Məhkəmə qərarları › İş №2(060)-5786/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5786/2023

31.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5786/2023 31.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona məxsus ünvan 1 ünvanına xidmətlərdən istifadəyə görə əsassız olaraq hesablanmış 439.51 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1-də ailə üzvləri ilə birlikdə 2021-ci ildən yaşayır. İşləri ilə əlaqədar olaraq və ona məxsus olan fərdi yaşayış evinin tam hazır olmaması səbəbindən 2021-ci ilədək ailə üzvləri ilə birlikdə Bərdə rayonunun Köbər kəndində yaşamışdır. Cavabdehin Sumqayıt Sukanal İdarəsinin nümayəndələri tərəfindən 439.51 manat ödənilməmiş borcun olduğu bildirilmişdir. Hazırki halda cavabdeh təşkilatın müəyyən etdiyi bu məbləğ qanunsuz və əsassızdır. Cavabdehin nümayəndəsi məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Asvalt zavod ərazisi, ev 392-də Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin abonent bazasında abonent kimi xx.xx.2013-cü il tarixdən İddiaçı adına bağlanmış müqavilə (№ ********) ilə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunur. Hal-hazırda həmin ünvanın su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 447.21 manat borcu qalmışdır. Qeyd olunan ünvanda xx.xx.2013-cü il tarixdə kod açılaraq 2015-ci ilin may ayının 1-dək 1 nəfər ailə tərkibinə görə, 2015-ci ilin may ayının 1-dən 4 nəfər ailə tərkibinə görə, 2016-cı ilin oktyabrın 1-dən 1 nəfər ailə tərkibinə görə, 2023-cü ilin mart ayından isə 2 nəfər ailə tərkibinə görə normativ qaydada hesabat aparılmışdır. Qeyd olunan ünvanda 2017-ci ilin iyun ayından kanalizasiya xidmətinə görə hesabat aparılmır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, qayınatasının qonşuluğunda yerləşən bu ev hələ də tam tikilib başa çatdırılmamışdır. Evin tikintisini əsasən özləri aparmış ara-sıra isə ustalar işləmişlər. Tikinti işləri xeyli müddət həyata keçirilməmişdir. Ev yarıtikili, şəraitsiz vəziyyətdə olduğundan o, ailəsi ilə birlikdə rayonda yaşamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsində göstərdiklərini müdafiə edərək, etiraz ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Sumqayıt Bələdiyyəsi “Ceyranbatan1” 1 saylı Məhəllə Komitəsinin 1028 №-li arayışından görünür ki, cavabdeh İddiaçı 2021-ci ildən Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Asvaltzavod ərazisində yaşayır. Ailə üzvləri yoldaşı X3, övladları – X2 və X1r. - Abonent kartının surətindən görünür ki, ünvan 2 ünvanına dair suyun verilməsinə dair xidmət göstərilməsi barədə Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli müqavilə bağlanılmış, müqavilənin nömrəsi 30695212, abonentin adı İddiaçı olduğu qeyd olunmuşdur. - Abonent saldosundan görünür ki, abonent 2013-cü ildən 2020-ci ilədək dövr ərzində 2014-cü ildə 30 manat, 2017-ci ildə isə 15 manat ödəniş etmişdir. - İş materiallarına əlavə edilmiş dörd nəfərin iştirakı ilə tərtib edilmiş və imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə 2021-ci ildən Ceyranbatan qəsəbəsi, Asvaltzavod ərazisi fərdi ev 392-də yaşayırlar. - Cavabdehin nümayəndəsinin verdiyi etiraz ərizəsində olan abonentin illər üzrə hesabat cədvəlindən görünür ki, abonentin borcunun 309.5 manat hissəsi 2013-cü ildən 2021-ci ilədək olan dövrü əhatə etməklə normativ qaydada hesablanmışdır. - Xəbərdarlıq məktubundan görünür ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının ünvanına sayğac xx.xx.2013-cü ildə quraşdırılmışdır. Ceyranbatan qəsəbəsi, Asvaltzavod ərazisi fərdi ev 392 ünvanına 2013-cü ildən 2023-cü il tarixədək normativ qaydada borc hesablanmışdır. Cavabdeh 2021-ci ildən hazıradək həmin ünvanda yaşayır. Abonentin 447.21 manat borcu mövcuddur. Onun 309.5 manat hissəsi 2013-cü ildən 2021-ci ilədək normativ qaydada hesablanmışdır. Göründüyü kimi, tərəflər arasında su təchizatı sistemindən su buraxlması və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi və xidmət haqqının ödənilməməsi ilə bağlı mübahisəli hüquq münasibətləri yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Su təchizatı və tullantı suları haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4”nın 4.1.3-cü bəndinə görə bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. Həmin Qaydaların 2.1.5-ci bəndindən görünür ki, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifəsidir. Bu Qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia, iddiaçı istifadə etmədiyi suyun dəyərini ödəmək öhdəliyi daşımadığından onun sözügedən evdə yaşadığı dövrədək hesablanmış borcun silinməsi həcmində əsaslıdır. Belə ki, iddiaçının həmin ünvanda 2013-2021-ci illərdə yaşaması və orada cavabdehin xidmətlərindən istifadə etməsi işin faktiki halları və sənədlərlə təsdiqini tapmır, eyni zamanda cavabdeh tərəfindən bunun əksinə dəlalət edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, bu evdə (borc yazılan ünvan) yaşayış olmadığı dövrə dair cavabdeh tərəfindən normativ qaydada borcun hesablanması qanuni və əsaslı deyildir. Məhkəmə, iddiaçı tərəfindən 2014 və 2017-ci illərdə ödəniş edilməsinə həmin ünvanda bu dövrdə tikinti işləri görüldüyü zaman sudan istifadə olunduğundan müvafiq ödəmələrin həyata keçirilməsi halı kimi baxır. Belə ki, iddiaçı müəyyən müddət ərzində sözügedən fərdi evin tikintisi getdiyindən, orada ustaların işləməsini bildirmiş, bu hal isə cavabdeh tərəfindən sübutlarla təkzib edilməmişdir. Məhkəmə, həmçinin, belə qənaətə gəlir ki, iddiaçının ərizəsində silinməsi xahiş edilən borcun 137.71 manat hissəsi həmin evdə yaşayış olan dövrü əhatə etdiyindən, bu borc iddiaçı tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının 309.5 manat borcu silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin olunduğundan, qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdeh təşkilatdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanına aid İddiaçı adına olan **********000 saylı abonent koduna hesablanmış 309.5 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar