Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5893/2020 06.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh «xxxxxxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus mənzilə (abunə kodu **********01722) X1yə görə əsassız olaraq hesablanmış 2805,49 manat məbləğində debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxxxxxx” ASC tərəfindən yaşadığı Sumqayıt şəhəri, Xəzər bağçılıq Yoldaşlıq Cəmiyyətinin ərazisində daxili tanınması üçün adlandırılan Uçuq bina 4-cü mərtəbədə yerləşən mənzilinə X1yə görə əsassız olaraq 2805,49 manat məbləğində debitor borc hesablanmışdır. Sayğac mənzilə xx.xx.2010-cı il tarixdən quraşdırılmış və həmin vaxtdan da istifadə etdiyi elektrik enerjisinin haqqını vaxtlı vaxtında ödəmişdir. Hal-hazırda “Şimal” RETSİ tərəfindən ona məxsus mənzildə X1yə görə yaranmış borc qanunsuz olaraq tələb edilir və ödənilməyəcəyi təqdirdə mənzilə enerji verilişinin dayandırılacağı bildirilmişdir. Abunə haqqında çıxarışdan da görünür ki, cavabdeh tərəfindən qeyd olunan mənzilə 2010-ci il tarixində elektrik hesabat sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən qanunsuz olaraq ondan əsası olmayan və 2010-cu ilə qədər metodiki hesablama yolu ilə yaranmış borclar tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 8.2-ci maddəsinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 8.4-cü maddəsinə əsasən Enerjitəchizat müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin alınmasına yol verilmir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin ərizə ünvanlayaraq oğlu müharibədə ağır yaralandığı və öz səhhətində müəyyən problemlər olduğu üçün məhkəmə prosesində iştirak edə bilməyəcəyindən, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında işrirak edən cavabdeh «xxxxxxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək “xxxxxxxx” ASC Şimal RETSİ tərəfindən ona məxsus mənzilə X1yə görə hesablanmış 2805,49 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxxxxxx” ASC-nə qarşı verdiyi iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iddiaçının mənzili xx.xx.2009-cu il tarixində abonent qeydiyyatına alınıb. xx.xx.2010cu il tarixində mənzilə elektrik hesabat sayğacı quraşdırılıb. xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək elektrik hesabat sayğacı əsasında 3803,14 manat hesablanmışdır. Abonent həmin dövürdə 900 manat ödəniş etmiş və hal-hazırda iddiaçının sayğaca görə 2903.14 manat debitor borcu qalmışdır. Abunə haqqında çıxarışdan da görünür ki, iddiaçı xx.xx.2009-cu il tarixindən xx.xx.2020-ci il tarixədək aylıq ödənişləri vaxtı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtlıvaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın (E.E.İ.Q) 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın tələbinə uyğun istifadə etməli idi. EEİQ-nın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Bütün bunlar iddiaçının “EEİQ"'-nin tələblərini açıq aşkar pozduğunu göstərdiyindən və istehlakçının məhkəməyə müraciət edərək məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyindən hüquqdan sui-istifadə hesab edilməlidir. Nümayəndə yuxarıda göstərilənləri və “EEİQ”-nı nəzərə alaraq, İddiaçı 2805,49 manat məbləğində borcun silinməsinə dair iddia tələbinin əssasız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2020-ci il tarixli, 429 nömrəli ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, “Xəzər” bağçılıq Yoldaşlıq Cəmiyyətinin ərazisində daxili tanınması üçün adlandırılan Uçuq bina, 4-cü mərtəbədə həyat yoldaşı ilə birlikdə yaşayır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus mənzilə X1yə görə 2805,49 manat məbləğində borc hesablanmışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt şəhəri, Xəzər bağçılıq Yoldaşlıq Cəmiyyətinin ərazisində daxili tanınması üçün adlandırılan Uçuq bina 4-cü mərtəbədə yerləşən mənzil İddiaçı istifadəsindədir. Sözügedən mənzilə X1yə gorə sonuncu dəfə sayğac dəyişdirilməsi xx.xx.2010-cu il tarixdə həyata keçirilmişdır. İddiaçının 1076,97 manat məbləğində borcu isə xx.xx.2015-ci il tarixə qədərki dövrdə yaranmışdır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbetmə müddəti keçdiyinə görə cavabdeh tərəfindən iddiaçıya 2015-ci ilin iyul ayına qədər olan dövrə aid elektrik enejisindən istifadəyə görə hesablanmış 1076,97 manatborcun silinməsi hissəsində iddia tələbi əsaslıdır. Lakin məhkəmə hesab edir ki, iddiaçı sözügedən məbləğdən qalan 1728,52 (2805,49-1076,97) manat hissəsində iddia tələbinin əsaslandığı halları sübuta yetirə bilməmişdir. Belə ki, o, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının 2015-ci ilin iyul ayına qədər olan dövrə aid elektrik enejisindən istifadəyə görə yaranmış 1076,97 manatborcu silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, Xəzər bağçılıq Yoldaşlıq Cəmiyyətinin ərazisində daxili tanınması üçün adlandırılan Uçuq bina 4-cü mərtəbədə yerləşən mənzilə (abonent kodu: **********01722) cavabdeh «xxxxxxxx» ASC tərəfindən hesablanmış 1076,97 (bir min yetmiş altı manat doxsan yeddi qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5893/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5893/2020
06.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver