04.02.2019-cu il təvəllüdlü X10 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 02.07.2021-ci il tarixli qətnaməsi ilə nikahları ləğv edilmiş və 04.02.2019-cu il təvəllüdlü X2 Türkan Mehman qızının himayəsinə verilmişdir. Nikahda olduqları dövrdə “OPEL ASTRA” markalı ** CP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi almışdırlar. Lakin cavabdeh 12.02.2021-ci il tarixində İddiaçı xəbəri və razılığı olmadan qeyd edilən nəqliyyat vasitəsini satmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin nəqliyyat vasitəsi X1. Məhkəmə cavabdeh tərəfin iddia tələbinin təkzibi ilə bağlı gətirdiyi dəlillərlə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, 13.08.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 ərizə-vəsatət verərək İddiaçı 2020-ci ildə Bakı şəhərində yerləşən Dobromed tibb müəssisəsində hansı dövrdə və hansı diaqnozlarla müayinə və müalicə alması barədə və 2021-ci ilin əvvəllərində Sumqayıt şəhərində yerləşən 3 saylı xəstəxanada hansı diaqnozlarla müayinə və cərrahiyyə əməliyyatı edilməklə müalicə alması barədə sənədləri əldə etmək məqsədilə məhkəmə tərəfindən sorğu təqdim edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin həmin qeyd olunan hallar öz təsdiqini məhkəmə araşdırması zamanı tapmamışdır. Məhkəmə işin faktiki hallarını aşağıda qeyd olunanlara əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-cimaddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətindəər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakıüzərində sərəncam əqdi bağlamışsa vəəqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 33.4-cü maddəsinəəsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinəəsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəməər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinəçatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 37.1-ci maddəsinəəsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsin əəsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 355.1-ci maddəsinə əsasən əgər əqdin etibarlılığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 157-ci maddəsi mülkiyyət hüqunun müdafiəsi normalarını özündə ehtiva edir. Həmin normalara əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (157.8). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə işin hallarına yuxarıda şərh olunan hüquq normalarına istinadən hüquqi qiymət verərək hesab edir ki, “OPEL ASTRA” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomaşının tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilməsi mübahisəsiz və aşkardır. İşin hallarından göründüyü kimi “OPEL ASTRA” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomaşının özgəninkiləşdirilməklə hazırda Cavabdeh1 deyil, üçüncü şəxsin mülkiyyətindədir. İddiaçı qeyd edilən avtomaşının özgəninkiləşdirilməsi ilə bağlı alqı-satqı müqaviləsinin və dövlət qeydiyyatının etibarsız hesab edilməsini və həmin avtomaşın üzərində birgə nikah dövründə əldə edilmiş əmlak kimi payın müəyyən edilməsini tələb etmişdir. Məhkəmə iddiaçının iddia tələbini həmin hissədə qanuni və əsaslı hesab edir. Belə ki, Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. İşin hallarından göründüyü kimi cavabdeh hazırki iddia üzrə məhkəmə araşdırması zamanı 12.02.2021-ci ildə OPEL ASTRA” markalı avtomaşını özgəninkiləşdirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh bununla da mülki qanunvericiliyin tələblərini pozaraq vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmişdir. Belə ki, cavabdeh mülkiyyətçi kimi hüquqdan sui-istifadə edərək birgə nikah dövründə əldə edilmiş əmlak üzərində sərəncam verməklə iddiaçının həmin əmlak üzərində müvafiq hüquqdan məhrum etməyə yönəlmiş əqd bağlamışdır. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəyə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinin tələbinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. «Məhkəmə qətaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il taixli 4 nömrəli Qərarının 6.10-cu bəndində göstərilmişdir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi “OPEL ASTRA” markalı avtomaşına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı hissədə əsaslı olduğundan təmin olunmalı, Cavabdeh1 ilə X9 arasında bağlanmış 12.02.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin avtomaşın üzərində tərəflərin hər birinin ½ hissədə payları müəyyən edilməli, ekspertiza işinin aparılması üçün təyin edilmiş 400 manat məbləğində xidmət haqqı 200 manat İddiaçı, 200 manat isə Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, qalan hissədə iddia tələbi öz təsdiqini tapmadığı üçün təmin edilməməlidir. Məhkəmə eləcə də qeyd edir ki, S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Belə ki, S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələr). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir.Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 157.5 – 157.7-ci maddələrinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və ya götürülməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Bununla bağlı nəzərə alınmalıdır ki, MM-in 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulsa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM-in 21.1 və 21.2-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında xüsusi qeyd edilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Beləliklə, məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, “OPEL ASTRA” markalı, **-CP-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi tərəflərin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməli və onların ümumi mülkiyyəti hesab olunaraq iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ilə X9 arasında bağlanılmış 12.02.2021-ci il tarixli “OPEL ASTRA” markalı, **-CP-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsi ləğv edilsin. Birgə nikah dövründə əldə edilmiş “OPEL ASTRA” markalı, **-CP-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi üzərində paylar ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh1 olmaqla müəyyən edilsin. Ekspertiza işinin aparılması üçün təyin edilmiş 400 manat məbləğində xidmət haqqı 200 manat İddiaçı, 200 manat isə Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar