Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5797/2023 17.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin dəymiş ziyanın bərpası kimi ondan tələb etdiyi 3110,40 manat məbləğində borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsi, ev 123 hal-hazırda faktiki olaraq iddiaçının və anasının istifadəsindədir. Həmin ünvanda karta ödənişlə təbii qazdan istifadə etmiş və tərəflərindən qaz sayğacına heç zaman müdaxilə olunmayıb. 13 iyul 2022-ci ildə cavabdehin əməkdaşları tərəfindən istifadələrində olan mənzilin qaz sayğacı yenisilə əvəz edilib. Bundan sonra isə təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilib. Cavabdehin xx.xx.2023-ci il tarixdə tərtib etdiyi ******* nömrəli aktda sayğacda nöqsanlar olduğu göstərilib. Aktda adı keçən X2 iddiaçının atasıdır və iddia edilən tarixdən dörd ay əvvəl, 17 dekabr 2022-ci ildə vəfat edib. Sayğac 2011 -ci ildən istismarda olub. Yəni 2022ci ildə yenisiylə əvəz edildiyi zaman artıq istismar müddətinin bitməsindən təqribən yeddi il keçmişdi. Çünki G- 4 markalı sayğacın istismar müddəti beş ildir. İstismar müddəti bitmiş sayğacları dəyişmədikləri üçün, ortaya çıxacaq hər hansı bir qüsurdan qaz istifadəçisi deyil, qaz paylayıcısı məsuliyyət daşıyır. Bu isə cavabdehin əməkdaşların qüsurudur. Cavabdehin nümayəndəsi tərəfindən iddia tələbinə yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan iddiaçıya məxsus (1002AQ**********4) sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Sayğac Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin MSK-14-2-2/3-5-3647-1 saylı rəyinə əsasən ******* saylı akta uyğun olaraq sayğac istismara yararsız hesab olunmuşdur. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 6m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6x24x180=25920m3 x 0,12qəpik=3,110,40 manat dəymiş zərər hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, sayğaca onun tərəfindən heç bir müdaxilə olunmamışdır. Sayğac onun evindən çöldə yerləşir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. İddia ərizəsi düzgün tərtib edilməyib. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1988-ci ildə, Tümen vilayəti, Tümen şəhərində anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının X1 Nümayəndəsinin 519 saylı, xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, 123 saylı bağ evində qeydiyyatsız yaşayır. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X2 xx.xx.2022-ci il tarixində ölmüşdür. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən iddiaçıya məxsus mənzilin qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmış və yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, “Sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələrində korroziya izi mövcuddur. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğacın yaddaş arxivi oxundu. xx.xx.2011-ci il tarixdə ALARM-1 rejimi aşkar olunub. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır.” Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən xx.xx.2023-cü il tarixli akt əsasında iddiaçıya 25920 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 3110,40 manat borc hesablandığı göstərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona akt əsasında hesablanmış 3110,40 manat borcun silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, akt əsasında iddiaçıya 3110,40 manat borc hesablanmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya akt əsasında hesablanmış borc silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvanın **********01230 saylı abonent hesabına xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 3110 (üç min yüz on) manat 40 (qırx) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-5797/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5797/2023
17.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver