Məhkəmə qərarları › İş №2(060)-6014/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6014/2020

11.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6014/2020 11.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sualarının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su və kanalizasiya xidmətləri üzrə yaranmış 920,11 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin, cəmi 950,11 manat pulun İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentlərinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2020-ci il tarixinə 920,11 manat borcu qalmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə xx.xx.2020-ci ildə xəbərdarlıq göndərilmişdir. Lakin cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə tam ödəniş etməmişdir. Belə ki, abonentin ünvanında hesabat ailə tərkibinə uyğun olaraq normativ qaydada aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanına əsasən, xx.xx.2011-ci il tarixə cavabdehin ünvanına hesablanmış 436,82 manat borc silinmişdir. Cavabdeh barəsində Sumqayıt şəhər İH MKTİB-nin 5 saylı MKS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1288 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında 5(beş) nəfər qeydiyyatdadır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, abonent tərəfindən 2015-ci ilin mart ayında məcburi köçkün olması barədə sənəd təqdim olunmuq və abonent bazasında nəzərə alınmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli abonent kartından görünür ki, Cavabdeh cəmi borcu 920,11 manat təşkil edir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanunun: 61-ci maddəsinə əsasən Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 62-ci maddəyə əsasnə Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətindəödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 262 saylı xx xxxx 2014-cü il tarixli Qərari ilə təsdiq edilmiş “X2”nin 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrəödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. 7.4-cü bəndə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görəödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkəüzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, istehlakçı tərəfindən 2011-ci il üzrə ödəniş etməmiş, 79,20 manat borcu qalmış; 2012-ci il üzrə ödəniş etməmiş, 86,40 manat borcu qalmış; 2013-cü il üzrə ödəniş etməmiş, 86,40 manat borcu qalmış; 2014-cü il üzrə ödəniş etməmiş, 86,40 manat borcu qalmış; 2015-ci il üzrə ödəniş etməmiş, 90 manat güzəşt nəzərə alınmış, 14,40 manat borcu qalmış; 2016-cı il üzrə 20 manat ödəniş etmiş, 27 manat güzəşt nəzərə alınmış, 81,31 manat borcu qalmış; 2017-ci il üzrə 20 manat ödəniş etmiş, 13,50 manat güzəşt nəzərə alınmış, 119,50 manat borcu qalmış; 2018-ci il üzrə 30 manat ödəniş etmiş, 123 manat borcu qalmış; 2019-cu il üzrə 20 manat ödəniş etmiş, 130 manat borcu qalmış; 2020-ci il üzrə ödəniş etməmiş, 113,50 manat borcu qalmışdır. Mülki Məcəlləsinin 551.2., 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmaqla, 581,71 manat həddində təmin edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi cavabdeh 2011, 2012, 2013, 2014-cü illər ərzində borcu tam həcmdə ödəmədiyindən həmin dövrə yaranan borcu tələb etmək hüququnu iddiaçı ötürmüşdür. Abonent kartına əsasən cavabdehin 2011-2020-ci illər üzrə cəmi 920,11 manat borcu vardır. 2011-ci il üzrə 79,20 manat, 2012-ci il üzrə 86,40 manat, 2013-cü il üzrə 86,40 manat və 2014-cü il üzrə 86,40 manat borcun tələb etmə müddəti keçdiyindən həmin məbləğlər cəmi borc məbləğindən çıxılmalı, cavabdehin ödənilməmiş borcu 581,71 manat müəyyən edilməlidir. Məhkəmə həmin hissədə iddianın təmin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18,90 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 11,10 manat iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 581,71 (beş yüz səksən bir manat yetmiş bir qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18,90 (on səkkiz manat, doxsan qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar