Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6136/2021 06.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi Ərizəçi Manuçar qızının iştirakı ilə, Ərizəçi Manuçar qızının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Manuçar qızı (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (maraqlı şəxs - Sumqayıt Şəhər İcra Hakimiyyəti), 10.05.1999-cu il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, oğlu 10.05.1999-cu il təvəllüdlü X4 2-ci Qarabağ müharibəsində iştirak etmiş və döyüş əməliyatları zamanı minamyot partlaması nəticəsində ağır kəllə beyin travması almış və ona “üzvi mənşəli şəxsiyyət pozğunluğu, kəllə beyin travması nəticəsində şəxsiyyət pozğunluğu, nitq qabiliyyətinin enməsi və sair diaqnoz qoyulmuş və ona 1-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. O, Sumqayıt şəhər X8 Dispanserində qeydiyyatdadır. Oğlu özünü müstəqil idarə edə bilmir, kənar şəxslərin köməyinə ehtiyacı vardır. Öz hərəkətlərinə görə cavabdehlik daşımaq və onun məsuliyyətini dərk etmək iqtidarında deyildir. Onun qəyyuma ehtacı vardır. Ərizəçi bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmiş və ona bildirilmişdir ki, o, məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edildikdən sonra ona qəyyum təyin oluna bilər. Sumqayıt Şəhər Məhkəməsinin 15.07.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. 30.07.2021-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspert rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında təmsil edilmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında ərizəçi ərizəyə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. İş materiallarını araşdıraraq, ərizəçinin izahatını dinləyərək məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1978-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur ki, X4 10.05.1999cu ildə anadan olmuşdur. Onun atası X5, anası Ərizəçi Manuçar qızıdır. 9089 saylı Xəstəlik haqqında şəhadətnamədə X2 “keçrilmiş qapalı kəllə-beyin travmasından sonrakı veqetativ-damar distoniyası, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli üzvi mənşəli şəxsiyyət pozuntusu” və “keçirilmiş sol ağciyərin vərəmindən sonrakı qalıq əlamətləri fibroz və bərk ocaqlar şəklində iki tərəfli koxlear nevrit, iki tərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 4,5 metr, sol qulaqda 4 metr məsafədən eşitməsi ilə. Hər iki gözün sadə miopik astiqmatizmi sağda Em və M 1,0D nəticəsində görmə itiliyinin sağda 0,7-yə, solda 0,5-ə qədər azalması, korreksiya 1,0 olmaqla” diaqnozları qoyulmuşdur. Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X2 birinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasıın 26.07.2021-ci il tarixli, 2304 saylı məhkəmə psixiatrik ekspertiza rəyində ekspert belə nəticəyə gəlmişdir ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 10.05.1999cu ildə, Sumqayıt şəhərində doğulmuş X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10.05.1999-cu ildə, Sumqayıt şəhərində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6136/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6136/2021
06.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver