Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-585/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı icarə müqaviləsinə əsasən borcun qaytarılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən icarə müqaviləsinə görə 1280 manat, dövlət rüsumuna görə 30 manat və dövlət rüsumuna hesablanmış 12,80 manat faiz məbləğinin, ümumilikdə 1322,80 manat məbləğində pulun alınıb iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AUTO MİLE SERVİCE” MMC-nin direktoru Bünyat-zadə Emil Aydın oğlu ilə cavabdeh arasında “TOYOTA İQ” markalı, **- HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 18.03.2021-ci il tarixdən 07.10.2021-ci il tarixədək 1 günü 25 manat olmaq şərtilə 203 gün müddətinə icarəyə verilməsinə dair 07.10.2021-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanaraq yol vərəqəsi və təhvil-təslim aktı verilmişdir. Cavabdeh avtomobili icarəyə götürməyinə baxmayaraq, icarə müddətinə olan borcunun 3795 manat məbləğini ödəmiş, nəticədə 1280 manat borcu qalmışdır. Avtomobilin icarə haqqına görə 1280 manat borcun tələb edilməsinə dair cavabdehə 27.10.2021-ci il tarixli 068 NÖMRƏLİ pretenziya ilə müraciət edib 3 gün müddətində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/28-də fəaliyyət göstərən İddiaçı MMC-yə gəlib ödənilməsi barədə poçt vasitəsilə məktubla müraciət etmişlər. Bir neçə dəfə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh ödəniş etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdehə borcun hissə-hissə ödənilməsi ilə bağlı güzəşt edilmişdir. İş materialına əlavə edilmiş sənəddən də göründüyü kimi cavabdeh borcunu öz imzası ilə təsdiq etmişdir. Pretenziya ilə bir nəticə əldə etmədiklərindən məhkəməyə müraciət etmə zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1990-cı ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan tərəflər arasında bağlanmış 18.03.2021-ci il tarixli, H8GFF saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən “TOYOTA İQ” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil 18.03.2021-ci il tarixdən 07.10.2021-ci il tarixədək 1 günü 25 manat olmaq şərtilə 203 gün müddətinə iddiaçı tərəfindən cavabdehə icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş 18.03.2021-ci il tarixli yol vərəqəsinə əsasən cavabdehə “TOYOTA İQ” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir. 07.10.2021-ci il tarixli hesabdan çıxarışa əsasən cavabehin iddiaçıya 1280 manat borcu yaranmışdır. Həmin çıxarışda cavabdeh əlyazması ilə qeyd etmişdir ki, İddiaçı MMC-yə borcu yaranmışdır. 20.10.2021-ci il tarixinədək borcu tam bağlayacam”. 11.01.2022-ci il tarixli arayışıdan görünür ki, cavabdeh iddiaçıya 07.10.2021-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə 5075 manat borcundan 3795 manat ödəyib, yerdə qalan ödənilməyən borc məbləği 1280 manat təşkil edir. İşə əlavə edilmiş 27.10.2021-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə 3 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 45 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (700.1.). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (700.2.). Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (700.3.). Mülki Məcəllədə həmçinin göstərilir ki, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir (684.1.). Göründüyü kimi tərəflər arasında icarə müqaviləsi bağlanmış və iddiaçı müqavilədə nəzərdə tutulmuş nəqliyyat vasitəsini cavabdehin istifadəsinə vermişdir. Cavabdeh isəmüqaviləyə əsasən öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və icarəhaqqını lazımi qaydada ödəməmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və banka 18.03.2021-ci il tarixli, H8GFF saylı icarə müqaviləsi üzrə 11.01.2022-ci il tarixə 1280 manat məbləğində borcu qalmışdır. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı eyni zamanda iddia ərizəsinin xahiş hissəsində dövlət rüsumuna hesablanmış 12,80 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı ümumilikdə 45 manat dövlət rüsumu ödəmişdir. Lakin iddiaçı hazırkı 1280 manat məbləğində pul tələbi ilə bağlı 32,80 manat məbləğində dövlət rüsumu ödəməli idi. İddiaçı dövlət rüsumuna hesablanmış 12,80 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etsə də, burada hansı faiz məbləğindən söhbət getdiyi müəyyən olunmur. Bu səbəbdən iddia qismən təmin edilməli, 1280 manat məbləğində borc və 32,80 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 18.03.2021-ci il tarixli, H8GFF saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 1280 ( min iki yüz səksən) manat məbləğində borc və ödənilmiş 32 (otuz iki) manat 80 (səksən) qəpik məbləğində dövlət rüsumu Cavabdeh oğlundan tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-585/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-585/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver