Məhkəmə qərarları › İş №2(060)-5905/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5905/2024

19.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5905/2024 19.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilərək əvvəlki hüquqi statusuna qaytarılması (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16, X6 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt ərazi İdarəsi) tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli, 2V/29 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında ünvan 1 ünvanına dair verilmiş çıxarışın ləğv edilərək mənzilin əvvəlki hüquqi statusuna qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1971-ci il tarixdə Ermənistan SSR, Sisyan rayonunda anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. İddiaçı bildirir ki, ünvan 2nvanında yerləşən 22 saylı mənzil iddiaçının mərhum nənəsi X5 mülkiyyətində olmuşdur. X9 xx.xx.2006-cı il tarixdə ölmüş, sözügedən mənzil iddiaçının nənəsinin ölümündən sonra vərəsəsi olan atası X11 tərəfindən faktiki qəbul edilsə də rəsmi olaraq qəbul edilməmişdir. Miras əmlakı rəsmi qəbul etməməsinin səbəbi qanunun tələbini bilməməsi olmuşdur. İddiaçı qeyd edir ki, atası X11 xx.xx.2009-cu il tarixdə ölmüş və atasının vərəsələri övladları İddiaçı, X6, Eyubova (İbiliyeva) Zemfira Eldar qızı və Lətifzadə (İbiliyeva) Minayə Eldar qızı olmuşdur. İddiaçının atası öldüyündən nənədən qalan miras əmlak üzrə də vərəsəlik hüququ iddiaçıya məxsus olmuş, lakin qanunvericiliyin tələbini bilmədiyi üçün miras əmlakın qəbulu ilə bağlı müvafiq notariat ofisinə müraciət etməmişdir. İddiaçı bildirir ki, nənəsinin eləcə də atasının ölümündən sonra sözügedən miras əmlakı iddiaçının və digər qardaş-bacılarının ümumi istifadəsində olmuşdur. Lakin bu yaxınlarda sözügedən miras əmlakın qardaşı X6 və X10 tərəfindən 2012-ci il tarixdə rəsmi qaydada notariusda vərəsəlik işi açılaraq qəbul etdikləri məlum olmuşdur. Belə ki, keçən müddət ərzində qəti olaraq bu məsələdən xəbəri olmamış, bu yaxınlarda onlar evi satmaq istədiklərini bildirdikdə onlara etiraz etmiş, onlar isə iddiaçının əmlak üzərində heç bir hüququnun olmadığını, özlərinin vərəslik işi açdıraraq mənzili adlarına rəsmiləşdirdiklərini bildirmişdirlər. İddiaçı təkrar olaraq qeyd edir ki, qəti olaraq vərəsəlik işinin açılmasından iddiaçı və bacısı X2 xəbəri olmamış, onlar sözügedən şəxslərin xeyrinə özlərinə düşən paydan imtina etməmişdirlər. Lakin notariat ofisi heç bir araşdırma aparmadan, digər vərəsələri müəyyən etmədən əsassız olaraq onların adına vərəsəlik haqqında şəhadətnamə vermişdir. Keçən müddət ərzində qardaşı və bacısı mənzili rəsmi qaydada qəbul etdikləri barədə heç bir məlumat verməmişdir. İddiaçı qeyd edir ki, onun qeyd olunan hadisələr baş verənədək keçən müddət ərzində müraciət etməməyinin səbəbi qanunun tələbini səhv başa düşməyi olmuşdur. Belə ki, o miras əmlakın qəbulu ilə bağlı 6 ay tamam olduqdan sonra istənilən vaxtı notariat ofisinə müraciət etməli olduğumu başa düşmüşdür. Lakin sonradan iddiaçıya izah olunmuşdur ki, 6 ay tamam olduqdan sonra müraciət etməli idi yox, 6 ay müddət tamam olduqdan sonra vərəsəlik haqqında şəhadətnamə verilir. Yəni, qanunun tələbini səhv başa düşmüş. Bu şəbədən də dərhal vərəsəlik işinin açılması ilə bağlı dərhal iş üzrə cavabdeh Sumqayıt Şəhəri 4 saylı Notariat ofisinə müraciət etsə də imtina edilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə İddiaçı təklif etmişdir ki, xx.xx.2012-ci il tarixli, 2V/29 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış şəxslər X10 və X3 iş üzrə cavabdeh qismində cəlb etsin, iddiaçı bununla razılaşmamışdır. Məhkəmə bu qətnamənin qeyd eilən şəxslərin hüquq və vəzifələrinə təsir edə biləcəyini nəzərə alaraq öz təşəbbüsü ilə onları və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt ərazi İdarəsini Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, 1994-cü ildə ailə həyatı qurmuş və ailə həyatı qurandan sonra o evdə yaşamamış, nənəsi və atası öləndən sonra qardaşı və bacısı evi öz adlarına keçirmişdirlər. Halbuki, notariusda və Asan Xidmət mərkəzində iddiaçıya bildirilmişdir ki, birinci vərəsə kimi atasının bacısı Tamara xanımın və ikinci vərəsə kimi iddiaçının imzası olmalıdır. Bu səbəbdən də iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat ofisi iclasın yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iclasın yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, o, tərəflərin bacısıdır. Ev nənələrinin adına olmuşdur. Nənələrinin sağlığında həmin evdə Zemfira, böyük qardaşı, onun yoldaşı və qardaşı Fəxrəddin yaşayırdılar. Xatirənin də öz evi olmuşdur. O, orada yaşamış, sonra qaynatasının evini də alıb və Coratda yaşamağa başlamışdır. Evin sənədləşməsindən məlumatlı olmuşdur, Xatirə də bu işdən məlumatlı olmuşdur. 2009-cu ildə ataları vəfat etmişdir və hamısınında məlumatı olmuşdur ki, mənzil Zemfira ilə Fəxrəddinin adına keçirilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər 4 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3226 saylı məktubdan görünür ki, X5 miras əmlakına dair Sumqayıt şəhər 6 saylı Dövlət Notariat Ofisində açılmış vərəsəlik işi üzrə X8 və X10 vərəsə kimi tanınaraq xx.xx.2012-ci il tarixdə 2V/29 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X1 əmlakına dair vərəsəlik işi açılaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən vərəsələr siyahısına daxil edilməsinin imkan xaricində olduğuna izah edilmiş ona görə aidiyyatı üzrə məhkəməyə müraciət etməyi izah olunmuşdur. - Elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, X5 miras əmlakına dair Sumqayıt şəhər 6 saylı Dövlət Notariat Ofisində açılmış vərəsəlik işi üzrə X8 və X10 vərəsə kimi tanınmışdır. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 5/22, 22 saylı mənzil xx.xx.2012-ci il tarixdə X8 və X4 adına hər birinə ½ hissədə pay müəyyən edilməklə qeydiyyata alınmışdır. - xx.xx.2012-ci il tarixdə 2V/29 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X5 miras əmlakına dair Sumqayıt şəhər 6 saylı Notariat Ofisində açılmış vərəsəlik işi üzrə X8 və X10 vərəsə kimi tanınmışdır. - xx.xx.1988-ci il tarixli 342 saylı orderdən görünür ki, ünvan 2nvanında yerləşən 22 saylı mənzil X5 mülkiyyətinə verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2nvanında yerləşən 22 saylı mənzil iddiaçının mərhum nənəsi X5 mülkiyyətində olmuşdur. X9 xx.xx.2006-cı il tarixdə ölmüşdür, sözügedən mənzil iddiaçının nənəsinin ölmündən sonra vərəsəsi olan iddiaçının atası X11 tərəfindən faktiki qəbul edilsə də rəsmi olaraq qəbul edilməmişdir. X11 xx.xx.2009-cu il tarixdə ölmüş və onun vərəsələri övladları X6 və Eyubova (İbiliyeva) Zemfira Eldar qızı mirası rəsmi qaydada qəbul etmişlər. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 5/22, 22 saylı mənzil xx.xx.2012-ci il tarixdə X8 və X4 adına hər birinə ½ hissədə pay müəyyən edilməklə qeydiyyata alınmışdır. İddiaçı mübahisəli mənzildə 1994-ü ildən yaşamamışdır. Qeyd edir ki, qanunu bilmədiyi üçün vaxtında mirasla əlaqədar müvafiq orqanlara müraciə etməmişdir, bu səbəbdən iddiaçı xx.xx.2012ci il tarixli, 2V/29 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında ünvan 1 ünvanına dair verilmiş çıxarışın ləğv edilərək mənzilin əvvəlki hüquqi statusuna qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi; 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1300. Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. 1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir. 1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər. 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1323. Bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir. 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən - Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir . Qərarda qeyd edilənlər, Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və Qərar qəbul edilərkən məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixli, 2V/29 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi zamanı qanunvericiliyin normaları pozulmadığından, İddiaçı cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat ofisinə qarşı xx.xx.2012-ci il tarixli, 2V/29 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında ünvan 1 ünvanına dair verilmiş çıxarışın ləğv edilərək mənzilin əvvəlki hüquqi statusuna qaytarılması barədə barədə iddia tələbi rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat ofisinə qarşı xx.xx.2012-ci il tarixli, 2V/29 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında ünvan 1 ünvanına dair verilmiş çıxarışın ləğv edilərək mənzilin əvvəlki hüquqi statusuna qaytarılması barədə barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar