Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6242/2021 21.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı özəlləşdirilmənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə 21 sentyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri 6-cı mikrorayon, 32 saylı evin, 65 saylı mənzilinə dair özəlləşdirmənin etibarsız hesab edilməsi, həmin özəlləşdirmə nəticəsində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt ərazi İdarəsi tərəfindən verilmiş 28.02.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 Rafayıl oğlu ilə "xxxx" ASC arasında bağlanmış 05.11.2014-cü il tarixli **********05914 №-li kredit müqaviləsinin təminatı olaraq Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 32 ünvanında, 6-cı mərtəbədə yerləşən 4 otaqlı 81,3 kv.metr ümumi, 53,3 kv.m yaşayış, 28 kv.m yardımçı sahəsindən ibarət mənzilin ipoteka qoyulması barədə 06.11.2014-cü il tarixli **********05914/ip №-li İpoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 32, 65 saylı mənzil Sumqayıt şəhər X7 İcraiyyə Komitəsinin Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi şöbəsi tərəfindən 06.07.1989-cu il tarixli 13/810 nömrəli orderə əsasən Cavabdeh1 verilmişdir. Sonradan Cavabdeh1 Sumqayıt şəhər MTİİB 13 saylı MİS tərəfindən verilmiş 13.02.2013-cü il tarixli 322 nömrəli arayış əsasında həmin mənzili özəlləşdirərək 28.02.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışdır. Bundan sonra Cavabdeh1 Rafayıl oğlu ilə digər cavabdeh "xxxx" ASC arasında 05.11.2014-cü il tarixli **********05914 №-li kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 Rafayıl oğlu illik faiz dərəcəsi 18% olmaqla 36 ay müddətinə 58.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq cavabdeh "xxxx" ASC ilə digər Cavabdeh1 Rafayıl oğlu arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 32 ünvanında, 6-cı mərtəbədə yerləşən 4 otaqlı 81,3 kv.metr ümumi, 53,3 kv.m yaşayış, 28 kv.m yardımçı sahəsindən ibarət mənzilin ipoteka qoyulması barədə 06.11.2014-cü il tarixli **********05914/ip №-li İpoteka müqaviləsi bağlanmışdır. Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunun Xüsusi notariusunun təsdiq etdiyi 06.11.2014-cü il tarixli 3M-1205 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən mənzil "xxxx" ASC-nin xeyrinə ipotekayla yüklü edilmiş və 07.11.2014-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən yüklü çıxarışı verilmişdir. Sumqayıt şəhəri, 6-cı mikrorayon, 32 saylı evin 65 saylı mənzili özəlləşdirilərkən onun razılığı alınmamışdır. Belə ki, həmin vaxt o həmin mənzildə qeydiyyatda olduğuna baxmayaraq mənzilin Cavabdeh1 Rafayıl oğlunun adına özəlləşdirilməsinə razılığı olmamışdır. Bu hal özü «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» qanunun tələblərinə zidd olduğundan həmin mənzilin özəlləşdirilməsi etibarsız hesab edilməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi vəkil X6 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. İddiaçı tərəf belə bir iddia qaldırmaqla vaxt qazanmaq istəyir. Hazırki iddia ərizəsində "xxxx" ASC-nin cavabdeh qismində qoyulması isə ümumiyyətlə anlaşılan deyil. Qeyd edilənlərə əsasən vəkil iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə həmin tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt ərazi İdarəsinin 30.04.2021-ci il tarixli **********1 saylı məktubu ilə Sumqayıt Regional Vəkil Bürosuna bildirilmişdir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 32 ünvanda yerləşən 55 saylı mənzil Sumqayıt şəhər X7 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 06.07.1989-cu il tarixli, 13/810 nömrəli order, Sumqayıt şəhər icra Hakimiyyəti MTİİB 13 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 13.02.2013-ci il tarixli, 322 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələr əsasında Cavabdeh1 Rafayıl oğlunun adına qeydiyyata alınmış və 28.02.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xüsusi notariusun təsdiq etdiyi 06.11.2014-cü il tarixli, 3M-1205 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və 07.11.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən yüklülük çıxarışı verilmişdir. "xxxx" ASC-nin 17.09.2017-ci il tarixli 26 saylı məktubu əsasında mənzil üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan 05.11.2014-cü il tarixli **********05914 №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 Rafayıl oğlu ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 Rafayıl oğlu bankdan illik faiz dərəcəsi 18% olmaqla 36 ay müddətinə 58.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İşdə olan 06.11.2014-cü il tarixli **********05914/ip №-li ipoteka müqaviləsinə əsasən 05.11.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 Rafayıl oğlu mülkiyyət hüququ ilə ona məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 32 ünvanında, 6-cı mərtəbədə yerləşən 4 otaqlı 81,3 kv.metr ümumi, 53,3 kv.m yaşayış, 28 kv.m yardımçı sahədən ibarət mənzili "xxxx" ASC-yə ipotekaya qoymuşdur. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt ərazi İdarəsinin 16.08.2021-ci il tarixli **********5 saylı məktubuna qoşulmuş sənədlərdən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 32, mənzil 65 Cavabdeh1 Rafayıl oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X3, X4, İddiaçı, X1 yazılı ərizələrlə mənzilin özəlləşdirilməsinə razılıq vermişdir. Mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi yalnız mübahisəli mənzil özəlləşdirilən zaman mənzildə qeydiyyatda olduğuna baxmayaraq mənzilin Cavabdeh1 Rafayıl oğlunun adına özəlləşdirilməsinə razılıq verməməsinə istinad etmişdir. Lakin məhkəmənin sorğusu əsasında məhkəməyə ünvanlanmış ünvan 3 olmuş sənədlərdən görünür ki, İddiaçı sözügedən mənzilin özəlləşdirilməsinə notarial qaydada təsdiq olunmuş yazılı ərizəsi ilə razılıq vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı özəlləşdirilmənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı özəlləşdirilmənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6242/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6242/2021
21.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver