Məhkəmə qərarları › İş №2(060)-5945/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5945/2022

13.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5945/2022 13.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, həyat yoldaşı X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 4, Bakı küçəsi, 3/6 saylı evin 40 saylı mənzilinə (abonent kodu **********00195) enerji sərfiyyatına görə xx.xx.2015-ci il tarixə hesablanmış 448,94 manat (ETAİS-dən gələn borc) borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda Sumqayıt şəhəri, 15-ci məhəllə, Yataqxana 4, Bakı küçəsi, 3/6 saylı evin 40 saylı mənzilindəki **********00195 saylı abonent koduna xx.xx.2015-ci il tarixinə (ETAİS-dən gələn borc) 448,94 manat borc hesablanmışdır . Həmin borcun silinməsi ilə bağlı cavabdeh orqana müraciət etməyinə baxmayaraq cavabdeh orqan həmin borcun silinməsindən imtina etmişdir. Həmin borcun tələb etmə müddəti ötürüldüyündən borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir . Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının mənzili xx.xx.2002-ci il tarixdə abonent qeydiyyatına alınmışdır. xx.xx.2010-cu il tarixdə abonentin mənzilinə elektrik hesabat sayğacı quraşdırılmışdır. İddiaçının mənzilində xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixədək 2 manat elektrik enerjisindən isdifadə olunmuş və həmin dövürlər üçün 1147,81 manat ödəniş etmiş hal-hazırda iddiaçının enerjitəchizatçı təşkilata 431,31 manat borcu vardır. İddiaçı isə ona məxsus mənzilə 448,94 manat hesablaşma aparıldığını iddia edərək məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona elektrik enerjisindən istifadəyə görə hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Abunə haqqında çıxarışdan da görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixindən 2022-ci il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtlı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. İddiaçının nümayəndəsi, həyat yoldaşı X2 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi, əlavə olaraq bidiridi ki, cavabdeh tərəfindən borc tələb olunmasa da, nə vaxtsa mənzili satmaq istəyəndə problem yaranar deyə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, abonent məlumatında iddiaçının könhə ("xxxx" ASC yaranmazdan əvvəlki) dövrə aid 448,94 manat borcu olduğu göstərilsə də, iddiaçı tərəfindən edilmiş ödənişlərin bir qismi həmin borcdan silinmişdir. Bu səbəbdən iddiaçının 431,31 manat köhnə borcu qalmışdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. 22 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 4, Bakı küçəsi, 3/6 saylı evin 40 saylı mənzilində yaşayır. İddiaçının yaşadığı mənzilin **********00195 saylı abunə hesabından görünür ki, qeyd olunan ünvana köhnə (ETAİS-dən gələn) borc kimi 448,94 manat borc hesablanmışdır. Abunə hesabında həmçinin göstərilir ki, iddiaçının sayğac əsasında 1073,05 manat, aktlar əsasında 506,07 manat borcu vardır. Onun tərəfindən 1147,81 manat ödəniş edilmiş və 431,31 manat borcu qalmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Hazırkı halda iddiaçı yaşadığı mənzilə dair hesablanmış elektrik enerjisindən istifadəyə görə borcun əsassız olduğunu bildirir və həmin borcun haradan yaranmasının aydınlaşdırılmadığını qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki Məcəllədə göstərilmişdir ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər (550). Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir (551.2.1.). Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc "xxxx" ASC yaranmamışdan əvvəlki dövrə aid əvvəl yaranmış borca aiddir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etsə də, həmin borcun konkret hansı dövrdə və nəyin əsasında yarandığını izah edə bilməmişdir. Eyni zamanda həmin borcla bağlı tələbetmə müddəti keçdiyi üçün borc iddiaçının həmin borcu ödəmək öhdəliyinə xitam verilmişdir. Eyni zamanda iddiaçı 448,94 manat borcun silinməsini xahiş etsə də, müəyyən edilir ki, hazırda iddiaçının köhnədən qalan 431,31 manat borcu vardır. Bu səbəbdən iddia qismən təmin edilməli və iddiaçının abonent hesabında saxlanmış 431,31 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı abonent hesabında saxlanmış elektrik enerjisindən istifadəyə görə 431 (dörd yüz otuz bir) manat 31 (otuz bir) qəpik borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar