Məhkəmə qərarları › İş №2(060)-6078/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6078/2024

28.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6078/2024 28.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 28 oktyabr 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik enerjisinə görə yaranmış 525 (beş yüz iyirmi beş) manat borcun iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar olaraq silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, məhəllə 41 A ünvanında yerləşən, 5B saylı evin, 9-cu mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu xx.xx.2008-ci ildə verilmiş çıxarış təsdiq edir. Cavabdeh tərəfindən tərtib edilmiş abunə haqqında arayışa əsasən elektrik enerjisinə borcunun məbləği 525 (beş yüz iyirmi beş) manat təşkil edir. O, borc məbləği ilə razılaşmır. Elektrik enerjisinə görə yaranmış borcun keçmiş illərə görə yarandığını "Azərişıq” ASC-nin abunə haqqında arayışı təsdiq edir. Arayışda 525 (beş yüz iyirmi beş) manat borc keçmiş borclar kimi qeyd edilmişdir. Mənzilinə xidmət göstərən elektrik sayğacı xx.xx.2007-ci ildə quraşdırılmışdır. Həmin tarixdən sonra o, elektrik enerjisinə görə yaranmış borcu dərhal ödəyir. Sayğac quraşdırılandan əvvəl elektrik enerjisinə görə yaranmış borclar orta sərfiyyata əsasən hesablanırdı. Bir daha bildirir ki, abunə haqqında arayışda göstərilən 525 (beş yüz iyirmi beş) manat borc 2007-ci ildən əvvəl yaranmışdır. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan abunə haqqında invoisdən görünür ki, Sumqayıt şəhəri, məhəllə 41A, ev 0470, mənzil 0615 ünvanına quraşdırılmış sayğaca əsasən 525 manat borc "xxxx"dən gələn keçmiş dövrdə yaranan borc kimi qeydə alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt şəhəri, məhəllə 41A, ev 0470, mənzil 0615 ünvanına elektrik enerjisindən istifadəyə görə hesablanmış 525 manat məbləğində borc silinməlidir. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt şəhəri, məhəllə 41A, ev 0470, mənzil 0615 ünvanı İddiaçı istifadəsindədir. Sözügedən mənzilə elektrik enerjisindən istifadəyə gorə sonuncu dəfə sayğac dəyişdirilməsi xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdır. İddiaçının 525 manat məbləğində borcu "xxxx" ASC-nin dövründə yaranmışdır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na (EEİQ) görəelektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (8.2).Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır (8.4). İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır (8.9). Həmin qaydaların 8.35-ci bəndinə əsasən enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununa əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektirik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektirik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin dövründə yaranan və hal-hazırda cavabdeh ASC tərəfindən ödənilməsi iddiaçıdan tələb edilməyən borc məbləğinin iddiaçıya məxsus abonent məlumatlarında öz əksini tapması iddiaçının bir istehlakçı kimi hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, məhəllə 41A, ev 0470, mənzil 0615 ünvanına (abunə kodu: **********00615) ünvanına hesablanmış 525 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, məhəllə 41A, ev 0470, mənzil 0615 ünvanına (abunə kodu: **********00615) elektirik enerjisindən istifadəyə görə hesablanmış 525 (beş yüz iyirmi beş) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar