Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6031/2025 01.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilmə müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması tələbinə dair iş üzrə (açar sözlər: iddianın icraata qəbulundan imtina) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilmə müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Tələb
1. iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015ci ildə vəfat etmiş xalası X1 miras qalmış əmlakın (Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçi küçəsi, ev 83) qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Maddə 1301. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.”
Məhkəmənin mövqeyi
6. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir.
7. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı xx.xx.2015-ci ildə vəfat etmiş xalası X1 miras qalmış əmlakın (Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçi küçəsi, ev 83) qəbulu üçün cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisinə müraciət etmişdir. Sonuncunun xx.xx.2024-cü il tarixli, 99 nömrəli məktubundan görünür ki, iddiaçıya mirasın qəbul edildiyi müddət buraxıldığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
8. Göründüyü kimi iddiaçının tələbi müddətin uzadılması ilə bağlıdır. Bu tələbin əsası kimi iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinə istinad etmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Plenum qərarı ilə həmin maddələr Konstitusiyaya uyğun olmayan hesab edilərək qüvvədən düşmüşdür. Bu o deməkdir ki, qanunvericilikdə mirasın qəbulu üçün hər hansı son müddət mövcud deyil.
9. Nəticə etibarilə iddiaçının tələbinin predmetini təşkil edən “hüquqi müddət” anlayışı bu münasibətlər üçün ləğv edilmişdir. Məhkəmə hüquqi olaraq mövcud olmayan bir müddəti nə uzada, nə də onun buraxılma səbəbini üzrlü və ya üzrsüz saya bilər. Mülki prosessual hüquqa görə məhkəmə yalnız mövcud olan faktlar və münasibətlər barəsində qərar qəbul edə bilər ki, iddiaçının müraciət etdiyi anda tələbin hüquqi əsası artıq mövcud deyildi.
10. Həmin Plenum qərarı hazırkı işdə tətbiq olunmalıdır. Belə ki, həmin qərarda qeyd olunub ki, bu qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmənin icraatında olan işlərə şamil edilsin. İddiaçı iddia ərizəsi xx.xx.2025-ci ildə verilmişdir. Hazırkı iş Konstitusiya Məhkəməsinin qərarı qəbul ediləndən xeyli sonra məhkəmənin icraatına daxil olmuşdur. Odur ki, bu, qərarın tətbiqini qeyd-şərtsiz zəruri edir.
11. Sözügedən qərarda göstərilən hüquqi mövqeyə əsasən, vərəsə müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməzsə, o, mirası qəbul etmiş sayılır (susmaqla qəbul olunmuş prezumpsiya). Odur ki, iddiaçı qanunla müəyyən olunmuş müddət ərzində mirasdan imtina etmədiyinə görə məcburi payı qəbul etmiş vərəsə hesab olunur.
12. Göründüyü kimi hazırkı halda iddiaçı və notariat orqanı arasında hər hansı mübahisə mövcud deyildir. Ona görə də notariat orqanı tərəfindən iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkündür. Bu səbəbdən hazırkı tələbə məhkəmə qaydasında baxılması mümkün deyil və iddiaçı ilk növbədə müvafiq notariat orqanına müraciət etməlidir.
13. Odur ki, hazırkı əsaslarla bu iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat orqanına, imtina edildiyi halda notariusun hərəkət (hərəkətsizliyindən) şikayət vermək və ya “mirası qəbul etməsi faktının müəyyən edilməsi” tələbi ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir.
14. Göstərilənləri və MPM-nin 153, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilmə müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat orqanına, imtina edildiyi halda notariusun hərəkət (hərəkətsizliyindən) şikayət vermək və ya “mirası qəbul etməsi faktının müəyyən edilməsi” tələbi ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. xx.xx.2025-ci il tarixli, ********** saylı qəbz əsasında ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu İddiaçı qaytarılsın. Dövlət rüsumunun geri qaytarılması hissəsində qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X2 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva