Məhkəmə qərarları › İş №2(060)-5883/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5883/2021

29.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5883/2021 29.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirak ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə 29 iyul 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mkr, 39/16a saylı evin 56 saylı mənzilinə dair qaz sayğacına görə tərtib olunmuş ******* nömrəli, 05.04.2021-ci il tarixli akt əsasında yaranmış 216 (iki yüz on altı) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, 39/16a saylı evin 56 saylı mənzili AR ƏMDK yanında DƏDRX-nin ******* № li, 12.01.2018-ci il tarixli çıxarışı ilə onun mülkiyyətindədir. Həmin evə dair **********00560 nömrəli abonent kodu köhnə ev sahibi Mahmudov Zaurun adına qeydiyyata alınmışdır. Evi aldığı gündən heç vaxt kommunal ödənişlərində bağlı heç bir problem yaranmamışdır. Belə ki, 21.01.2021-ci il tarixdə Azəriqaz İB-nin əməkdaşları yaşadığı mənzilə gələrək qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı 21.01.2021-ci il tarixli akt tərtib etmişdirlər. Həmin akta əsasən, G-4 markalı ******* nömrəli sayğac ZENNER tipli G-4 markalı **********0 № li sayğacla əvəzləmişlər. Köhnə sayğac onun, ailə üzvlərinin şahidliyi ilə çıxarılmış, sayğacın plombu və ya başqa qüsuru ilə bağlı heç bir problem olmamışdır. Bir neçə ay sonra Azeriqaz İB-nin əməkdaşları onun xəbəri olmadan sayğaca görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 05.04.2021-ci il tarixli akt tərtib etmişlər. Həmin seriyalı aktda çıxarılan sayğacın hesablama mexanizminin qapağının üzərində olan iki zavod qurğuşun plombundan birinin kəsilməsi, digərinin üzərində aşkar olunmaması və dəymiş ziyanın hesablanması qeyd edilmişdir. Bunun nəticəsi olaraq ki, həmin akt əsasında sayğaca görə 216.00 manat məbləğində borc yaranmışdır. Qeyd edir ki, nə o, nə ailə üzvləri tərəfindən sayğaca və ya qaz borularına heç bir müdaxilə olunmamışdır. Belə ki, sayğac 2021-ci ilin yanvar ayında çıxarılmışdır. Ailə üzvlərinin şahidliyi ilə sayğac çıxarılarkən heç bir problemi olmamışdır, sayğacın plombu nəzarətçi tərəfindən açılmışdır. Sonradan 3 ay sonra monitorinq keçirilmiş, labaratoriyanın rəyinə əsasən sayğaca sübutu olmayan qanunsuz qüsur yazılmışdır. Həmçinin həmin borcla bağlı olan akta imzanı da o, çəkməmişdir. Heç bu borcla bağlı məlumatı da olmamışdır. Sayğac labaratoriyaya aparılanda belə əməkdaşlar sayğaca onlar tərəfdən hər hansı bir müdaxilə etməyi ilə bağlı sübut aşkar etməmişdirlər. Labaratoriyanın rəyi isə sadəcə fərziyyədir. Yaranmış həmin borcu qanunsuz və əsassız hesab edir. Belə ki, qaz sayğacı küçədə quraşdırılmışdır. Həmçinin sayğaca nəzarət cavabdeh təşkilatın əməkdaşaların nəzarətində olan işdir. Bu müddət ərzində nəzarətçinin sayğaca nəzarət etməməsi və işinə səhlənkar yanaşması onun hüquqlarını tapdalıyır. Bu borc reallığı əks etdirmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilmişdir. Vizual baxış zamanı sayğacın hesablama mexanizminin qapağının üzərində olan iki zavod qurğuşun plombundan birinin kəsilməsi, digərinin üzərində aşkar olunmaması müəyyən edilmişdir. Buna görə də «Azəriqaz» İB tərəfindən 05.04.2021-ci il tarixli, ******* nömrəli saylı akt tərtib edilmişdir. Həçminin sayğaca olan müdaxilə nəticəsində 216 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Hesab edir ki, akt tam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 39/16a , mənzil 56 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı oğlunun adına 290 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 12.01.2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında X1 adına 21.01.2021-ci il tarixdə açılmış sayğaca əsasən təbii qazdan istifadəyə görə 216 manat borc hesablanmışdır. İşdə olan 05.04.2021-ci il tarixli, ******* nömrəli aktda X1 adına açılmış G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin qapağının üzərində olan iki zavod qurğuşun plombundan birinin kəsilməsi, digərinin üzərində aşkar olunmaması qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 30.03.2021-ci il tarixli, MSK-29/1710-00634-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla “Azəriqaza” İB-nin SOCAR**********30991710x00634 saylı, 05.02.2021-ci il tarixli məktubuna əsasən 22.02.2021-ci il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 06.04.2021-ci il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 2160 m3 (216 manat) müəyyən edilmişdir. İşdə olan 21.01.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı adına açılmış G-2.5 markalı ******* nömrəli sayğac ZENNER tipli G-4 markalı **********0 № li sayğacla əvəzlənmişdir Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, borc yazılmış və sayğacı çıxarılmış mənzil halhazırda İddiaçı mülkiyyətində və istifadəsində olduğundan, mübahisələndirilən cərimə məbləği mənzil iddiaçının mülkiyyətində və istifadəsində olduğu vaxt yazıldığından məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ var. Digər tərəfdən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanına quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından ona əsassız olaraq hesablanmış 216 manat məbləğində cərimə borcu silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu: **********00560) hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar