Məhkəmə qərarları › İş №2(060)-5815/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5815/2021

29.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5815/2021 29.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Sumqayıt şəhəri, 15-ci məhəllə, ünvan 1 ünvanına dair elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 490 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı məcburi köçkün kimi Sumqayıt şəhəri, 15-ci məhəllə, ünvan 1 ünvanında 1993-cü ildən məskunlaşıb. Cavabdeh tərəfindən verilmiş abunə məlumatında elektrik enerjisindən istifadəyə görə iddiaçının mənzilinə 490 manat qaçqın borcu hesablandığı göstərilib. Lakin, həmin borc Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən silinməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, həmin borc əslində iddiaçının abunə hesabında dondurulmuş borc kimi saxlanılıb. Lakin, həmin borc iddiaçıdan tələb edilmir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. O, Füzuli rayonu, Kürdlər kəndində qeydiyyatdadır. 22 saylı Mənzil Kommunal Sahəsinin 17.05.2021-ci il tarixi, 1377 saylı arayışında göstərilmişdir ki, iddiaçı ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 15-ci məhəllə, ünvan 1 ünvanında 1993-cü ildən məskunlaşıb, lakin 15.05.2021-ci ildən orada yaşamır. **********01166 saylı iddiaçıya məxsus abunə haqqında məlumatdan görünür ki, iddiaçının yaşadığı ünvana 490,04 manat məcburi köçkün borcu hesablanmışdır. Həmin borc 31.12.2016-cı ildə dondurulsa da, iddiaçının abonent hesabından silinməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Hazırkı halda iddiaçı yaşadığı mənzilə dair hesablanmış elektrik enerjisindən istifadəyə görə borcun əsassız olduğunu bildirir və həmin borcun haradan yaranmasının aydınlaşdırılmadığını qeyd edir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1-1-ci bəndində göstərilmişdir ki, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. İşdən göründüyü kimi iddiaçının elektrik enerjisinə görə olan borcu 31 dekabr 2016cı ildə dondurulmuşdur. Lakin həmin borc sayğac əsasında yaranmış borc olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanında isə sayğacı olmayan məcburi köçkünlərin borclarının dövlət tərəfindən ödənilməsi qərara alınmışdır. Lakin, cavabdeh iddiaçının həmin borcunu silməmişdir. Bu səbəbdən iddia təmin edilməli, iddiaçının abonent hesabında olan elektrik enerjisindən istifadəyə görə 490,04 manat manat borc silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı abonent hesabında saxlanmış elektrik enerjisindən istifadəyə görə 490 (dörd yüz doxsan) manat 04 (dörd) qəpik məbləğində dondurulmuş borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar