Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-620/2025 17.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququnun itirlimiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh 13000 manat məbləğində kompensasiya verilməklə Sumqayıt şəhəri, 18-ci mikrorayon, 39 saylı evin 52-ci mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil onun xüsusi mülkiyyətindədir və mənzildə ailə üzvlərindən başqa bacıları - Nümayəndə Xansuvar qızı və Cavabdeh da onunla birlikdə yaşayırlar. Cavabdeh nə onunla, nə onun ailə üzvləri ilə, nə də bacısı Baharla yola getmir. Mütəmadi olaraq onlara qarşı birgə yaşayış qaydalarını pozduğuna görə məcbur olub polisə müraciət etmişdirlər. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülmüşdür. Lakin buna baxmayaraq cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirməklə onunla yola getmir, azyaşlı qızı X2 tez-tez təhdid edir, hədə-qorxu gəlir və ona qarğış etməklə psixoloji durumuna mənfi təsir göstərir. Ona görə də cavabdehə qarşı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərə əsasən, mübahisəli mənzil DƏDK və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsində onun adına qeydiyyata alınmışdır. Həmin mənzil onun mülkiyyətindədir və onun mübahisəli mənzilə mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Yəni qanunverici hər hansı şəxs və şəxslər tərəfindən tanınmış, xüsusi mülkiyyət hüququ əsasında mənsub olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi qaydasını müəyyənləşdirərkən mülkiyyətçinin iradəsini əsas götürmüşdür. Belə ki, bu prosedurun həyata keçirilməsi üçün aşağıdakı şərtlər tələb olunur: Birincisi tələb yalnız mülkiyyətçi tərəfindən məhkəmə qaydasında verilməlidir. İkincisi tələb yaşayış binasının tərkib hissəsindən istifadə hüququ tanınmış şəxsə qarşı verilməlidir. Üçüncüsü mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış tələblərinə mütənasib olmalıdır. Dördüncüsü kompensasiyanın məbləğini mülkiyyətçi müəyyənləşdirir, onun yaşayış binasının tərkib hissəsindən istifadə hüququ tanınmış şəxs tərəfindən qəbul olunub-olunmaması qanunvericilik baxımından şərt kimi nəzərdə tutulmur, yalnız işə baxan məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmaqla həll edilməlidir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Qeyd olunanlar müəyyənləşdirildikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməlidir. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehin mənzildən istifadə hüququna 15000 manat məbləğində kompensasiya verməklə xitam verilməsinə razıdırlar.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, qarşı tərəfin 15000 manat məbləğində kompensasiya təklifi ilə razılaşır.
Tədqiq olunan sübutlar:
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Nümayəndə, İddiaçı, Cavabdeh, X1, X4, Heydərova Südabə Dünyamalı qızı ünvan 1 ünvanında qeydiyyatdadırlar.
6. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 19 fevral 2014-cü ildə qeydiyyata alınmışdır.
Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. - 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. -228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. -228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. -228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
10. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: -30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
12. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39, 52 saylı mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 19 fevral 2014-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzildə İddiaçı ilə yanaşı iddiaçının bacısı Cavabdeh da qeydiyyatdadır. Hal-hazırda İddiaçı Cavabdeh kompensasiya verilməklə sözügedən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.
13. İddiaçı tərəfindən kompensasiya verilmək yolu ilə istifadə hüququna xitam verilməsi ilə bağlı iddia irəli sürüldüyündən, məhkəmə tərəfindən cavabdehin sözügedən mənzil üzərində istifadə hüququnun mövcud olub-olmamasının müəyyən edilməsi zərurəti də aradan qalxmışdır. Başqa sözlə desək iddiaçı cavabdehin həmin mənzildən istifadə hüququnun mövcud olduğunu qəbul edərək, bu hüquqa kompensasiya verilməsi yolu ilə xitam verilməsini məhkəmədən xahiş edir.
14. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, Cavabdeh kompensasiya verilməsi yolu ilə onun mübahisəli mənzilə istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlıdır.
15. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
16. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Digər tərəfdən nəzərə alınmalıdır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər.
18. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, cavabdeh məhkəmə iclasında təlik edilən 15000 manat kompensasiyanın məbləği ilə razılaşaraq istifadə hüququna həmin məbləğdə pul vəsaiti ödənilməklə xitam verilməsinə etiraz etməmişdir. İddiaçı da həmin məbləğdə kompensasiyanın ödənilməsi ilə razılaşmışdır.
19. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdeh də həmin məbləğlə razılaşdığından, iddia təmin edilməli, İddiaçı tərəfindən 15000 manat kompensasiya verilməklə Cavabdeh Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39, 52 saylı mənzildən istifadə hüququna xitam verilməlidir.
Məhkəmə xərcləri:
20. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
21. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə ekpertin imtinası rəy formasında tərtib olunsa da, hər hansı tədqiqatın aparıldığı müəyyən edilmir. Belə olan halda nə tərəflər, nə də məhkəmə üçün hər hansı zəruri olan məlumatı və ya tədqiqat nəticəsini özündə əks etdirməyən imtina məlumatı üzrə müvafiq xərcin tələb edilməsinin səbəbi məlum deyildir. Bu baxımdan həmin hissədə ekspertiza xərcinin tərəflərə aid edilməsini məhkəmə məqsədəmüvafiq hesab etmir.
Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh cəmi 15000 (on beş min) manat kompensasiya verilməklə onun İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39 ünvanında yerləşən 52 saylı mənzildən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva