Məhkəmə qərarları › İş №2(060)-5979/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5979/2025

02.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5979/2025 02.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair iş üzrə (açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) tələb

1. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1982-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizənin əsaslarına görə, qardaşı xx.xx.1982-ci il təvəllüdlü X4 uşaqlıqdan doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın debillik dərəcəsi, tez-tez qıcolma tutulmaları, nitq qüsuru və psixopatabənzər davranışla bağlı xəstəlikdən əziyyət çəkməklə ikinci dərəcəli müddətsiz əlildir, hazırda qardaşının 43 yaşı vardır, lakin düçar olduğu xəstəlik səbəbindən o, özünü müstəqil idarə edə bilmir və kənar şəxslərin köməyinə ehtiyacı vardır, öz hərəkətlərinə görə cavabdehlik daşımaq və onun məsuliyyətini dərk etmək iqtidarında deyildir, onda əqli gerilik problemləri, tez-tez qıcolmalar baş verir. Qardaşının qəyyuma ehtiyacı vardır. O, bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmiş və ona bildirilmişdir ki, o məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edildikdən sonra ona qəyyum təyin oluna bilər.

b) tələbə qarşı etiraz

3. Tələbə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

6. Əvvəlki məhkəmə iclasında maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəyə dair izahat verərək şəxsin fəaliyyət qabiliyyəti olmayan elan edilməsi ilə bağlı məsələnin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

7. XVİİİ-ЖГ seriyalı, 393287 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1982-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X3, anası X7r.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinə dair məlumatın verilməsi barədə xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X4 “Doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın debillik dərəcəsi, tez-tez olan qıcolma tutmaları. Nitq qüsuru və psixopatabənzər davranışla” diaqnozu ilə ümumi xəstəlik əsası ilə müddətsiz ikinci dərəcəli əlildir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 3510 saylı rəyinə əsasən, yoxlanılan şəxs X2 “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” (F71.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (evdə təhsil alması, doğuş zədəsi ilə doğulması, erkən psixo-fiziki inkişafdan geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında “Doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın debillik dərəcəsi, tez-tez olan qıcolma tutmaları. Nitq qüsuru və psixopatabənzər davranışla” diaqnozu ilə ikinci dərəcəli əlil hesab olunması), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən sualları anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual üzrə : Yoxlanılan şəxs X2 “orta dərəcəli əqli gerilik davranış pozuntulan ilə” (F71.1) aşkar olunur. 2-ci sual üzrə: Yoxlanılan şəxs X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır.

b) mülki iş üzrə tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir; Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; Maddə 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; Maddə 319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır

c) məhkəmə baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

13. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3510 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X2 orta dərəcəli əqli gerilik davranış pozuntuları (F71.1) müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar var.

15. Göründüyü kimi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən X2 psixi xəstəlik olduğu ekspert rəyi ilə öz təsdiqini tapır.

16. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

17. Məhkəmə qeyd edir ki, X1 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və öz hərəkətlərini şüurlu idarə edə bilməməsi ərizəçinin izahatı, tibbi sənədlər, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına kifayət qədər əsaslar vardır. Odur ki, ərizə təmin edilərək X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

18. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1982-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

Nəticə hissəsi:

19. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Hazırkı qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar