Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-583/2023 17.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən evə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq 1200,28 manat məbləğində debitor borc hesablanmışdır. O 2022-ci ildə həmin mənzili almışdır. Mənzilə dair mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş və çıxarış təqdim edilmişdir. Əvvəl ki, ev sahibi Qubadlı rayonundan məcburi köçkün olmuşdur. Mənzili aldıqda həmin borc heç bir yerdə qeyd edilməmişdir. Lakin Asan Xidmətdə abunə kodunı adına keçirtmək istədikdə yuxarıda qeyd edilən borcu ödəmədiyi halda sənədləşmənin aparılmayacağı bildirilmişdir. Halbuki, abunə haqqında çıxarışdan da görünür ki, əslində həmin borc silinmişdir. Lakin cavabdeh təşkilat qanunsuz və əsassız olaraq həmin məbləğin ödənilməsini tələb etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında yerləşən evə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 1200,28 manat məbləğində debitor borcun **********05609 saylı abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə qarşı iddia tələbi üzrə məhkəməyə dəqiqləşmə təqdim edərək dondurulmuş 1194.94 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzili yeni almışdır. İşığa dair kodu öz adına qeyd etdirmək istəyərkən məlum olmuşdur ki, keçmiş sakinin adına dondurulmuş qaçqın borcu vardır. Həmin borc mənzil alqı-satqısı zamanı aşkar edilməmişdir. Qarşılaşdığı hala görə də məhkəməyə müraciət etmişdir. İddia tələbini əsaslı hesab edir və təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçının silinməsini tələb etdiyi borc Adil Hüseynovun adına olan kod üzrə 2016-ci ilə qədər dondurulmuş qaçqın borcudur. Onun adına olan 1209.70 manat borc məbləğindən 2016-cı ilə qədər olan olan borc Prezidentin Fərmanına əsasən silinmişdir. 1191.94 manat dondurulmuş qaçqın borcu olduğundan tələb olunmur. Yalnız mənzilin alqı-satqısı və abunə kodununu addan ada keçirilməsi zamanı “ASAN xidmət” tərəfindən tələb olunur. xx.xx.2016-ci ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 1191.94 AZN borc dondurulmuşdur. Abonentin xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək sayğac üzrə borcu yoxdur. Məhkəmə İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Abunə haqqında məlumatdan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında istifadə etdiyi elektrik enerjisinin dəyəri vaxtında ödəmiş, 1191.94 manat məbləğində dondurulmuş borcu vardır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, İddiaçı hüququ rəsmiləşdirilən şəxs, mənzil daşınmaz əmlak növündə olmaqla, daşınmaz əmlakın olduğu yer ünvan 1 ünvanıdır. Xüsusi mülkiyyət hüququ əsasında 86.50 kvadratmetr, reyestr nömrəsi **********92- 05101-093038 ilə xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə tam payda rəsmiləşdirilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində, saat 15:20-15:40-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Azərişıq ASC 7 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmasına baxmayaraq iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Sumqayıt regional enerji təchizatı və satışı idarəsinin 50-01/042 nömrəli, 06 fevral 2023-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, məktubda qeyd olunan **********05609 kod elektrik enerjisindən istifadəyə görə Azərişıq ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin məlumat bazasında xx.xx.2011-ci il tarixindən ünvan 3 Heydərov Aqil adı ilə abonent qeydiyyatındadır. Mənzilə xx.xx.2011-ci ildə elektrik hesabat sayğacı quraşdırırlaraq istismara verilmişdir. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2016-cı ildə aparılmış Məcburi köçkün borcunun dondurulması zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 1191,94 manat borc dondurulmuşdur. Hal-hazırda Azərişıq ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun mövcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Abonentin xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixinədək enerji təchizatı təşkilata borcu yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat olan "xxxx" ASC iddiaçının mübahisələndirdiyi 1194,94 manat məbləğində debitor borcu qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində ödənilməsini tələb etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan suiistifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1-1-ci bəndində göstərilmişdir ki, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatlan və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişəttullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. Mülki iş materiallarından da müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan borcu dondurulmuş, həmin borc Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə sayğacı olmayan məcburi köçkünlərin borclarının dövlət tərəfindən ödənilməsi qərara alınmışdır. Lakin cavabdeh "xxxx" ASC tərəfindən həmin borcu silinməmişdir. Bu səbəbdən iddia təmin edilməli, iddiaçının abonent hesabında olan elektrik enerjisindən istifadəyə görə 1194,94 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 1194,94 (bir min yüz doxsan dörd manat doxsan dörd qəpik) manat məbləğində borc **********05609 saylı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-583/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-583/2023
17.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver