Məhkəmə qərarları › İş №2(060)-5814/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5814/2022

03.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5814/2022 03.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçının cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının yaşadığı ünvan 2-ya görə **********02331 nömrəli abunə kodu əsasında hesablanmış 550 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə Qubadlı rayonundan məcburi köçkün düşmüş və 1999-cu ildən yuxarıda göstərilən ünvanda məskunlaşmışdır. Həmin ev iddiaçının ölən atasının mülkiyyətində olmuş və onun adına **********02331 saylı abunə kodu açılmışdır. İddiaçının atası X3 2016-cı ildə ölmüşdür. Həmin mənzildə olan elektrik və məişət avandınları 2020-ci ilin axırlarından çıxarılmış və bu mənzildə daimi yaşayış olmamışdır. Arabir iddiaçı gəlib bu mənzilə baş çəkib getmişdir. 2021-2022-ci illərdə 2 dəfə bu mənzildə yanğın hadisəsi baş vermiş və buna səbəb elektrik naqillərində baş vermiş qısaqapanma olmuşdur. Dəfələrlə cavabdeh təşkilata həmin naqilləri dəyişdirilməsi və yenisi ilə əvəz olunması barədə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Qonşuların bu işə vaxtında müdaxilə nəticəsində yanğının qarşısı vaxtında alınmışdır. İddiaçı sayğac göstəricisi əsasında enerji sərfıyyatını ödəmiş və təxminən 2 ay bundan qabaqkı qəbzdə sərfıyyatla bağlı 121 manat borc olduğu göstərilmişdir. Lakin bu ayın bildirişini aldıqda həmin bildirişdə 671 manat 20 qəpik borcun olduğunu görmüş və bu borcun hansı mənbədən yazıldığını soruşduqda iddiaçıya bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçı evdə olmayan vaxt cavabdeh təşkilatın nümayəndəsi həmin ünvanda olmuş və guya tərəfindən mənzilə kənar xətt quraşdırılması barədə R -262187 nömrəli akt tərtib etmişdir. Halbuki belə bir hal olmamış və bu xəttin kim tərəfindən quraşdırılması barədə məlumatı yoxdur, digər tərəfdən həmin mənzildə 2 ildir ki, daimi yaşayış yoxdur, arabir mənzilə baş çəkir. Mənzilin yaşayışçısı olan anası 12 ildir iflic xəstəsi olmaqla yataq şəraitində bacı-qardaşlarının himayəsindədir,başqa ünvanlarda yaşayır, iddiaçı özü 2-ci qrup Qarabağ Müharibəsi əlilidir, işləmir, ürək əməliyyatı keçirmişdir, yeganə gəliri aldığı pensiyadır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən abonent mənzilə məxsus elektrik hesabat sayğacının çıxış xətti dövriyyədn kənarlaşdırılıb 2x25 mm-lik xətt vasitəsilə mənzilə birbaşa kənar daxil olması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın (EEİQ) 8.16-cı bəndinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, 262187 saylı akt əsasında 548,83 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - "xxxx" ASC-nin 262187 saylı, xx.xx.2022-ci il tarixli aktından görünür ki, EEİQ-na uyğun olaraq sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilə məxsus elektrik hesabat sayğacının çıxış xətti dövriyyədn kənarlaşdırılıb 2x25 mm-lik xətt vasitəsilə mənzilə birbaşa kənar daxil olması halı aşkar edilmişdir. - etirazdan görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən abonent mənzilə məxsus elektrik hesabat sayğacının çıxış xətti dövriyyədn kənarlaşdırılıb 2x25 mm-lik xətt vasitəsilə mənzilə birbaşa kənar daxil olması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın (EEİQ) 8.16-cı bəndinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, 262187 saylı akt əsasında 548,83 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. - xx.xx.2022-ci il tarixli abunə haqqında çıxarışdan görünür ki, X1 edildiyi üçün iddiaçıya 548,83 manat məbləğində cərimə hesablanmışdır. - cavabdeh tərəfindən təqdim edilən diskə baxış keçirilmiş, lakin abonentə məxsus sayğaca kənar müdaxilənin olması qeyri müəyyəndir. Həmçinin diskin audio hissəsində səslər eşidilmir. - Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 6 saylı Mənzil Kommunal Sahəsinin təsdiqlədiyi aktdan görünür ki, ünvan 2 ünvanında yaşayış olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən ona məxsus evdə elektrik sayğacına kənar müdaxilənin olduğunu təsdiq edən heç bir əsas yoxdur. Buna görə də cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş akt qanunsuz və əsassız hesab olunur. Həmin aktın əsasında İddiaçı akt hesabında hesablanmış 548,83 manat borc silinməlidir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının iddia tələbində qeyd etdiyi 550 manat borcun 1,17 manat hissəsi cavabdehin qeyd etdiyi X1 qaydalarının pozulması nəticəsində hesablanmış borcdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq (orta gündəlik elektrik enercisi sərfinə uyğun hesablama məişət abonenti istisna olmaqla hesablanır) əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanılmış 548,83 manat borc silinməlidır. İddiaçının mənzilinə işlədicilərin gücünə görə orta sərfiyyat əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd, əsassız olaraq 548,83 manat borc hesablanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun iddiaçıdan tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı yaşadığı iddiaçının yaşadığı ünvan 2-ya görə **********02331 nömrəli abunə koduna hesablanmış 548,83 manat borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı yaşadığı ünvan 2-ya görə **********02331 nömrəli abunə koduna hesablanmış 548,83 manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar