Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-605/2025 27.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakın qəbulu üçün ötürülmüş müddətin bərpası tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə əri X1 miras qalmış Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,0780 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ərizə ilə müraciət etmişdir. 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən ərizənin təmin olunmasından imtina olunmuş və ona ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2574 nömrəli məktubunda qeyd olunmuşdur ki, “onun xx.xx.2023cü il tarixdə vəfat etmiş X1 qalmış mirasın qəbulu barədə notariat ofisinə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizəyə baxılmışdır. Ərizəyə və ərizəyə əlavə olunan sənədlərə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mərhum X2 vəfat etdiyi xx.xx.2023-cü il tarixdə qüvvədə olan 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. Hüquqi savadı olmadığına görə mirasın qəbul etmə müddətinin miras qoyanın ölümündən sonra 3 ay müddət ərzində olduğunu bilməmişdir. Zənn etmişdir ki, ərindən miras qalmış mirası istənilən vaxt vərəsəlik qaydasında qəbul edə bilər. Lakin xx.xx.2024-cü il tarixində 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə müraciət edərkən mirasın qəbulu üçün müddətin müəyyən edildiyini bilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən mərhum əri – X1 miras qalmış Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,0780 ha torpaq sahəsinə dair mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilərək müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xəstə olduğu üçün müddəti ötürmüşdür. 2024-cü ilin may ayında yoldaşı vəfat etmişdir. Mirası qəbul etmək üçün 6 aydan sonra müraciət etmişdir. Vərəsələri özü və övladlarıdır. Qeydiyyatda heç kim yoxdur. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Dövlət Notariat Ofisi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair arayışdan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 adına **********37 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə əsasən 22 oktyabr 2024-cü il tarixinə bazar dəyəri 39000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2574 nömrəli ərizəyə cavabından görünür ki, mirasın qəbulu faktının müəyyən olunması və ya mirasın qəbul edilməsi vaxtının uzadılmasına dair ərizə ilə müvafiq məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Saratov vilayəti hökümətinin VVAQ işləri üzrə VVAQ xüsusi şöbəsinin C-04619 nömrəli ölüm haqqında arayışından görünür ki, X3 15 may 2023-cü il tarixdə Rusiya Federasiyası, Saratov vilayəti, Saratov şəhərində vəfat etmişdir. İİİ-ЖГ seriyalı, 301361 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X4 arasında 12 oktyabr 1983-cü il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1983-cü ilin oktyabr ayının 12-ci günündə 12 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada isə Məmmədova soyadı verilmişdir. İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü ildə onun ünvan 2 ünvanında qeydiyyatda olmuş əri – X3 ölmüşdür. Ondan qalmış miras əmlakı qəbul edir. Məhkəmə iclasında işin araşdırılan halları və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, X3 xx.xx.2023-cü ildə vəfat etmiş, iddiaçı mərhum əri X2 vəfatından sonra ondan miras qalmış Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,0780 ha torpaq sahəsinin qəbulu üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Dövlət Notariat Ofisinə müraciət etmiş, imtina məktubu alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda həmçinin qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Məhkəmə hesab edir ki, müddətin ötürülməsi üzürlü səbəbdən olduğu (iddiaçının həyat yoldaşının vəfatından sonra uzun müddət xəstə olması və sair) ötürülmüş müddət bərpa edilməlidir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X1 miras qalmış Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,0780 ha torpaq sahəsinə dair miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. X1 miras qalmış Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,0780 ha torpaq sahəsinə dair miras əmlakı İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-605/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-605/2025
27.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver