Məhkəmə qərarları › İş №2(060)-5943/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5943/2025

26.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5943/2025 26.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi Atakişi Nizami oğlu Atakişiyevin katibliyi ilə, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt şəhəri,Corat qəsəbəsi,ev(bina):0210 ünvanında yerləşən 2254 nömrəli mənzilin (köhnə adı ilə: Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cürət küçəsi 72) **********02254 abunə kodu üzrə 737.92 manat (yeddi yüz otuz yeddi manat doxsan iki qəpik) borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 21 yanvar 2025-ci il tarixli kirayə müqaviləsi əsasında ünvan 2 ünvanında (köhnə adı ilə: ünvan 3Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev(bina):0210, 2254 nömrəli mənzilin **********02254 abunə kodu üzrə 737,92 AZN (yeddi yüz otuz iki manat, doxsan iki qəpik) işıq sərfiyyatı üzrə borcun yaranması barədə akt ona təqdim edilmişdir. O həmin borc məbləği ilə bağlı "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə şikayət etmiş və borcdan 256,08 AZN hissəsi silinmişdir. "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış borc əsassız və qanunsuzdur. Belə ki, o hər zaman istifadə etdiyi işıq sərfiyyatı üzrə aylıq ödənişləri ödəmiş, heç bir zaman öhdəliklərinin icrasından boyun qaçırmamışdır, lakin cavabdeh tərəfindən hesablanmış borc məbləği tamamilə əsassız olduğundan həmin borc məbləği qanunauyğun deyildir. Çünki 737.92 AZN (yeddi yüz otuz iki manat, doxsan iki qəpik) borcun yaranması üçün əsas yoxdur. Cavabdeh əsassız olaraq abunə kodu üzrə bu borc məbləğini qeyd etmişdir. Belə ki, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilən 20 dekabr 2024-cü il tarixli akta əsasən baxış zamanı sayğacın fara xəttinin yuvadan çıxarılaraq birbaşa avtomata qoşulması və sayğacın dövrədən kənarlaşması müəyyən edilmişdir. "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilən 24 dekabr 2024-cü il tarixli digər akta əsasən baxış zamanı sayğacın oxuyucusunda problem aşkar edilmiş, buna görə də sayğacın yenisi ilə əvəz olunması qeyd olunmuşdur. Müvafiq aktdakı qeydə uyğun olaraq müvafiq sayğac yeni ilə əvəz edilmişdir. "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilən 20 dekabr 2024-cü il tarixli akt və 24 dekabr 2024-cü il tarixli aktda qeyd olunan pozuntular nə mənzilin mülkiyyətçisi, nə də ki onunla bağlıdır. Qeyd edir ki, sayğac yaşadığı mənzildə həyətdə yerləşir, həmin sayğaca onun tərəfindən müdaxilə olunmamışdır. Həmçinin aktlar tərtib edilərkən ona məlumat verilməmişdir. Buna görə də hesab edir ki, kirayə müqaviləsi əsasında istifadəsində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev(bina):0210, 2254 nömrəli mənzilin **********02254 abunə kodu üzrə 737,92 AZN (yeddi yüz otuz iki manat, doxsan iki qəpik) borc məbləği silinməlidir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, işıq idarəsi özü kənar xətt qoşmuşdur. Ev kirayə qaldığı evdir və 1 aydır ki, köçmüşdür.İdarə sayğac işləmir deyə məcburi olaraq qoşmuşdur və 2 dəfə sayğacın təmiri üçün aparmışdırlar.Sayğac dəyişdiriləndə akt yazıldığını bilmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 izahatında bildirdi ki, 20 dekabr 2024-cü il tarixdə baxış keçirilmiş və məlum olmuşdur ki,abonent sayğaca giriş faza xəttinin yuvaları çıxarılaraq birbaşa avtomat ayırıcısına qoşmuşdur və sayğac dövrədən kənarlaşdırılmışdır.1000.37 manat məbləğində hesabat aparılmışdır.Protokol əsasında 256.08 manat məbləğində borc silinmişdir.Hal-hazırda 120 manat borcu var. Məhkəmə işdə iştirak edən iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mənzillərin,evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən (kirayə müqaviləsi) görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cürət küçəsi, 72 ünvanında yerləşən ümumi sahəsi 56.2 kv.m olan fərdi yaşayış evinin üzərində yerləşdiyi ümumi sahəsi 0.0346 ha olan torpaq sahəsini X1 Mətin Elşən oğluna kirayə verir. İş materiallarında olan 375716 nömrəli, 24 dekabr 2024-cü il tarixli aktdan görünür ki, parametrləri qeyd olunan sayğacın idarə oxuyucusu işləmir. İş materiallarında olan 010230 nömrəli, 20 dekabr 2024-cü il tarixli aktdan görünür ki,baxış zamanı məlum olmuşdur ki, abonent sayğaca giriş faza xəttinin yuvaları birbaşa avtomat ayrıcısına qoşulmuş və sayğac dövrədən kənarlaşdırılmışdır. İş materiallarında olan abunə haqqında saldodan müəyyən edilir ki, X2 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Ev(Bina):0210, mənzil:2254-a enerji sərfiyyatına görə 17 mart 2025-ci il tarixinə ümumilikdə 737.92 (yeddi yüz otuz yeddi manat doxsan iki qəpik) manat borcu qalmışdır. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər və işin araşdırılan hallarına əsasən müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Ev(Bina):0210, mənzil:2254 ərazisində yerləşən abonent kodu **********02254 olan ünvanda kənar xətt aşkar olunduğundan iki akt əsasında 737.92 manat borc hesablanmışdır. Akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən imzalanmışdır.İddiaçı həmin məbləğin silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaları”nın 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki iş materiallarından da müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan borcu sayğac əsasında, iddiaçının müdaxiləsi və ya digər qanunsuz hərəkəti nəticəsində yaranmış borc olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilə hesablanmış 737.92 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində, yəni 34,63 manat dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri,Corat qəsəbəsi, Cürət küçəsi 72 (saldo üzrə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Ev(Bina):0210, mənzil:2254, abunə kodu: **********02254) ünvanına enerji sərfiyyatına görə əsassız olaraq hesablanmış 737 (yeddi yüz otuz yeddi) manat 92 (doxsan iki) qəpik borc silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar