Məhkəmə qərarları › İş №2(060)-6011/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6011/2023

26.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6011/2023 26.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 4221,20 manat borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında ailə üzvləri ilə birgə yaşayır. Cavabdehin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci ildə ******* saylı akt tərtib edilmiş, sözügedən akta əsasən iddiaçıya 4221,20 manat itirilmiş qazın bərpası üçün cərimə hesablanmışdır. İddiaçı cavabdeh tərəfindən tərtib olunmuş aktlarla razılaşmır. Cavabdeh tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd edilmişdir ki, guya iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə edilmişdir. İddiaçı yaşadığı müddətdə də sayğacdan kənar qaz xəttindən istifadə etməmişdir. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmişdir, bu səbəbdən də tələb olunan 4221,20 manat məbləği əsassız hesab edir. İddiaçı aktın tərtibində iştirak etməmiş və aktı imzalamamışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanına cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x24x365=35040m3x0,12 qəpik=4,204,80 manat dəymiş zərər hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi, həmçinin bildirdi ki, qazdan istifadəyə görə borcu olduğu üçün cavabdehin əməkdaşları sayğaca baxış keçirərkən onun plombunu söküb getmişlər. Həmin vaxt qış vaxtı olduğu və havalar soyuq olduğu üçün məcbur qalaraq müvəqqəti sayğacdan kənar xətt qoşmuş və həmçinin borcunun böyük hissəsini ödəmişdir. Onun etdiyi müraciətlər nəticəsiz qalmışdır. O, sayğaca müdaxilə etmiş, lakin bir gün təbi qazdan qanunsuz şəkildə istifadə etmişdir. Sayğacdankənar xətt çəkdiyini etiraf edir, lakin bir gün üçün çox borc hesablanıb. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, iddia tələbi ilə razı deyil. Sözügedən ünvanda sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qanunsuz şəkildə istifadə edilmişdir. Dekabr ayının 15-i akt tərtib olunmuş, sayğac nasaz olduğu üçün dəyişdirilmişdir. Kənar xətt mövcud olduğu zaman hesabat 365 gün nəzərə alınmaqla aparılır. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1971-ci ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktda göstərilmişdir ki, sayğaca baxış keçirildi. Abonentin sayğacı açaraq rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlandı. Dəymiş ziyanın hesablanması haqqında xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən iddiaçıya 35040 kub metr əlavə sərfiyyat hesablanmışdır. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya akt əsasında 4221,20 manat borc hesablandığı göstərilmişdir. İş materiallarına video-disk əlavə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (5.1.). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (5.2.). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (6.5.). “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilmişdir ki, qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi iddiaçının yaşadığı ünvanda sayğacdan kənar qaz xəttindən istifadə edilməsi işin mübahisəsiz halıdır. İddiaçı məcburiyyət qarşısında qalaraq qaz xəttindən yalnız bir gün istifadə etdiyini bildirmişdir. Cavabdeh dəymiş ziyanı hesablayarkən hesabat dövrünü 365 gün qəbul etmiş və iddiaçıya həmin dövr üçün 4221,20 manat borc hesablamışdır. Məhkəmə hesab edir ki, hesabat dövrü 1 ay müəyyən edilməklə yerdə qalan 3869 manat borc iddiaçının abonen hesabından silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı yaşadığı ünvan 1 ünvanına hesablanmış 3869 (üç min səkkiz yüz altmış doqquz) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar