Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6298/2023 27.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun mülkiyyətində olan ünvan 1 ünvanına (abonent kodu (**********00013) Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 25920 kub metr həcmdə sərfiyyata görə hesablanan 3110 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və onun adına çıxarış da verilmişdir. Həmin evə dair cavabdeh təşkilat tərəfindən qaz sayğacı quraşdırılmış və abonent kodu da onun adınadır (**********00013). Hazırda ona məlum olmuşdur ki, cavabdeh təşkilatın nümayəndələri xx.xx.2023-cü il tarixdə bu ünvanda olmuş və evin çöl tərəfində quraşdırdıqları sayğaca baxış keçirmiş, həmin sayğacın plomb hissəsinin ətrafında zədələr və hesablama mexanizminin düzgün işləməməsi aşkar edilmiş və sayğac istifadəyə yararsız hesab olunmuşdur. Bununla bağlı ******* nömrəli və xx.xx.2023-cü il tarixli akt tərtib olunmuş və bütün bunlar onun iştirakı olmadan həyata keçirilmiş, lakin həmin aktda qeyd edilmişdir ki, guya o bu proseslərdə iştirak etsə də aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra cavabdeh təşkilat tərəfindən həmin sayğac çıxarılaraq laboratoriyaya göndərilmiş və 25920 kub metr sərfiyyat hesablanaraq ona 3110 manat cərimə yazılmışdır. Onun iştirakı ilə belə bir aktlaşma aparılmamışdır. Cavabdeh təşkilatın nümayəndələri evin çöl hissəsində quraşdırılan sayğacı apararaq yenisi ilə əvəz etmiş və o da sayğac göstəricisi əsasında ödənişləri həyata keçirmişdir. Cavabdehin bu hərəkətləri qanunsuzdur. Sayğac yaşadığı evin çöl hissəsində yerləşir və əgər həmin sayğaca hər hansı bir müdaxilə olmuşsa belə, buna görə o cavabdehlik daşımamalıdır. Belə ki, həmin həyətdən hər gün yüzlərlə insan gəlib-gedir. Kiminsə təqsiri üzündən də bu halın baş verməsi qaçınılmazdır. Yaxud da küləkli havalarda da hər hansı bir əşya sayğacın üstünə düşərək onu sındıra və yararsız hala sala bilər. Bu sayğacın mühafizəsini və qorunmasını cavabdeh təşkilat təmin etməlidir. Hər gün həmin sayğacın yanında dayanıb onu qorumaq onun vəzifəsi deyildir. Əgər sayğac evin daxilində olsa idi, ona bu cavabdehliyə cəlb edilə bilərdi. Ona görə də cavabdehin bu müdaxilənin onun tərəfindən edilməsi barədə gəldiyi qənaət tam əsassızdır. Eyni zamanda cavabdeh bu akt və cərimə ilə bağlı onu bir dəfə də olsun məlumatlandırmamışdır. Belə hesab edir ki, cavabdehin bu hərəkətləri tam qanunsuzdur. Ona görə də cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış 3110 manat məbləğincə cərimə əsassızdır. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan İddiaçı məxsus (1202AQ**********0) sayğaca əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan “sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafı zədəlidir. Qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda xx.xx.2018-cı ildə ALARM1 rejimi aşkar olunub. Sayğac istismara yararsız” qeyd olunmuşdur. Sayğac dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departmentinin MSK-14-2-2/3-5-3331-1 saylı rəyinə əsasən ******* saylı akta uyğun olaraq sayğac istismara yararsız hesab olunmuşdur. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 6 kub metr saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6x24x180=25920 kub metr x 0.12 qəpik= 3,110,40 manat dəymiş zərər hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Ona görə də iddianı əsassız hesab edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, hər ay pullarını ödəmişlər. Bir də görmüşlər ki, borc kağızı gəlmişdir. Fərdi yaşayış evidir. Sayğac çöldə yerləşir. Aylıq 200, 250, 300, 150 və müəyyən məbləğlərdə ödənişlər olmuşdur. Ev böyükdür. İki mərtəbəli və mansardan ibarətdir. Evdə kombi vardır. Həmin ünvanda uşaqlar ilə birlikdə beş və yaxud altı nəfər yaşayırlar. Həmin ünvanda daimi yaşayırlar. Qaz sayğacını dəyişdikdə belə onların məlumatı olmamışdır. 2019 və 2020-ci illərdə həmin ünvanda yaşayış olmuşdur. Onlar mütəmadi olaraq həmin ünvanda yaşamışlar. Lakin onların iki evi olmuşdur. 6-cı mikrorayon ərazisində onların evi olmuş, həmin ev iddiaçının iş yerinə yaxın olduğu üçün gündüzlər orada olmuş, axşamlar isə qayıdıb gəlmişlər. Təxminən altı, yeddi ay öncə qızılqum ərazisində yerləşən evi isə satmışlar. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, sayğacda elə qüsurlar olur ki, laboratoriyaya göndərilir və sayğac stendə qoyulur. Orada isə sayğacda olan qüsurlar aşkara çıxır. Rəyə əsasən müəyyən olunmuşdur ki, sayğacın klapanı işlək deyil, sayğacın hesablama mexanizminin üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafı zədəlidir. Qaz keçir, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Alarm-1 rejiminin aşkar olunması sayğaca birbaşa vətəndaş tərəfindən müdaxilədir. 2022-ci ilin avqust ayından dekabr ayına kimi 550 manat ödəniş, 2023-cü ilin ilk 3 və 4 aylarında 670 manat ödənilmişdir. Lakin 2019-ci il tarixdə 100 manat, 2020-ci il tarixdə isə il ərzində cəmi 380 manat ödəniş olmuşdur. Yəni ki, sayğaca o zamandan müdaxilə olunmuş və sayğac dəyişdikdən sonra isə ödənişlər kifayət qədər yüksək məbləğdə olmuşdur. İddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********00013) İddiaçı məxsus ünvan 3 ünvanında xx.xx.2022-ci il tarixdə ZENNER G4T SMART tipli sayğac quraşdırılmışdır. Cavabdeh İB-nin 29 mart 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, 29 mart 2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 25920 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 mart 2023-cü il tarixli ******* saylı aktın əslindən görünür ki, sayğaca baxış keçirilən zaman sayğacın klapanının işlək olmaması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafının zədəli olması, qazın keçməsi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, sayğacın yaddaş arxivinin oxunması, sayğacda xx.xx.2018-cı ildə ALARM1 rejimi aşkar olunması, sayğacın istismara yararsız olması kimi nöqsanlar aşkar edilmişdir. Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi aktın surətindən görünür ki, dövlət yoxlamasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına Metrologiya Departmenti tərəfindən baxış keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs İddiaçı Sumqayıt şəhəri, 21-ci mikrorayon, 1C (yeni qaydalarda: AZ 5009, ünvan 4 ünvanında yeruləşən fərdi yaşayış evi növündə daşınmaz əmlakı xüsusi mülkiyyət hüququ əsasında tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə rəsmiləşdirmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün xx.xx.2022-ci il tarixdə qaz sayğacı quraşdırılmışdır, ünvan üzrə “sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir” əsası ilə 29 mart 2023cü il tarixli ******* saylı akt tərtib olunmuş, nəticədə abonentin **********00013 saylı abonent hesabına 3110 manat borc yazılmışdır, hazırda həmin məbləğ iddiaçıdan tələb edilir. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına, habelə iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli Qanununa əsasən, 13-cü maddə üzrə 8-1-ci hissə əlavə edilmişdir, həmin qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının **********00013 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 mart 2023-cü il tarixli ******* saylı akta əsasən qaz sərfiyyatına görə hesablanmış 3110 manat borc silinməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək olması nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi yəni, 51.1 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00013 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 mart 2023-cü il tarixli ******* saylı akta əsasən əsassız hesablanmış 3110 (üç min yüz on) manat borc silinsin. Cavabdehndən 51.1 (əlli bir manat on qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6298/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6298/2023
27.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver