Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5903/2024 29.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 88,30 manat borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı "İnşaatçı" məhəllə komitəsinin əhatə etdiyi ərazi ünvanında yerləşən, ev 371-də ailə üzvüləri ilə birgə yaşayır. 5 ay bundan əvvəl "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən fərdi evə xidmət edən qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Bu zaman evə gedən qaz xətti qaz sayğacı ilə düzgün birləşməmiş, nəticədə təbii qazın bir hissəsi axıb havaya getmişdir. O, dəfələrlə bu barədə Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşlarına məlumat vermişdir, Lakin onlar texniki nasazlığı aradan qaldırmamışlar. Əvəzində guya iddiaçıya 88,30 manat dəyərində qaz istifadə etdiyi barədə bildiriş verilmişdir. İddiaçı cavabdehdən qaz sızmasının nəticələri barədə akt tərtib edilməsini tələb etmişdir. Cavabdeh akt tərtib etməkdən imtina etmişdir. O, istehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmişdir. Bu səbəbdən də tələb olunan 88,30 manat məbləği əsassız hesab edir. Qaz ilkisi cavabdehin günahı üzündən baş vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək tələbin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: - Abonent saldosunun surətindən görünür ki, Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı "İnşaatçı" məhəllə komitəsinin əhatə etdiyi ərazi ünvanında yerləşən, ev 371 ünvanına qaz sərfiyyatına görə 88,30 manat borc hesablanmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı "İnşaatçı" məhəllə komitəsinin əhatə etdiyi ərazi ünvanında yerləşən, ev 371 ünvanına qaz sərfiyyatına görə 88,30 manat borc hesablandığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsininin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalıdır. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı "İnşaatçı" məhəllə komitəsinin əhatə etdiyi ərazi ünvanında yerləşən, ev 371 ünvanı üzrə hesablanmış borc iddiaçının öz qaz sərfiyyatı borcudur. Bu səbəbdən İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı hesablanmış 88,30 manat borcun silinməsinə iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı hesablanmış 88,30 manat borcun silinməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5903/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5903/2024
29.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver