Məhkəmə qərarları › İş №2(060)-5803/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5803/2020

26.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5803/2020 26.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4780, 4780 C saylı (ünvan 4) ünvanına əsassız olaraq hesablanmış 1380,03 (bir min üç yüz səksən manat üç qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4780, 4780 C saylı bağ ünvanına (ünvan 4) xx xxxxxxx 2016-ci ildə Cavabdeh Açıq Səhəmdar Cəmiyyətinin əməkdaşları tərəfindən su sayğacı quraşdırılmışdir. Ona kimi suyun pulunu cavabdeh təşkilatla aralarında bağlanmış xx.xx.2005-ci il tarixli 32036047 saylı müqavilə əsasında ödəmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh MMC-nin Sumqayıt filialının əməkdaşları sözügedən ünvana gəlmiş, suyu kəsmiş və suyun kəsilməsi barədə heç bir sənədləşdirmə aparmadan su təchizatını dayadırmışlar. Səbəbini şifahi olaraq izah etməklə xx xxxxxxx 2016-cı il tarixə su sayğacı quraşdırılana kimi istifadə etdiyi suya görə 1380 (bir min üç yüz səksən) manat 03 (üç) qəpik borcunun olduğunu bildirmişlər. Hesab edir ki, həmin borc qanunsuz və asassız olduğu üçün silinməlidir. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi ishehlakçıya verilən suyun həcminin suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini təchizat müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Sayğac quraşdırıldıqdan sonra indiyə kimi 600 kub metr su istifadə etmiş və buna görə də sayğacölçənə əsasən 210 manat pul ödəmişdir. Həmin Qanuna əsasən sudan istifadəyə görə hesablaşmalar su təchizatı müəssisələrinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Bununla əlaqədar cavabdeh təşkilata dəfələrlə müraciət etməyinə baxmayaraq həmin borcun necə yarandığını sübut edə bilməmiş, həmçinin heç bir ödəniş sənədi təqdim etməmişlər. Lakin buna baxmayaraq cavabdeh təşkilat qeyri-müəyyən yollarla ünvanına qanunsuz olaraq 1380 (bir min üç yüz səksən) manat 03 (üç) qəpik məbləğində metodiki yolla hesanlaşma aparmışlar. Cavabdeh təşkilata borcu var idisə nə üçün ondan 2016-cı ildə deyil, 4 ildən sonra borc tələb edilir. Hal-hazırda istifadə etdiyi suyun pulunu vaxtı-vaxtında ödəyir və bu barədə də qəbzləri var. Yuxarıda qeyd olunanlardan da görünür ki, sudan istifadəyə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır, bir qayda olaraq hesablaşma dövrü bir ay qəbul olunmalı, həmçinin su təchizatı müəssisələrinin istehlakçıdan yalnız istifadə olunmuş sudan istifadəyə görə ödəniş tələb etməlidir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2011-ci il tarixli “Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətinin istifadəsi üzrə borcların ləğv edilməsi haqqinda” fərmanına əsasən əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci ilin 01 fevral tarixinə kimi Cavabdeh ASC-də olan 294,2 milyon manat məbləğində borclar silinmişdir. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı “su təchizatı” xidmətinə görə xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək illər üzrə hesabatı aşağıdakı cədvəldə qeyd edilmişdir. xx.xx.2016-cı il tarixdən 1 m3 suyun dəyəri əhali qrupu üçün 0.35 qəpik təşkil edir. 2011-ci il üçün, sərfiyyat 935 m3 dəyəri 269,70 manat, ödəniş 0,00 manat, qalıq borc 269,70 manat, 2012-ci il üçün sərfiyyat 665 m3, dəyəri 199,50 manat, ödəniş 0,00 manat, qalıq borc 199,50 manat, 2013-cü il üçün sərfiyyat 780 m3, dəyəri 234 manat, ödəniş 50 manat, qalıq borc 184 manat, 2014-cü il üçün sərfiyyat 715 m3 dəyəri 214,50 manat, ödəniş 12 manat, qalıq borc 202,50 manat, 2015-ci il üçün sərfiyyat 780 m3 dəyəri 234 manat, ödəniş 18 manat, qalıq 216 manat, 2016-cı il üçün sərfiyyat 758 m3 dəyəri 318,33 manat, ödəniş 20 manat, qalıq borc 298,33 manat, 2017-ci il üçün sərfiyyat 193 m3 dəyəri 67,55 manat, ödəniş 60 manat, qalıq borc 7,55 manat, 2018-ci il üçün, sərfiyyat 144 m3 dəyəri 50,40 manat, ödəniş 55 manat, qalıq borc -4,60 manat, 2019-cu il üçün sərfiyyat 113 m3 dəyəri 39,55 manat, ödəniş 70 manat, qalıq borc -30,45 manat, 2020ci il üçün sərfiyyat 392 m3 dəyəri 137,20 manat, ödəniş 140 manat -2,80 manat. Qeyd olunan ünvana xx.xx.2016-cı il tarixdə sayğac quraşdırılmış və hal-hazırda hesabat sayğac göstəricilərinə uyğun olaraq aparılır. Sayğac quraşdırılan tarixədək hesabat 1 nəfər ailə tərkibinə və 12 sot torpaq sahəsinə görə aparılmışdır. xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixə borc 1764,73 manat məbləğində hesablanmışdır. Yaranmış borcdan 425 manat ödənilmiş, xx.xx.2020-ci il tarixə 1339,73 manat borc yaranmışdır. Nümayəndə göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1954-cü il tarixdə Bərdə şəhərində doğulmuş və ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna əsasən məhkəməyə ünvanlanmış Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 03/01-7/6/16264 nömrəli məktubundan görünür ki, sözügedən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış sahəsinin su təchizatı xidmətindən istifadəyə görə hesabatı Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 418 saylı Qanunu ilə təsdiq edilmiş “Su Məcəlləsi”nin 98-ci maddəsinə və Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli, 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında” Qanununun 30-cu maddəsinə əsasən xx.xx.2012-ci il tarixinə kimi 1 nəfər ailə tərkibinə və 18 sot suvarılan torpaq sahəsinə, həmin tarixdən etibarən isə 12 sot suvarılan torpaq sahəsinə əsasən aparılmışdır. xx.xx.2016-cı il tarixində sözügedən ünvanın su xətti üzərində CSS-20 markalı, 16021674 nömrəli mexaniki tipli su sayğacı quraşdırılmışdır. Eyni zamanda qeyd olunmuşdur ki, Bağlar Sukanal sahəsinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixində sözügedən ünvanın su təchizatı xəttinə baxış keçirilən zaman sayğacdan kənar xəttdən qeyri-qanuni istifadə halı aşkarlanmış və faktla bağlı olaraq 070425 nömrəli dəymiş ziyan aktı tərtib edilmişdir. Bu səbəbdən də sudan qanunsuz istifadəyə görə 240 m3 sərfiyyat hesablanmışdır. Hazırda sayğac göstəricisi 604 m3 olmaqla abonentin hesabında 1339,73 manat borc var. Qeyd edilən borc sayğac quraşdırılan tarixə kimi normativə uyğun olaraq hesablanmışdır. İşdə olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4780 saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 175 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4780C saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 175 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan abonentin kartından görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış sahəsində İddiaçı adına xx.xx.2005-ci il tarixdə açılmış sayğaca əsasən sudan istifadəyə görə 1339,73 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4780, 4780 C saylı (ünvan 4) ünvanına xx.xx.2016-cı il tarixdə su sayğacı quraşdırılmışdır. İddiaçı sudan istifadəyə görə borc hesablanmış, İddiaçı 1380,03 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh ASC tərəfindən iddiaçıya hesablanmış borc 2012-2020-ci illəri əhatə edir və ümumilikdə cavabdehə 1380,03 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə həmçinin qeyd edir ki, AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göründüyü kimi cavabdehin iddiaçıdan tələb etdiyi borc məbləğinin bir hissəsi üzrə (2012, 2013, 2014 və 2015-ci illər) mülki qanunvericilikdə nəzərdə tutulan tələbetmə müddəti keçmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış 1380,03 manat məbləğində borcun 802 (199,50+184+202,50+216) manat hissəsinə münasibətdə qanunla nəzərdə tutulmuş tələbetmə müddəti ötürüldüyünə görə iddia həmin hissədə təmin edilməli, həmin məbləğdə borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4780, 4780 C saylı (ünvan 4) ünvanına hesablanmış 802 (səkkiz yüz iki) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar