Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6319/2022 26.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının yetkinlik yaşına çatmayan övladları ilə birlikdə 3000 manat kompensasiya verilməsi və Abşeron rayonu Yeni yaşayış kompleksi 3 otaqlı evi də onlara təhvil verilməsi yolu ilə Sumqayıt şəhəri, 11-ci mkr, ev 31-də yerləşən 22 saylı mənzildən istifadə hüququna xitam verilməsi və həmin evdən çıxarılmaları barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSRİ Sumqayıt Şəhər Xalq Deputatları Soveti icraiyyə Komitəsi Sumqayıt şəhəri, 11-ci mkr, ev 31-də yerləşən 22 nömrəli mənzil MH seriyalı, ******* nömrəli çıxarışla tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Müxtəlif zərərli iş şəraitlərində işləməklə övladlarını böyütmüş, evləndirmiş, hal-hazırda da onların yaşamaqları üçün hər birinə şərait yaratmışdır. Cavabdeh şəxs kimi qeyd etdiyi oğlu ilə, gəlini ilə və onların övladlar ilə bir evdə yaşayırlar və cavabdeh evi satıb ona evin dəyərinin yarıdan çoxunu ona ödəməyini tələb edir ki, gedib özünə ev alsın. Hansı ki, hazırda iddiaçının sağlığı əvvəlki kimi deyil ki, yenidən hər cür işdə işləyib özünə ev ala bilsin. Ailəsi ilə ayrı yaşamaq istəyir deyə ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya verilmiş Abşeron rayonu Yeni yaşayış kompleksi 3 otaqlı evi də ona verir ki, gedib yaşasın, lakin cavabdehlər razılaşmır, çalışır ki, evi satıb pulunu da ona versinlər ki, gedib özünə ev alsın. Aradakı mübahisənin həll edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 19 oktyabr 2022-ci il tarixində ərizə ilə Sumqayıt Şəhər Məhkəməmsinə müraciət edərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, cavabdehlər buna etiraz edərək mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçı izahat verərək bildirdi ki, hazırda kredit ödəyir, maddi cəhətdən vəziyyəti yaxşı deyil. Buna görə də belə qərara gəlmişdir ki, 10 ay cavabdehlə birlikdə yaşasın, krediti ödəyib bitirdikdən sonra özlərinə 1 otaqlı ev alaraq mübahisəli mənzildən köçsün. Bundan sonra cavabdehlər ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildə yaşayarlar. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya verilən Abşeron rayonu, Yeni Yaşayış kompleksində yerləşən 57 nömrəli binanın 3 otaqlı 20 saylı mənzilində əvvəldən yaşamaq istəməmişlər, hazırda da yaşamaq istəmirlər. Təklif edilən kompensasiya isə çox azdır, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi, Cavabdeh1 dediklərini təsdiq edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, iddiaçı onun atası, Cavabdeh1 isə qardaşıdır. 89- aydır ki, ailəsi ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya verilən Abşeron rayonu, Yeni Yaşayış kompleksində yerləşən 57 nömrəli binanın 3 otaqlı 20 saylı mənzilində yaşayır və hazırda iddiaçı ilə cavabdehlər arasında olan mövcud mübahisəyə qarışmır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən Abşeron rayonu, Yeni Yaşayış kompleksində yerləşən 3 otaqlı, 57 nömrəli binanın 20 saylı mənzili İddiaçı təhvil verilmişdir. Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş MH seriyaslı ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayonda istifadədə olan 0,1 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 68,01 kv.m ümumi, 47.31 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 22 nömrəli mənzil mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 171 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş **********6 saylı 12 dekabr 2022-ci il tarixli məlumatdan görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu Mənzil Məcəlləsi qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara həmin Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmədiyindən Nazirlik tərəfindən imtiyazlı şəxslərə verilmiş mənzillərə dair mülkiyyət hüququ verən sənədin onların adına rəsmiləşdirilməsi mümkün deyildir. Əlavə olaraq qeyd edilmişdir ki, gözdən əlilliyi müəyyən edilmiş İddiaçı mənzillə təmin edilərkən övladı-Cavabdeh1 və gəlini-Cavabdeh2 da ailə üzvü kimi nəzərə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 11-ci mikrorayonda istifadədə olan 0,1 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 68,01 kv.m ümumi, 47.31 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 22 nömrəli mənzil mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 171 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı həmin mənzildə cavabdehlər və onların azyaşlı uşaqları ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonu, Yeni Yaşayış kompleksində yerləşən 3 otaqlı, 57 nömrəli binanın 20 saylı mənzili İddiaçı imtiyazlı şərtlərlə verilmişdir. Hazırda iddiaçı həmin imtiyazlı mənzilin cavabdehlərə verilməsi və əlavə olaraq 3 min manat kompensasiya ödənilməsi ilə ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında məlum olmuşdur ki, Abşeron rayonu, Yeni Yaşayış kompleksində yerləşən 3 otaqlı, 57 nömrəli binanın 20 saylı mənzilində hazırda cavabdehin qardaşı ailəsi ilə birlikdə qalır. Həmin nənzilə iddiaçının yalnız istifadı hüququ vardır, buna görə də iddiaçı həmin məzili kopmensasiya qismində təklif edə bilməz. İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etsə də, cavabdehlər iddiaçı ilə birlikdə yaşamağın mümkünsüz olduğunu bildirərək mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Mülki qanunvericilik mülkiyyət hüququ ilə yanaşı əmlakdan qanuni əsaslarla istifadə edən şəxsin də hüquqları qanunvericiliklə tanınır və həm əmlakın mülkiyyətçisindən, həm də üçüncü şəxslərin müdaxiləsindən qorunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinin məzmununa görə, girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar əmlak hüquqları hesab edilir. Həmin Məcəllənin 158.4.-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə, hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddianın qanuni əsasını, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi tətbiq edilərək hüquqi qiymət verilməlidir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir.Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə verilmiş sorğunun cavabından göründüyü kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu Mənzil Məcəlləsi qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara həmin Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmədiyindən Nazirlik tərəfindən imtiyazlı şəxslərə verilmiş mənzillərə dair mülkiyyət hüququ verən sənədin onların adına rəsmiləşdirilməsi mümkün deyildir. Əlavə olaraq qeyd edilmişdir ki, gözdən əlilliyi müəyyən edilmiş İddiaçı mənzillə təmin edilərkən övladı-Cavabdeh1 və gəlini-Cavabdeh2 da ailə üzvü kimi nəzərə alınmışdır. Beləliklə, iddiaçıya verilən imtiyazlı mənzil ona istifadə üçün verilmiş, həmin mənzil üzərində sərəncam vermək hüququ yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğun deyildir. Belə ki, evin orta bazar qiyməti, həmin ərazidə və şəraitdə olan evlərin aylıq kirayə haqqı baxımından kompensasiya məbləği ağlabatan deyildir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə 3000 manat kompensasiya verilməsi və Abşeron rayonu Yeni yaşayış kompleksi 3 otaqlı evi də onlara təhvil verilməsi yolu ilə Sumqayıt şəhəri, 11-ci mkr, ev 31-də yerləşən 22 saylı mənzildən istifadə hüququna xitam verilməsi və həmin evdən çıxarılmaları barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-6319/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6319/2022
26.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver