Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6309/2025 09.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış 493 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən **********10100 abonent kodunda yaranmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mənzildə 2021-ci ildən ailəsi ilə birlikdə yaşayır, ona aid mənzildə **********10100 nömrəli **********3 saylı SMART G-4 İTRON GALLUS PAY tipli qaz sayğacı quraşdırılmışdır. Yaşadıqları unvanda qaz borcunun yığılması səbəbi onlardan əvvəl yaşamış istehlakçı X1 qaz borcunun ödənilməməsi göstərilmişdir. Lakin buna baxmayaraq onlar hər ay qaz pulunu kart vasitəsiylə ödəmiş və qaza baxan nəzarətçidə hər dəfə gəlib baxıb nəzarət edirdi ki, kimin borcu var ya-yox. Təbiki onların qaza heçvaxt borcları olmamışdır. Ona görə ki, hər il gəlib bununla bağlı sayğacın düzgün işləyib işləməməsini yoxlamışdırlar və nəticədə onlara müayinə aktı vermişdirlər ki, sayğacda hər-hansı problem yoxdur. Bəs onda necə olur ki, Azəri qazın əməkdaşları gəlib sayğacı dəyişdirirlər və onlarada bir söz demillər ki, “sizin bu qədər borcunuz var eyni zamanda da, qaza baxan nəzarətçidə həmişə sayğacın işləyib işləmədiyin yoxlayıb, yoxlayıbsa birdən-birə 1818 manat 44 qəpik borc hardan yarandı?” və yaxud əgər bu borc ondan əvvəlki ev sahibinin borcu idisə niyə 2021-ci ildə borcu Zeynəb Nəzirovaya ödətdirməmişdirlər və borcu bu günkü gündə ona yazmışdırlar, bu necə ola bilər o, yaşlı və xəstə adamdır, necə bu borcu ödəyəcək və niyə ödəməlidir? Onların qazını heç bir xəbərdarlıq etmədən kəsib və onları qazsız qoyandan sonra məcburiyyət şəklində qalıb və onları borcla hədələyərək onu asan xidmət mərkəzinə çağırıb imza atdırıblar, onun hüquqi savadsızlığından istifadə edib ona imza atdırmışlar, halbuki bu qanunsuz və əsassız qaz borcunun onunla heç bir əlaqəsi yoxdur. Birdə onlara deyirlər ki, bu debitor borcdur, axı bu borc necə və haradan yaranmasını soruşur, ona heçbir məlumat vermirlər, sadəcə deyirlər ki, abonent kodunda göstərilən borcdur, nə bir akt verirlər, nədə izah edirlər, deyirlər ki, məhkəməyə versn və bütün sənədləri məhkəməyə təqdim edəcəklər. Onların sayğacında bu günə qədər hər-hansı problem olmamışdır. Bunu onların müayinə aktıda təsdiq edir, əgər olmayıbsa birdən-birə bu borc hardan yaranıb soruşanda ona cavab vermirlər. Hazırda o və həyat yoldaşı mütəmadi olaraq səhhəti ilə əlaqədar müalicələr alırlar, rəsmi iş yerləri yoxdur. Yaranmış mövcud vəziyyətlə bağlı yığılmış qaz borcunun silinməsinə dair qaz idarəsinə müraciət etmişdirlər. Lakin idarədən əməkdaşlar yaranmış qaz borcunu yalnız məhkəmə yolu ilə silinməsini bildirmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh nümayəndəsi İlkin Mirzəyev etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək,iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanı üzrə quraşdırılmış, iddiaçı X3 istifadəsində olan, "Azəriqaz” İB -nin Sumqayıt RQİİ də X2 adına qeydiyyatda alınmış SMART G-4 İTRON Gallus Pay markalı təbii qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edib borcunu ödəmədiyi üçün qeyd olunan borc məbləği yaranmışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçı Pəsənd Abışovanın əsassız hesab edərək silinməsi tələbi ilə məhkəməyə müraciət etdiyi 1818,44 manat borc məbləği itirilmiş qaz sərfinə görə hesablanmış məbləğ deyil, abonentin istehlak etdiyi təbii qaz sərfinə görə müəyyən edilmiş məbləğdir və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tam həcmdə ödənilməlidir.Həmçinin iddiaçı Pəsənd Abışova öz iddia ərizəsində qeyd etmişdir ki, hesablanmış və ödənilməsi tələb olunan 1818,44 manat borc məbləği ondan öncə həmin ünvanda yaşamış şəxsə aiddir. Lakin abonentin saldosuna (debitor borcun olubolmamasını təsdiq edən sənəd ) nəzər yetirdikdə aydın olur ki, iddiaçı X4 tərəfindən ümumilikdə 2023 - cü il ərzində 35,00 manat, 2024-cü il ərzində 35,00 manat, 2025-ci il ərzində isə cəmi 30,00 manat ödəniş edilmişdir. Ünvan üzrə quraşdırılmış SMART G-4 İTRON Gallus Pay markalı, öncədən ödənişli təbii qaz sayğacı olduğunu nəzərə alaraq iddiaçının 3 ilə yaxın bir müddət ərzində cəmi 100,00 manat dəyərində təbii qaz istehlak etməsi həqiqətə uyğun deyildir. Qeyd olunan ödəniş məbləğləri illər üzrə faktiki qaz sərfiyyatını əhatə etməyə kifayət etmədiyindən və real məişət istehlakı ilə heç bir şəkildə uzlaşmadığından bu vəziyyət abonentin qaz sərfiyyatından ödəniş etmədən faydalandığını, yəni bilə-bilə və qeyri-qanuni yolla ödənişdən yayınaraq qazdan istifadə etdiyini açıq şəkildə göstərir. Sayğacın mənfiyə işləməsi və ödənişlərlə real istehlak arasındakı ciddi uyğunsuzluq abonentin iradəsindən asılı olan ödənişdən yayınma faktını hüquqi baxımdan sübut edir.Həmçinin iddiaçı ilə 27 avqust 2025-ci il tarixdə Sumqayıt şəhəri 1 saylı "Asan Xidmət"də "İstehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə" Razılaşma Protokolu imzalanmışdır. Həmin protokol əsasında sayğacın mexaniki göstərcisində qeydə alınmış 18259 m³ qaz sərfindən abonent tərəfindən sayğaca yüklənmiş ümumi qaz sərfi 5955 m³ sərfiyyat çıxılaraq iddiaçı tərəfindən istehlak olunmuş lakin dəyəri ödənilməmiş 12304 m³ olunan protokol iddiaçı Abışova Pəsənd tərəfindən imzalanaraq debitor borcun mövcudluğu qəbul edilmişdir. Eləcə də iş materiallarına əlavə edilmiş fotoşəkildə ünvan üzrə quraşdırılan qaz sayğacının göstəricisində 18259 m³ qaz sərfiyyatının mövcudluğu aydın şəkildə görünür. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, 28 avqustdan bu günə qədər yeni qoyulmuş sayğacda ödədiyi pulların qəbzlərini gətirmişdir. 5 ayın məbləğini nəzərə alıb 5 ilə vurun.Əgər həmin məbləğ olsa, ikiqatını ödəməyə razıdır.Yaşlı qadındır, bilməyib və qaz kəsilmişdir. 28 avqustdan 7 dekabra qədər 20 manat qaz sayğacına pul vurmuşdur. 07 dekabrdan 25 dekabra qədər 8 gün 8 manat qaz sayğacının sərfiyyatına pul getmişdir. Borcdan xəbəri olmamışdır.Razılaşma protokolunu, bilmədən imzalamışdır.Ona görə də tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki,iddiaçı qeyd edir ki, 18-20 manat ödənişlər etmişdir. 2023-cü il ərzində 35 manat, 2024-cü il ərzində 35 manat, 2025-ci il ərzində 30 manat qaza pul vurulmuşdur.Real istehlak həcimə uyğun deyil.1848 manat akt üzrə olmamışdır. İstifadə etdikləri məbləğə, yəni sayğacın üzərində olan məbləğdir.Analoji iş üzrə qətnaməni də məhkəməyə təqdim etmişdir.İddiaçı qeyd edir ki, razılaşma protokolu savadsızlıqdan imza edilmişdir.Bu iddia əsassızdır.Abonentin o vaxta kimi qaz təminatı dayandırılmadığına görə qazdan ödəniş etmədən istfadə etmiş və heç bir problem yaranmamışdır.Növbəti yoxlama zamanı sistemdə mənfiyə getmə halı aşkar olunduğundan bloka düşüb və artıq təbii qazdan istifadə edə bilməmişdir.Bundan sonra ASAN Kommunala yaxınlaşdıqda məlum olmuşdur ki, borcu var və sistem mənfiyə doğru gedir.Abonent iddiaçıdan əvvəl Zeynəb Nəsirova olmuşdur.Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2025-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan müəyyən olunur ki, ünvan 3 ünvanında istehlakçı X2 adına qeydə alınan İtron tipli qaz sayğacı çıxarılmış 1702AZ**********00 nömrəli mexaniki qaz sayğacı quraşdırılmışdır. Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli, ******* nömrəli müayinənin nəticəsinə dair aktdan müəyyən olunur ki, ünvan 3 ünvanında müayinə zamanı vanna otağında qazın olmaması, mətbəxdə asperatorun işlək olması və nəfəsliyin olduğu aşkar olunmuşdur. xx.xx.2025-ci il tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırma protokolundan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixinə təbii qaza görə istehlakçının debitor borcu 1818.44 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, H.Əliyev prospekti, 206A, M3, m4 tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 343 nömrəli reyestr kitabının 95 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli Qanununa əsasən, 13-cü maddə üzrə 8-1-ci hissə əlavə edilmişdir, həmin qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan evdə istifadə edilən qaz sayğacının mənfiyə işləməsi müəyyən edildikdən sonra cavabdehin əməkdaşları tərəfindən sayğac yenisi ilə əvəz edilmiş, dəyişdirilən qaz sayğacının mexaniki göstəricisində öz əksini tapan qaz sərfiyyatına əsasən cavabdeh təşkilat tərəfindən iddiaçıdan 1818.44 manat borc tələb edilmiş, iddiaçı razılaşma protolokuna əsasən həmin borcun olduğunu qəbul etmişdir. İddiaçı mülkiyyətində olan evdə qaz sərfiyyatına görə ona qanunsuz borc hesablanmasını bildirsə də, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçı mülkiyyətində olan mənzildə daimi yaşayış olmuş, cavabdehdən ödənilməsi tələb olunan 1818.44 manat borc isə onun istifadəsində olmuş qaz sayğacı tərəfindən qeydiyyatı aparılan faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi qazın dəyəridir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbində istinad edilən hallar öz təsdiqini tapmadığından, istifadə etdiyi qaz sərfiyyatın dəyərini ödəmək istehlakçının vəzifəsi olduğundan iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış borcun silinməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6309/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6309/2025
09.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver