Məhkəmə qərarları › İş №2(060)-5874/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5874/2022

02.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5874/2022 02.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus ünvan 1 ünvanına elektrik enerjisindən istifadəyə görə əsassız olaraq 939.44 manat məbləğində debitor borc hesablanmışdır. O, mənzili alqı-satqı yolu ilə almışdır. Mənzilin abunə kodunu adına keçirmək istədikdə mənzilin 939.44 manat dondurulmuş məcburi köçkün borcu olduğu bildirilmişdir. Mənzilində istifadə etdiyi elektrik enerjisinin haqqını vaxtlı vaxtında ödəmişdir. Hal-hazırda “Şimal” RETSİ tərəfindən ona məxsus mənzildən özlərinin dediyinə görə tələb olunmayan borc qanunsuz olaraq tələb edilir. Halbuki abunə haqqında çıxrışdan da görünür ki, xx.xx.2016-cı il tarixdən 939.44 manat borcu silinmişdir. Lakin cavabdeh təşkilat qanunsuz və əsassız olaraq həmin məbləğin ödənilməsini tələb etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilinə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 939.44 manat məbləğində məcburi köçkün borcunun **********01793 abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X1 izahat verərək bildirdi ki, iddiaçı həyat yoldaşıdır. Mənzili 2022-ci ilin iyun ayında alqı-satqı yolu ilə almışlar. Mənzilin əvvəlki sakini məcburi köçkün olmuş və onun adına dondurulmuş borc olmuşdur. Mənzili alarkən heç bir borcun olduğu müəyyən edilməmişdir. Alqı-satqı zamanı “ASAN xidmət”də 939.44 manat dondurulmuş borcun olması onlara məlum olmuşdur. Hazırda sayğac borcu yoxdur. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçının sayğac üzrə borcu yoxdur. İddia ərizəsi üzrə silinməsi tələb olunan borc dondurulmuş borcdur. Həmin məbləğ istehlakçıdan tələb edilmir. Yalnız alqısatqı zamanı yoxlanılanda borc məbləği kimi qeyd olunur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı üzərində İddiaçı xüsusi tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, iddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. Məhkəmə sorğusuna əsasən alınıb iş materiallarına əlavə edilmiş "xxxx" ASC “Şimal” RETSİ-nin 20 oktyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanı **********01793 saylı kodla xx.xx.2008-ci il tarixindən İslamova Səltənət adı ilə qeydiyyatdadır. Həmçinin xx.xx.2008-ci ildə abonentin mənzilinə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. xx.xx.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 939.44 manat borc dondurulmuşdur. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun mövcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Abonentin xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixinədək enerjitəchizatçı təşkilata sayğac borcu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmin Məcllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551-ci maddəsinin tələbinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını müəyyən etdiyi hallara tətbiq edərək qənaətə gəlir ki, istehlakçı tərəfindən istifadə edilən elektrik enerjisinin dəyərinin ödənilməsi vaxtaşırı edilən ödənişlər növünə aiddir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının 2017-ci il tarixdən əvvələ yaranmış elektrik enerjisindən istifadəyə görə edilməli olan ödənişlərin tələb etmə müddəti cavabdehin hərəkətsizliyi səbəbindən ötürülmüşdür. Odur ki, bu səbəbdən iddiaçının öhdəliyinə xitam verilməli, iddia tələbi təmin edilərək iddiaçıya hesablanmiş 939.44 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən, enenrji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən,yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaçlarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci maddəsinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğaçın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.1-ci maddəsinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı vaxtaşırı ödənişlər etmiş, sayğac üzrə hər ay istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəmişdir. Belə olan halda məsuliyyəti cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının öhdəliyinə verməsi əsassız olmaqla, qanuna uyğun deyildir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 939.44 (doqquz yüz otuz doqquz manat qırx dörd qəpik) manat məbləğində borc **********01793 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar