Məhkəmə qərarları › İş №2(060)-6200/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6200/2024

09.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6200/2024 09.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akta əsasın hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akta əsasın hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2024cü il tarixində tərtib edilmiş 350582 R nömrəli akta əsasən hesablanmış 1228 (min iki yüz iyirmi səkkiz) manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, Novxanı bağları, Sarıqaya YS, Bağlar-7 h/x, B: 0129, M: 0080 ünvanına xidmət edən elektrik sayğacına xx.xx.2024-cü ildə baxış keçirilmiş və 350582 R nömrəli akt tərtib olunmuşdur. O, Rusiya Federasiyasında yaşayır. Ona məxsus bağ evində onun bacısı tək yaşayır. İşıq dirəyinə çıxmaq imkanında deyil. Bacısı akt tərtib olunmamışdan əvvəl əlaqədar təşkilatlara işığının yanmaması ilə əlaqədar olaraq müraciət etmişdir. Bacısının müraciətindən sonra əlaqədar şəxslər mülkiyyətçisi olduğu bağ evinə gəlmiş, nasazlığı aradan qaldırıblar. Cavabdehin nümayəndələri işıq dirəyi dəmir turbadan olduğu üçün 0 (nol) xəttini həmin turbaya birləşdiriblər. Nəticədə sayğacın iş rejimi pozulmuş, elektrik enerjisinin sərfiyyatını qeyd etməmişdir. Cavabdeh bunu sayğaca müdaxilə kimi qiymətləndirmiş və ona 1228 (min iki yüz iyirmi səkkiz) manat məbləğində cərimə hesablamışdır. O, bununla razılaşmır. Bildirir ki, tərəflərindən sözügedən elektrik sayğacına hcç bir müdaxilə edilməmişdir. Sayğac fərdi evdən kənarda, fərdi evin bayır divarında yerləşir. İstehlakçı kimi elektrik sayğacına heç bir müdaxilə etməyib və tələb olunan məbləği əsassız hesab edir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iddia tələbinə dair izhat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 16 iyul 2024-cü il tarixində sayğaca baxış keçirilmiş və sayğacda faza ardıcıllığının pozulması aşkar edilmişdir. Bununla bağlı "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində 350582 R nömrəli akt tərtib edilib. Hətta pozuntu ilə əlaqədar videogörüntü də vardır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, Azərişıq ASCyə ərizə ilə müraciət edərək sayğaclarında problem olduğunu bildirmiş və sayğaclarının düzəldilməsini xahiş etmişlər. Lakin sonra sayğaca müdaxilə edilməsi əsası ilə onlara akt yazılmışdır. Onu da qeyd edir ki, sözügedən evdə yaşayış yoxdur, o, özü isə Bakıda yaşayır, hərdən bir həmin evə gedib-gəlir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan R 350582 nömrəli 16 iyul 2024-cü il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağları, Sarıqaya YS, Bağlar-7 ünvanında sayğacın faza ardıcıllığının pozulduğu, kənardan götürülmüş “0” xətti vasitəsi ilə sayğacın hesablama mexanizminin dayandırıldığı aşkar edilmişdir. İş materiallarında olan Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağları, Sarıqaya YS, Bağlar-7 ünvanında sayğacın faza ardıcıllığının pozulduğu, kənardan götürülmüş “0” xətti vasitəsi ilə sayğacın hesablama mexanizminin dayandırıldığı aşkar edilmiş, bununla əlaqədar həmin ünvana 1123 manat cərimə hesablanmış, həmin cərimənin hesablanması üçün əsas 350582 nömrəli 16 iyul 2024-cü il tarixli aktdır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağları, Sarıqaya YS, Bağlar-7 İddiaçı istifadəsindədir. "xxxx" ASC-nin əməkdaşları iddiaçıya məxsus evdə yoxlama aparan zaman iddiaçının mənzilinin elektrik sayğacının faza ardıcıllığının pozulduğu, kənardan götürülmüş “0” xətti vasitəsi ilə sayğacın hesablama mexanizminin dayandırıldığını müəyyən edərək 350582 nömrəli 16 iyul 2024-cü il tarixli akt tərtib etmişdir. Həmin akta əsasən iddiaçıya 1123 manat borc hesablanmışdır. İddiaçı ərizəsində həmin məbləği 1228 manat məbləğində qeyd edərək, həmin məbləğdə borcun silinməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirə bilmişdir. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin və X1 Agentliyinin iştirakı ilə araşdırma aparılır və aktla sənədləşdirilir. Həmin Qaydaların 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.17-1-ci bəndinə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşdə olan xx.xx.2024-cü il tarixli, 350582 R nömrəli akta aktdan görünür ki, mübahisəli ünvanda həmin aktın tərtib edilməsinə səbəb sayğacın faza ardıcıllığının pozulması, kənardan götürülmüş “0” xətti vasitəsi ilə sayğacın hesablama mexanizminin dayandırılması halı olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq abonent istifadə etdiyi elektrik enerjisərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi, yəni iş üzrə cavabdeh olan "xxxx" İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan işıq sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı işıq sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini, bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən, yəni sayğacının faza ardıcıllığının pozulmasında, kənardan götürülmüş “0” xətti vasitəsi ilə sayğacın hesablama mexanizminin dayandırılmasında iddiaçının təqsirinin olmasına dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyi həyata keçirir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı ona 350582 nömrəli 16 iyul 2024-cü il tarixli akt əsasında 1228 manat borc hesablandığını bildirsə də, iş materaillarından görünür ki, Azərişıq ASC tərəfindən həmin ünvana 1123 manat məbləğində cərimə hesablanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri, Novxanı bağları, Sarıqaya YS, Bağlar-7 ünvanına (abonent kodu: **********01910) hesablanmış 1123 (bir min yüz iyirmi üç ) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, Novxanı bağları, Sarıqaya YS, Bağlar-7 ünvanına (abonent kodu: **********01910) hesablanmış 1123 (bir min yüz iyirmi üç ) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar