Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6135/2021 28.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, cavabehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 429 saylı evə dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 1264,04 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı qeyd olunan mənzildə qeydiyyatdadır və hal-hazırda da həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Sözügedən mənzilə cavabdeh tərəfindən 1264,04 manat məbləğində borc hesablanmışdır. İddiaçı bununla bağlı cavabdehə müraciət edərək , həmin borcun hansı əsaslarla yarandığını öyrənmişdir. Ona şifahi şəkildə izah edilmişdir ki, həmin borc köhnə borcdur və metodiki hesablanmışdır. İddiaçı cavabdeh təşkilata etirazını bildirərək əsassız olaraq hesablanmış borcun silinməsini tələb etmişdir. Lakin ona bildirilmişdir ki, bununla bağlı olaraq məhkəməyə müraciət etməlidir. Bu səbəbdən iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının mənzili 01.10.2000-ci il tarixdə abonent qeydiyyatına alınmışdır. 20.06.2014-ci il tarixdə abonentin mənzilinə elektrik hesabat sayğacı quraşdırılmışdır. İddiaçının mənzilində 20.06.2014-ci il tarixindən 06.08.2021-ci il tarixədək 2159,35 manat elektrik enerjisindən isdifadə olunmuşdur. Lakin abonent bu dövürdə 960 manat məbləğdə ödəniş etmiş və hal-hazırda iddiaçının 1199,35 manat borcu qalmışdır. İddiaçı isə ona məxsus mənzilə 1264,04 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona elektrik enerjisindən isdifadəyə görə hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Abunə haqqında çıxarışdanda görünür ki, iddiaçı 20.06.2014-ci il tarixindən 06.08.2021-ci il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtlıvaxtında şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. İddiaçı 01.09.2021-ci ildə məhkəməyə daxil olmuş ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etdmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1962-ci ildə, Ermənistan Respublikası, Sisiyan rayonu, Aqudi kəndində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının yaşadığı evin **********00466 saylı abonent məlumatı ilə müəyyən olunur ki, iddiaçının sayğac oxunması əsasında 769,58 manat, aktlar əsasında 1399,36 manat borcu olmuşdur. İddiaçı cəmi 970 manat ödəniş etmiş və 1198,94 manat borcu qalmışdır. Məlumatın bağlanan aktlar bölməsində iddiaçının köhnədən qalıq borcu (ETAİS-dən gələn borc) kimi 1375,28 manat borcu olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Abonent məlumatından da görünür ki, iddiaçının 1375,28 manat borcu sayğac əsasında yaranmamışdır və köhnə borcdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etsə də, həmin borcun konkret hansı dövrdə və nəyin əsasında yarandığını izah edə bilməmişdir. Eyni zamanda iddiaçının etdiyi ödənişlərin bir qismi həmin borcdan silinmiş və nəticədə iddiaçının 1198,94 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). İddiaçı onun mənzilinə hesablanmış 1264,04 manat əsassız borcun silinməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının faktiki olaraq 1198,94 manat borcu olması səbəbindən iddia həmin borcun silinməsinə dair hissədə təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 429 saylı evin abonent hesabında saxlanmış 1198 (min yüz doxsan səkkiz) manat 94 (doxsan dörd) qəpik borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6135/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6135/2021
28.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver