Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5812/2021 07.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 02.03.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu 02.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 22.225 manat məbləğində pulun, onun tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, habelə gecikdirilmiş vaxt üçün həmin məbləğin illik beş faizinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 02.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 22.225 manat məbləğində borc pul vermişdir. Həmin müqavilənin 2ci bəndinə əsasən Cavabdeh krediti 2 (iki) il müddətinə, yəni 02.03.2021-ci il tarixə qədər borc verənə hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Bundan əlavə həmin müqavilənin 10-cu bəndinə əsasən bu müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Müqavilənin şərtləri düzgün olaraq yazılmamışdır. Razılıqları belə olmuşdur ki, Cavabdeh hər ay ona 900 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin bu müqavilə iki il müddəti əhatə etməli olduğu halda, müqavilədə həmin borc məbləğinin 02.03.2021-ci il tarixə qədər ödənilməli olduğu qeyd edilmişdir. Müqavilədə belə boşluq olmasından istifadə edərək Cavabdeh bu müddət ərzində borc verdiyi 22.225 manat məbləğindən ümumiyyətlə ödəniş etməmişdir. İş materiallarında olan 05.03.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı mübahisənin məhkəməyə qədər nizama salınmasına dair cavabdehə məktub göndərmiş, sonra isə 21.06.2021-ci il tarixində məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5812/2021 saylı, 23.09.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı kredit müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddiası AR MPM-nin 259.0.1-ci maddəsinə əsasən 02.03.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçı ilə birlikdə biznes fəaliyyəti ilə məşğul olduğunu, bu zaman ziyana uğradıqlarını, iddiaçının itidiyi pulun müqabilində onunla kredit müqaviləsi bağladığını, lakin həmin pulun o, borc olmadığını bildirdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənə əsasən iddia təmin edilməməlidir. Mülki materiallarında olan: - 02.03.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 22.225 manat borca pul vermiş və cavabdeh həmin pul məbləğini 2 (iki) il müddətinə, yəni 02.03.2021-ci il tarixə qədər borc verənə hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. - İddiaçı cavabdehə ünvanlanan pretenziya məktubundan görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. - Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinin məhkəmənin şifahi sorğusuna əsasən təqdim edilmiş 14.09.2021-ci il tarixli, 790 №-li cavab məktubundan görünür ki, 02.03.2020-ci il tarixində ünvan 1i ünvanında yaşayan İddiaçı ilə Cavabdeh arasında kredit ( borc ) müqaviləsi Sumqayıt şəhəri 1 saylı notariat ofisində rəsmiləşdirilmişdir. Kredit (borc) müqaviləsini tərəflər şəxsən özləri imzalamış, borc məbləği borcluya notariusun depozit hesabı vasitəsi ilə bankdan verilmişdir. Müqavilə 2 il müddətinə rəsmiləşdirilmişdir. Müqavilədə borcun qaytarılma tarixində texniki səhvə yol verilərək 02.03.2021-ci il yazılmışdır. Bu texniki səhvdir. 2022-ci il göstərilməli idi. - Bank Respublika ASC Sumqayıt Filialının müdiri Abdullayev E.A tərəfindən ünvan 2 ünvanlanmış, məktubla göndərilmiş məxaric qəbzindən görünür ki, 22.225 manat məbləğində pul vəsaiti Cavabdeh verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 02.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddaçı cavabdehə 22.225 manat 2 il müddətinə faizsiz borc vermişdir. Məhkəmə qeyd edir ki, müqavilədə borc alanın borc vermə kreditin hissə-hissə qaytarılmağı öhdəsinə götürdüyü qeyd olunsa da, bunun hansı məbləğdə və müddətdə icrası göstərilməmişdir. Odur ki, məhkəmə bu hallara qiymət verərək hesab edir ki, borcalan kredit müqaviləsinə əsasən borcu iki ilin sonunda qaytarmaq öhdəliyinin daşıyıcısıdır. Eyni zamanda müqavilədə kreditin vaxtından əvvəl tələb edilməsi, həmçinin, bunun hansı şərtlər mövcud olduqda həyata keçirilməsi nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, iddianın mahiyyəti kreditin vaxtından əvvəl tələb olunmasıdır. Belə ki, kredit müqaviləsinin icra müddəti 02.03.2022-ci ilədək müəyyən olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, kredit müqaviləsi ləğv edilmədiyindən, həmçinin kreditin vaxtından əvvəl tələb olunması nəzərdə tutulmadığından, bunun üçün qanunvericilikdə təsbit olunmuş şərtlər mövcud olmadığından, habelə, borc alanın əmlak vəziyyətinin pisləşməsinə, borcun qaytarılması tələbi üçün təhlükə yaranmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən və bu hallar iş materialları ilə təsdiqlənmədiyindən kreditin vaxtından əvvəl tələb olunması əsassızdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh kredit müqaviləsinə əsasən 22.225 manat məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, habelə gecikdirilmiş vaxt üçün həmin məbləğin illik beş faizinin alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5812/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5812/2021
07.10.2021 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver