Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6268/2024 04.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 tərəfindən xx.xx.2019-cu il tarixli ******* saylı və xx.xx.2019-cu il tarixli ******* saylı aktlar əsasında tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında qanunsuz yazılmış 1458 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2 ildir ki, Sumqayıt şəhərində yaşayır. Cavabdeh tərəfindən 2019-cu il tarixində qeydiyyatda olduğu ünvan 1 ünvanına 2 (iki) dəfə əsassız və qanunsuz olaraq cərimə yazılmışdır. xx.xx.2019-cu il tarixdə ******* saylı akt tərtib olunmuşdur, aktda qeyd olunur ki, guya əvvəlki ev sahibi qaz sayğacından kənar qeyriqanuni qaz xəttindən istifadə etmişdir. Buna görə 972 manat cərimə yazmışlar. Daha sonra xx.xx.2019-cu il tarixdə yenidən ******* saylı akt tərtib edərək bildirmişlər ki, sayğacın çıxış plastmas borusu oturacaqdan aralanıb və 486 manat cərimə hesablamışlar. İndiyə kimi qaza pul ödəyəndə yarısını borca tuturlar. Artıq qaza pul ödəməkdən yorulmuşdur. Həmin aktlar əsasında yazılmış borcla razı olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Onu da bildirir ki, əvvəlki ev sahibi Firudin Misirov cox yaşlı adam idi, hal hazırda o vəfat etmişdir. İnanmır ki, qoca bir adam o vaxt qaz sayğacına müdaxilə etsin.Qeyd edir ki, qaz sayğacı küçədə yerləşir. Sayğacın işlək qalmasına və hər hansı nasazlığa görə Qaz İdarəsi özü məsuliyyət daşıyır. Nə o, nə də mərhum ev sahibi qaz sayğacına hec bir müdaxilə etməmişdir. Yazılmış aktlarda ev sahibi mərhum Firudin Musayevin də imzası yoxdur. Ona də akt təqdim olunmayıb. Evi alanda da ona bu barədə heç nə deməmişlər. O, akta imza etməmişdir, aktların surətləri ona verilməyib və hər iki ******* və ******* saylı aktlar əsasında yazılmış borcla razı deyildir. Bu qədər qaz stifadə etməyinin qeyri mümkündür. Hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında yazılmış ümumilikdə 1458 manat borc əsassızdır.Ona görə istehlakçı kimi hüququnun müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, onları sayğaca müdaxiləyə görə cərimə etmişlər. Sayğac küçədə yerləşir. Sayğacda nasazlıq olmamışdır. Onlardan xəbərsiz cavabdeh təşkilat özləri sayğacı dəyişdirmişdir. Daha sonra da cərimə gəlmişdir. Cərimə olunandan sonra edilən ödənişlər cərimə borcuna hesablanmışdır. xx.xx.2024-cü il tarixdə keçirilən hazırlıq iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə məhkəmə hazırlıq iclasında iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İB-nin əməkdaşları iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, S.Rüstəmov küçəsi 8, ev 7-yə məxsus sayğaca baxış keçirilmiş və yerində akt tərtib edilmişdir. Qeyd edir ki, ünvana xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli 2 akt tərtib edilmişdir. Həmin aktlarda sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkarlandığı və sayğaca müdaxilə halı olduğu qeyd edilmişdir. Nöksanlar aktda qeyd olunub. Kənar qoşulmaya görə itirilmiş qazın bərpası üçün 972 manat, müdaxilə halına görə 486 manat hesablanmışdır. Hər iki hala görə hesabat 10 qəpikdən aparılmışdır. Tutulma bu ildən başlayıb, ödənişləri var, normaldır. Hazırda ünvanda smartkart tipli sayğac quraşdırılıb. 1400 manat borcdan silinmə olub, 1200 manat borc qalıb. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədiclərindən PQ4ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 4860 m3 müəyyən olunmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, “29/1710-00518-2- rəyinə əsasən 1702AZ**********57 sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir” qeyd olunmuşdur. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədiclərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın həcmi 9720 m3 müəyyən olunmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, “abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi tərəflərindən aşkar olundu” qeyd olunmuşdur. -Abonentin saldosundan görünür ki, abonent kodu **********15160 olan ünvana akta görə 1458 manat borc hesablanmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti “Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №1501102 nömrəli “çıxarış”ın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Süleyman Rüstəm küçəsi, ev 7 xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş, sayğacın istismara yararsızlığı barədə xx.xx.2019 və xx.xx.2019-cu il tarixli aktlar tərtib olunmuş və həmin akt əsasında 1458 manat cərimə hesablanmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır.Sayğacın nasaz vəziyyətə düşməsinin iddiaçının təqsirindən baş verməsi iş materialları, cavabdehin dəlil və sübutları ilə təsdiq olunmur. Belə ki, cavabdeh tərəfindən sayğacın iddiaçının təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli aktlarda qeyd olunanlara görə itirilmiş qazın dəyərinin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, qanunvericiliyin tələbinə əsasən 34,58 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, abonent kodu **********15160 olan ünvana hesablanmış 1458 manat borc silinməli və iddianın verilməsinə görə 34,58 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı tərəfindən verilmiş iddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanına aid **********15160 saylı abonent koduna itirilmiş qazın sərfiyyatına görə hesablanmış 1458 manat borc silinsin. İddianın verilməsinə görə 34,58 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6268/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6268/2024
04.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver