Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6027/2021 03.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, cavabehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən elektrik enerjisinə görə yaranmış 464,59 manat borcun iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar olaraq silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, məhəllə 42 ünvanında yerləşən 12 saylı evin 12-ci mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh tərəfindən tərtib edilmiş abunə haqqında arayışa əsasən elektrik enerjisinə iddiaçının borcunun məbləği hal-hazırda 464,59 manat təşkil edir. O, bu borc ilə razılaşmır. Həmin borcun məbləği mənzilə sayğac qoyulmamışdan əvvəlki övrə yəni, 2006-cı ildən əvvəlki dövrə aiddir. Elektrik sayğacı 2006-cı ildə iddiaçının mənzilinə quraşdırılmışdır. Sayğac quraşdırıldıqdan sonra o istifadə etdiyi elektrik enerjsinin dəyərini vaxtı-vaxtında ödəmişdir. Cavabdeh tərəfindən elektrik enerjisinin sərfiyyatına görə borc sayğac göstəricisinə görə yox, orta sərfiyyat normalarına əsasən hesablanmışdır. Həmin borc 2000-2006-cı illəri əhatə edir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının mənzili 01.01.2000-ci il tarixdə abonent qeydiyyatına alınmışdır. 16.07.2007-ci ildə abonentin mənzilinə elektrik hesabat sayğacı quraşdırılmışdır. İddiaçının mənzilində 16.07.2007-ci il tarixindən 09.06.2021-ci il tarixədək 3220,22 manat elektik enerjisindən istifadə olunmuşdur. Lakin abonent bu dövrdə 2755,63 manat məbləğində ödəniş etmiş və hal-hazırda iddiaçının 464,59 manat borcu qalmışdır. İddiaçı 16.07.2007-ci il tarixindən 09.06.2021-ci il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Həmçinin elektrik enerjisindən istifadəyə görə yaranmış 464,59 manat borcun silinməsinə dair iddia tələbi üzrə iddia müddətini keçirmişdir. İddiaçı cavabdehə olan borcunu ödəmək məqsədilə müxtəlif vaxtlarda ödənişlər etmiş, sonuncu ödəniş tarixi 14.06.2021-ci il tarixə təsadüf edir. İddiaçının mütəlif vaxtlarda ödəniş etməsi borcu etiraf etməsini göstərən hal kimi qiymətləndirilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, sayğacdan əvvəlki dövrlərdə aylıq istifadə etdikləri elektrik enerjsinə görə ödənişi nəzarətçiyə edirdilər. Borc həmin vaxtdan qalıb. Əvvəllər debitor borcu sildirməyə imkanı olmayıb. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçının silinməsini tələb etdiyi borcdan 435,07 manatı onun köhnədən qalan borcudur. Həmin borcu çox güman ki, sayğac əsasında yaranmayıb. Qalan borc isə iddiaçının sayğac borcudur. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1957-ci ildə, Masallı rayonunun Kalinovka kəndində anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçının yaşadığı evin **********00577 saylı abonent məlumatı ilə müəyyən olunur ki, iddiaçının sayğac oxunması əsasında 2332,82 manat, aktlar əsasında 887,40 manat borcu olmuşdur. İddiaçı cəmi 2755,63 manat ödəniş etmiş və 464,59 manat borcu qalmışdır. Məlumatın bağlanan aktlar bölməsində iddiaçının köhnədən qalıq borcu (ETAİSdən gələn borc) kimi 435,07 manat borcu olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). İddiaçının izahatına əsasən müəyyən edilir ki, iddiaçının qeyd edilən borcu "xxxx" ASC yaranmamışdan əvvəlki dövrə aid əvvəl yaranmış borca aiddir. Abonent məlumatından da görünür ki, iddiaçının 435,07 manat borcu sayğac əsasında yaranmamışdır və köhnə borcdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etsə də, həmin borcun konkret hansı dövrdə və nəyin əsasında yarandığını izah edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). İddiaçı onun mənzilinə hesablanmış 464.59 manat əsassız borcun silinməsini xahiş edir. Məhkəmə hesab edir ki, həmin borcun 435,07 manatı köhnə borc olduğu və cavabdehin həmin borcun necə yarandığını izah edə bilməməsi səbəbindən iddia həmin borcun silinməsinə dair hissədə təmin edilməlidir. Yerdə qalan borc isə iddiaçının sayğac əsasında yaranmış borcu olduğu üçün iddia tələbi həmin borcun silinməsi hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, məhəllə 42, 12 saylı evin 12-ci mənzilinin abonent hesabında saxlanmış 435(dörd yüz otuz beş) manat 07 (yeddi) qəpik borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6027/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6027/2021
03.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver