Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5814/2023 31.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, əsassız olaraq hesablanmış 1033 manat məbləğində borcun **********07344 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsi, ev 54B saylı mənzilə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq 1033 manat məbləğində borc hesablanmışdır. Baxmayaraq ki, iddiaçı yaşadığı mənzildə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtı-vaxtında ödəmişdir. Cavabdeh tərəfindən iddiaçıya iki dəfə akt tərtib olunub. Birinci akt fevral ayında tərtib olunub. İki ay sonra yenidən gəlib akt tərtib ediblər. Birinci akt əsasında 1149 manat cərimə hesablanmışdır. Onun dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Birinci aktdan iki ay sonra yenidən gəlib 1033 manatlıq cərimə yazılıb. Bu tamamilə qanunsuzdur. İddiaçı ayda cəmi 20-30 manatlıq enerjidən istifadə edir. İddiaçı cavabdeh təşkilat tərəfindən qanunsuz və əsassız olaraq həmin məbləğin ödənilməsi tələb edildiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək öz etirazını onunla əsaslandırmışdır ki, iddiaçı dəfələrlə elektrik enerjisindən istifadə qaydalarını pozmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum oldu ki, mənzilə məxsus elektrik sayğacının dövriyyədən girişi sip xəttinə sıxac qoşulmaqla kənar xətdən istifadə olunub. Kənar xəttin en kəsiyinin sahəsi 10 mm-lik aliminum məftildən ibarətdir. Naqilin qoyuluş gücü 11 kvt-dır. Pkənar xətt= 2.1 KVT-dır. (kənar xəttdən axan yük) Psay=0 Kvt. Bu faktla əlaqədar EEİQ-nın 8.17 bəndinin tələblərinə uyğun olaraq 033078 saylı akt əsasında 1033.16 manat məbləğində hesabat aparılmışdır. İddiaçının hal-hazırda Akt əsasında 1000 manat borcu vardır. Cavabdeh yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, yaşadığı ünvanda əvvəllər sayğacdankənar xətt mövcud olmuşdur. Fevral ayında cavabdeh qurumun əməkdaşları tərəfindən akt tərtib olunmuş, müvafiq cərimə yazılmışdır. İddiaçının cərimə yazılması barədə yalnız ödəniş edərkən xəbəri olmuşdur. Həmin cəriməni ödədikdən dərhal sonra kənar xətt ləğv edilmiş və istifadə edilməmişdir. İkinci dəfə may ayında yenidən akt tərtib edilmiş, cavabdeh qurumun əməkdaşları tərəfindən onların xəbəri olmadan cərimə yazılmışdır. İki ay ərzində 1033 manat məbləğində cərimə yazılması məntiqə uyğun deyil. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazla oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, iddia tələbini qəbul etmir. Sayğaca baxış keçirilən zaman sözügedən ünvanda sayğacdankənar xətt mövcud olduğu məlum olmuşdur. Akt əsasında 1033 manat məbləğində hesabat aparılmışdır. Birinci dəfə akt tərtib olunan zaman əməkdaşlar tərəfindən video çəkiliş lentə alınmışdır. Lakin ikinci dəfə akt tərtib edilən zaman hər hansı çəkiliş lentə alınmamışdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1988-ci ildə anadan olmuşdur. İddiaçının mənzilinə quraşdırılmış elektrik sayğacının yoxlanılmasının nəticəsində cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, mənzilə quraşdırılan elektrik sayğacına baxış zamanı məlum oldu ki, mənzilə məxsus elektrik sayğacının girişi sip xəttinə sıxac qoşmaqla – kənar xəttdən istifadə olunur. Kənar xəttin ön kəsiyinin sahəsi 10 kvadrat mm aliminium məftildən ibarətdir, naqilin qoyuluş gücü 11 kvt-dır. İddiaçıya məxsus mənzilin abunə məlumatında göstərilmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixində elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə bağlı 1033,16 manat borc hesablanmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir (7.9.). İstismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır (7.10.). Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır (7.11.). İddiaçı onun mənzilinə elektrik akt əsasında hesablanmış 1033 manat borcun silinməsini xahiş edir. Cavabdeh isə həmin borcun əsaslı olması ilə bağlı yetərli sübutlar təqdim edə bilməmişdir. Cavabdehin nümayəndəsinə xx.xx.2023-cü il tarixli aktın tərtibində iştirak etmiş şəxslərin məhkəmə iclasında şahid qismində iştiraklarının təmin edilməsi və ya sayğacdankənar xəttin aşkar edilməsi zamanı aparılmış videoçəkiliş materiallarını məhkəməyə təqdim etmək təklif olunsa da, nümayəndə qeyd edilən məsələlərlə bağlı hər hansı şahid və ya sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına saxlanmış həmin borc əsassızdır. Ona görə də iddia təmin edilməli və iddiaçıya hesablanmış borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus evə xx.xx.2023-cü il tarixli, 033078 saylı akta əsasən hesablanmış 1033 (min otuz üç) manat məbləğində borc **********07344 saylı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-5814/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5814/2023
31.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver