Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6036/2024 24.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 24 oktyabr 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin heç bir əsas olmadan tərtib etdiyi 000764 nömrəli, 01 avqust 2024cü il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi və bu akta əsasən hesablanmış 910.48 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun zamandır ki, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, “Xəzər'’ Bağçılıq Cəmiyyəti, 26-cı məhəllədə yerləşən fərdi yaşayış evində yaşayır. Bunu Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilən 1536 nömrəli, xx.xx.2024-cü il tarixli arayış da tam olaraq təsdiq edir. Bu evin kommunal təchizatı onun adınadır. Eləcə də işıq təchizatı da onun adınadır. Qeyd edir ki, bu mənzilin elektrik sayğacının abonent kodu **********02347-dir. Onların evin işıq sayğacı həyətlərində yuxarıda, hətta əl çatmayan yerdə quraşdırılmışdır. Qeyd edir ki, onun ailə üzvləri ilə birlikdə yaşadığı mənzilin işıq sayğacına “Azərişıq" X2 işçiləri tərəfindən mütəmadi olaraq yoxlamalar həyata keçirilirdi. Yoxlamalar zamanı ilk öncə işçilər onları xəbərdar edir sonra isə sayğaca baxış keçirirdilər. Bu baxış zamanı isə “Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən hər hansı bir qanunsuz əməlin törədilməməsinə inanaraq onlar çox vaxt həmin işçinin yanında olmur və öz işləri ilə məşğul olurdular. Bu yoxlamaların nəticəsində isə onların yaşadıqları evin sayğacında heç bir problem yaşanmadığı və onlara hər şeyin düzgün olduğu bildirilirdi. Yəni evin elektrik sayğacında heç bir pozuntu aşkar edilməmiş və onlara heç bir pozuntu barədə xəbərdarlıq edilməmişdir. Lakin keçirilən yoxlamaların birində onlara sayğacda pozuntu olduğundan akt tərtib edildiyi bildirildi. Belə ki, aparılan yoxlamaların birində, yəni 01 avqust 2024-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən qanunsuz olaraq 000764 nömrəli, 01 avqusl 2024-cü il tarixli akt tərtib edildi. Qanunvericiliyə əsasən bu akt istehlakçının yəni onların yanında tərtib olunaraq bir nüsxəsi onlara təqdim edilməli olsa da, onlar bu aktdan tərtib olunduğu gündən 13 gün sonra, yəni 13 avqust 2024-cü il tarixdə xəbərdar olmuşdurlar. Buna görə də o, bu aktı mübahisələndirmək üçün qanunvericiliklə nəzərdə tutulan müddəti ötürməyib. Bundan əlavə qeyd edir ki, bu akt qanuni şəkildə, qanuni əsaslarla tərtib edilməmişdir. Belə ki, aktda sayğaca müdaxilə edildiyi göstərilmişdir. Bu isə düzgün deyildir. Onun və ya ailə üzvlərindən heç biri sayğaca müdaxilə etməmişdir. Lakin qeyd edilən akt tərtib edilərək onların sayğaca müdaxilə etdikləri bildirilmişdir. Bu isə yanlış olduğu üçün və onların belə bir şey etmədikləri üçün bu barədə akt tərtib edilməsi qanunsuzdur. Əgər onlar tərəfindən sayğaca müdaxilə edilsəydi, bu günədək edilən yoxlamalar nəticəsində bu akt tərtib edilərdi. Lakin bu günədək heç bir akt tərtib edilməyib. Həmçinin bildirir ki, cavabdeh tərəfindən tərtib edilən 000764 nömrəli, 01 avqust 2024- cii il tarixli akta əsasən, ona 910.48 manat məbləğində borc hesablanmışdır. Bu cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış borcdur. Çünki ortada heç bir pozuntu yoxdur. Sayğaca müdaxilə olmadığı təqdirdə bu səbəbdən akt tərtib edilmiş və buna əsasən borc hesablanmışdır. O, bu aktla və yazılmış borc məbləği ilə razılaşmır. Çünki o, heç bir pozuntu və müdaxilə etməyib. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Elektrik enerjisindən istifadə Qaydalarının tələblərini açıq şəkildə pozaraq qanunsuz akt tərtib etmiş və buna əsasən 910.48 manat məbləğində borc hesablamışdır. Həmçinin bu akt onlara çox gec təqdim edilmişdir. Bu da daha bir qanunsuzluqdur. Bu səbəbdən də cavabdehin heç bir əsas olmadan tərtib etdiyi 000764 nömrəli, 01 avqust 2024-cü il tarixli akt qanunsuz hesab edilərək ləğv edilməli və bu akta əsasən hesahlanmış 910.48 manat məbləğində borc silinməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, demək olar ki, cərimə yazılan ünvanda yaşamır. Onun xəbəri olmadan sayğac aparılmış və ona cərimə yazılmışdır. Ondan başqa cərimə yazılan ünvanda heç kəs yaşamır. Əri vəfat etdiyinə görə o, oğlu ilə birlikdə başqa evdə yaşayır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, mübahisəli mənzilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən baxış keçirilən zaman sayğacda cızıq izləri aşkar edilməsi səbəbilə sayğac laboratoriyaya göndərilmiş, sayğaca müdaxilə faktı qeydə alınmış və abonentə cərimə yazılmışdır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan 000764 nömrəli, 01 avqust 2024-cü il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, “Xəzər'’ Bağçılıq Cəmiyyəti, 26-cı məhəllədə yerləşən fərdi yaşayış evində elektrik sayğacının yan qollaqram möhürünün pozulması və üzərində cızıq izləri aşkar edilmişdir. İş materiallarında olan abunə haqqında invoisdən görünür ki, Sumqayıt şəhəri, “Xəzər'’ Bağçılıq Cəmiyyəti, 26-cı məhəllədə yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğaca 01 avqust 2024-cü il tarixli akta əsasən 812.63 manat borc hesablanmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, “Xəzər'’ Bağçılıq Cəmiyyəti, 26-cı məhəllədə yerləşən fərdi yaşayış evi İddiaçı istifadəsindədir. "xxxx" ASCnin əməkdaşları iddiaçıya məxsus evdə yoxlama aparan zamanı elektrik sayğacının yan qollaqram möhürünün pozulması və üzərində cızıq izləri aşkar edərək 000764 nömrəli, 01 avqust 2024-ci il tarixli akt tərtib etmişdir. Həmin akta əsasən iddiaçıya 812.63 manat borc hesablanmışdır. İddiaçı ərizəsində həmin məbləği 910.48 manat məbləğində qeyd edərək, həmin məbləğdə borcun silinməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirə bilmişdir. Belə ki, AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyi həyata keçirir. Həmin Qaydaların 7.4-cü bəndinə əsasən hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin və X1 Agentliyinin iştirakı ilə araşdırma aparılır və aktla sənədləşdirilir. Həmin Qaydaların 7.6-cı bəndinə görə Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.7-ci bəndinə görə bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar. Həmin Qaydaların 7.10-cu bəndinə görə yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qaydaların 7.11-ci bəndinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na (EEİQ) görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq abonent istifadə etdiyi elektrik enerji sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi, yəni iş üzrə cavabdeh olan "xxxx" İB daşıdığından mübahisələndirilən akt üzrə sayğacın yan qollaqram möhürünün pozulması və sayğacın üzərində cızıqlar olmasına görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh etirazının əsası kimi istnad etdiyi hallara dair məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, akt əsasında Sumqayıt şəhəri, “Xəzər'’ Bağçılıq Cəmiyyəti, 26-cı məhəllədə yerləşən fərdi yaşayış evinə (abonent kodu:**********02347) hesablanmış 812,63 manat məbləğində borc silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş 000764 nömrəli, 01 avqust 2024-cü il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, həmin aktda Sumqayıt şəhəri, “Xəzər'’ Bağçılıq Cəmiyyəti, 26-cı məhəllədə yerləşən fərdi yaşayış evində elektrik sayğacının yan qollaqram möhürünün pozulması və üzərində cızıq izlərinin aşkar edildiyi fakt öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, “Xəzər'’ Bağçılıq Cəmiyyəti, 26-cı məhəllədə yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********02347) hesablanmış 812,63 (səkkiz yüz on iki manat altmış üç qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6036/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6036/2024
24.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver