Məhkəmə qərarları › İş №2(060)-624/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-624/2022

11.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-624/2022 11.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh İB-ə qarşı «akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-ə qarşı «akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ’’Təbii X1nın pozulması haqqında” 03.08.2018-ci il tarixli, ******* №-li Akta əsasən abonentin saldosunda qeyd edilən 1857.60 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 185,73 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, Ceyranbatan bağları ünvanında yerləşən, 1 nömrəli evin, 108 saylı mənzilin istifadəçisi odur, Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən onun mənzilinə xidmət edən mexaniki tipli təbii qaz sayğacı çıxarılaraq əvəzinə yeni smartkart tipli qaz sayğacı quraşdırmışlar. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” 12.06.2018-ci il tarixli, ******* №-li Akt tərtib olunmuşdur. Mənzilindən çıxarılmış qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və X2 Kalibirləşmə Laboratoriyasında yoxlama Keçirilmiş və 09.04.2018-ci il tarixli, MSK-29/1710-00733-1 saylı akta əsasən müəyyən edilmişdir ki, Sayğacın plomb yuvalarının ətrafı zədəlidir və zavod plomblarının rəngi fərqlidir, hesablama mexanizminin qoruyucu örtüyü alt hissədən sınıqdır. Nəticədə sayğacda Alarm-1 rejimi aşkar olunduğundan sayğac istismara yarasız kimi qiymətləndirilmişdir. "Təbii X1n pozulması haqqında” 03.08.2018-ci il tarixli, ******* №-li Akt tərtib edilmişdir. Sözügedən akta əsasən sayğacın dəyərinə görə 185,73 manat borc hesablanmışdır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmişdir və tələb olunan məbləği əsassız hesab edir. Aktların tərtibində iştirak etməmiş və Aktları imzalamamışdır. Qeyd edir ki, qaz sayğacı fərdi evin hasarının bayır divarında yerləşir, sayğaca edilən hər hansı bir müdaxiləyə görə o günahkar deyil. Bu səbəbdən də tələb olunan məbləği əsassız hesab edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz təqdim edərək, məhkəmənin göstərdi ki, Sumqayıt şəhəri, Ceyranbatan bağları, 1 nömrəli evin, 108 saylı mənzilinə əməkdaşlar tərəfindən baxış keçirilmiş, yerində ******* saylı, 03.08.2018-ci tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan "sayğacın hesablama mexanizminin qoruyucu örtüyü alt hissədən sınıqdır, sayğac Alarm rejimindədir, plomb yuvalarının ətrafı zədəli və zavod plomblarının rəngi fərqlidir, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi’’ barədə akt yazılmışdır. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və 30.04.2018-ci il tarixli akta əsasən qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0,8m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 9288m3x0,20=1857,60(min səkkiz yüz əlli yeddi manat 60qəp.) manat hesablanmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən sözü gedən ünvana baxış keçirilmiş, akt tərtib edilərək iddiaçıya məxsus mənzilin qaz işlədici və parametrləri əsasında dövlətə vurulan ziyan müəyyən edilərək 1857,60 (min səkkiz yüz əlli yeddi manat 60qəp.) manat itirilmiş qazın bərpası üzrə borc müəyən olunmuş və 2018-ci ilin avqust ayından abonent saldosunda qeyd edilmişdir. Bu da onu göstərir ki, abonentin məlumatı olmuş, lakin qeyd olunan iddia tələbi ilə bağlı vaxtında məhkəməyə müraciət etmədiyi üçün iddia müddəti keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, "Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər”. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, 2(060)- 624/2022 saylı iş üzrə ünvan 1 ünvanına “Aktın etibarsız hesab edilməsi və borcun silinməsi" tələbinə dair iddianın əsassız olduğunu və iddia müddətinin keçməsini nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan ******* saylı, 03.08.2018-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan bağları, 1 nömrəli evin, 108 saylı mənzilindən çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və verilmiş rəyə görə sayğacın hesablama mexanizminin qoruyucu örtüyü alt hissədən sınıqdır, sayğac Alarm-1 rejimindədir, plomb yuvalarının ətrafı zədəli və zavod plomblarının rəngi fərqlidir, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan 13.08.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri, Ceyranbatan bağları, 1 nömrəli evin, 108 saylı mənzilinə 9288m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki Sumqayıt şəhəri, Ceyranbatan bağları, 1 nömrəli evin, 108 saylı mənzilinə 1857.60 manat borc hesablanmışdır. İş materiallarında olan 01/01 MS-11-1463 nömrəli, 26.11.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan bağları, 1 nömrəli evin, 108 saylı mənzilinə məxsus müdaxilə edilmiş sayğacın dəyəri olan 185.73 manat məbləğində pulun İddiaçı tərəfindən ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X1”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı Sumqayıt şəhəri, Ceyranbatan bağları, 1 nömrəli evin, 108 saylı mənzilinə quraşdırılmış sayğacın qorunub saxlanmasına cavabdehlik daşımadığından, həmin mənzilə dair tərtib edilən 03.08.2018-ci il tarixli, ******* nömrəli akt əsasında qanunsuz hesablanmış 1857.60 manat məbləğində borc və 185.73 manat sayğacın dəyəri olan borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Təbii X1nın pozulması haqqında 03.08.2018-ci il tarixli, ******* saylı Akt əsasında Sumqayıt şəhəri, Ceyranbatan bağları, 1 nömrəli evin, 108 saylı nömrəli mənzilinə (abunə kodu: **********01080) hesablanmış 1857.60 manat borc və sayğacın dəyərinə görə tələb edilən 185.73 manat borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar