Məhkəmə qərarları › İş №2(060)-6038/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6038/2023

31.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6038/2023 31.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək ünvan 1-də istifadə olunan qaza görə quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi barədə xx.xx.2023-+cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1036,80 manat borcun silinməsi, eləcə də sayğacın dəyəri olan 159 manat 96 qəpik pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri Bağlar ev 4066V mülkiyyət hüquqi ilə iddiaçıya məxsusdur. xx.xx.2023-cü il tarixində Azəriqaz İB-nin Sumqayıt Qaz İstismar sahəsinin əməkdaşları tərəfindən mülkiyyətçisi olduğu mənzilin əvvəlki qaz sayğacının dəyişdirilərək yeni smart tipli qaz sayğacının quraşdırılması işləri həyata keçirilmişdir. Sonradan xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktla iddiaçıya məxsus mənzildə istifadə olunan qaz sayğacına müdaxilə olunduğu-sayğacın klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğraması, sayğacın yaddaşı oxunması zamanı istismar müddətində 07.07.201 1-ci ildə alarm-1 rejiminin aşkar olunması, xətaların normaya uyğun olması qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli məktuba əsasən isə idiaçının sayğaca müdaxilə etməyini əsas gətirərək yeni qoyulmuş sayğaca görə 159,96 manat tələb etmişlər. İddiaçı qaz idarəsinə bu aktı alandan sonra şifahi müraciət edəndə bildirilmişdir ki, bu həmin sayğaca müdaxilə olunması şübhəsi yaradır. Sadə dildə deyilərsə bu absurd bir yanaşmadır. Məlumat üçün bildirir ki, sayğaca hər hansı bir müdaxiləsi olmamışdır. Mənzil iddiaçının mülkiyyətindədir, həmin mənzili iddiaçı 1 il bundan öncə almışdır. Məhkəmənin nəzərinə çatdırır ki, mənzildə istifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən iddiaçıya məxsus evin həyətində deyil, çöldə yerləşdirilmişdir. Bu səbəbdən həmin sayğacın hər hansı müdaxilədən qorunmasının iddiaçı tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Buna baxmayaraq caxabdeh təşkilat tərəfindən 27 yanvar 2023-cü il tarixində dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmişdir. Aktın surəti iddiaçı tələb edəndən sonra ona təqdim olunmuşdur. Qeyd olunan akt əsasında əsassız olaraq iddiaçıya 1036,80 manat borc hesablanmışdır. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmışdır və əsassız olaraq ona borc hesablanmışdır. Qeyd olunan aktın əsasızlığı barədə cavabdehə bildirsə də hər hansı bir nəticəsi olmamışdır. Əksinə iddiaçıya qarşı qərəzli mövqe saxlayan cavabdeh iddiaçının arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla, hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə görə iddiaçının məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. Belə ki, qazdan istifadəyə dair münasibətləri nizamlayan cavabdeh ilə iddiaçı arasında bağlanmış müqavilənin müddəalarına əsasən qaz sayğacının kənar müdaxilələrdən qorunması vəzifəsi qaz istehlakçısının vəzifələri sırasına daxil edilməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanına baxış zamanı sayğacın klapanının işlək olmadığı, yivli birləşmələrin korroziyaya uğradığını, sayğacda istismar müddətində xx.xx.2011-ci ildə ALARM-1 rejimi aşkar olunmuşdur. - xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına barədə tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 8640 m3 müəyyən olunmuşdur. - xx.xx.2023-cü il tarixli 14-2-2-6/2-610/2023 saylı “Sayğacın dövlət yoxlamasının bildirişi haqqında” məktubdan görünür ki, G-4 markalı 1002AQ**********5 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış zamanı sayğacın klapanının işlək olmadığı, yivli birləşmələrin korroziyaya uğradığını, sayğacda istismar müddətində xx.xx.2011-ci ildə ALARM-1 rejimi aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, zamanı sayğacın klapanının işlək olmadığı, yivli birləşmələrin korroziyaya uğradığını, sayğacda istismar müddətində xx.xx.2011-ci ildə ALARM-1 rejimi aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Bu əsasla ******* saylı xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akt əsasında 1036,8 manat cərimə hesablanmışdır. Həmçinin sayğacın dəyəri kimi 159,96 manat hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıya aid edilmiş vəzifədir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X2 Reyestrinə daxil edilməsidir. X1 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X2 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli 11 saylı qərarı X2 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı iddiaçı üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Ona görə də məhkəmə, zamanı sayğacın klapanının işlək olmadığı, yivli birləşmələrin korroziyaya uğradığını, sayğacda istismar müddətində xx.xx.2011-ci ildə ALARM-1 rejimi aşkar olunduğuna görə hesablanmış vəsaitin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan hyuxarı iddia qiymətinin 1 %-i həcmində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 1196,76 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 31,97 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00663) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akt əsasında hesablanmış 1036,8 manat borc və sayğacın dəyərinə görə hesablanmış 159,96 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00663) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akt əsasında hesablanmış 1036,8 manat borc və sayğacın dəyərinə görə hesablanmış 159,96 manat borc silinsin. İddianın verilməsinə görə 31,97 manat dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar