Məhkəmə qərarları › İş №2(060)-5936/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5936/2022

14.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5936/2022 14.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçıların hüquqlarının müdafiəsi barədə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçıların hüquqlarının müdafiəsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, hazırda Sumqayıt şəhəri, 15-ci məhəllə 64A saylı evin 59 saylı mənzilindəki **********00214 saylı abonent koduna xx.xx.2015-ci il tarixinə (ETAİS-dən gələn borc) 461.90 manat borc hesablanmışdır. Həmin borcun silinməsi ilə bağlı cavabdeh orqana müraciət etməyinə baxmayaraq cavabdeh orqan həmin borcun silinməsİndən imtina etmişdir. Həmin borcun tələb etmə müddəti ötürüldüyündən borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh "xxxx" ASC qeyd edir ki, hazırki istifadə etdikləri enerji sərfiyyatına görə 461.90 manat (ETAİS-dən gələn borc) borc xx.xx.2015-ci il tarixə kimi yaranmışdır. Ona görə də müddətin keçməsi ilə əlaqədar həmin öhdəliyə xitam verilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 15-ci məhəllə 64A saylı evin 59 saylı mənzilinə (abonent kodu **********00214) enerji sərfiyyatına görə xx.xx.2015-ci il tarixə hesablanmış 461.90 manat (ETAİS-dən gələn borc) borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edib etirazı onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə əsasən əsassız və hüquqdan sui-istifadə olduğu üçün təmin olunmamalıdır. Belə ki, iddiaçının mənzili xx.xx.2002-ci il tarixdə abonent qeydiyyatına alınmışdır. xx.xx.2011-ci il tarixdə abonentin mənzilinə elektrik hesabat sayğacı quraşdırılmışdır. İddiaçının mənzilində xx.xx.2011-ci il tarixindən xx.xx.2022-ci il tarixədək 947,07 manat elektrik enerjisindən isdifadə olunmuşdur. Lakin abonent bu dövrdə 571,7 manat ödəniş etmiş və hal-hazırda iddiaçının 375.90 manat borcu qalmışdır. İddiaçı isə ona məxsus mənzıfə 461,90 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona elektrik enerjisindən istifadəyə görə hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Abunə haqqında çıxarışdanda görünür ki. iddiaçı xx.xx.2011-ci il tarixindən xx.xx.2022-ci il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir abonent istifadə etdiyi enerjinin borclarını vaxtlıvaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Göstərilənlərə əsasən məhkəmədən İddiaçı 461,90 manat borcun silinməsinə dair iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı X1 iştirakı ilə izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Bir ay bundan öncə ona bildiriş göndərilərək borc ödənilməzsə, 3 gün ərzində elektrik enerjisinin verilməsinin dayandırılacağı bilirilmişdir. Elektrik enerjisinin verilməsi dayandırılmasa da, həmin borcun silinməsini tələb edilir. Hazırda sayğac borcu yoxdur. Həmin borc Barmekin dövründən qalan borcdur. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək etiraza uyğun izahat verib məhkəmədən iddia tələbi əsassız olduğu üçün iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1631 №-li arayışdan görünür ki, X3 Sumqayıt şəhəri, 15-ci məhəllə, ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, iddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmiş, xx.xx.2022-ci il tarixə 375.90 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmin Məcllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551-ci maddəsinin tələbinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını müəyyən etdiyi hallara tətbiq edərək qənaətə gəlir ki, cavabdehin nümayəndəsinin etirazını iddiaçının borcu 461.90 manat deyil 375.90 manat təşkil etməsi, iddiaçı istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməli olmasına dair etirazın dəlillərini əsaslı hesab etmir. Belə ki, istehlakçı tərəfindən istifadə edilən elektrik enerjisinin dəyərinin ödənilməsi vaxtaşırı edilən ödənişlər növünə aiddir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının 2017-ci il tarixdən əvvələ yaranmış elektrik enerjisindən istifadəyə görə edilməli olan ödənişlərin tələb etmə müddəti cavabdehin hərəkətsizliyi səbəbindən ötürülmüşdür. Odur ki, həmin hissədə iddiaçının öhdəliyinə xitam verilməli, iddia tələbi qismən təmin edilərək iddiaçıya hesablanmiş 375.90 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən, enenrji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən,yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaçlarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci maddəsinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğaçın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.1-ci maddəsinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı vaxtaşırı ödənişlər etmiş, sayğac üzrə hər ay istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəmiş, hər ay nəzarətçi tərəfindən sayğaca baxılmışdır. Belə olan halda məsuliyyəti cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının öhdəliyinə verməsi əsassız olmaqla, qanuna uyğun deyildir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 375.90 (üç yüz yetmiş beş manat doxsan qəpik) manat məbləğində borc **********00214 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar